2 İYUN 2025
DÜNYADAN XƏBƏRLƏR
2025-ci ilin may ayında «Yeni Dünya Tərcüməsi»nin tam versiyası daha iki dildə işıq üzü gördü
Kissi dili
2025-ci il 25 may tarixində Liberiya filial komitəsinin üzvü Vinston Bestmen «Yeni Dünya Tərcüməsi»nin Kissi dilində işıq üzü gördüyünü elan etdi. Qekeduda (Qvineya) keçirilən görüşdə canlı şəkildə 1029 nəfər iştirak etdi. Foya (Liberiya) və Koyindudan (Syerra-Leone) olan 2467 nəfər isə görüşü videokonfrans vasitəsilə izlədi. Görüşdə canlı iştirak edənlərə Müqəddəs Kitabın nüsxələri paylanıldı. Elandan dərhal sonra kitab jw.org saytında və «JW Library» tətbiqində yerləşdirildi. Həmçinin elan olundu ki, kissi dilində «Yeni Dünya Tərcüməsi»nin audioyazısı tezliklə hazır olacaq.
Qvineya, Liberiya və Syerra-Leone sərhəddindəki Kissilənd kimi tanınan ərazidə yaşayan bir milyona yaxın insan kissi dilində danışır. Hal-hazırda filialın ərazisində yerləşən 29 kissidilli yığıncaqda və bir qrupda 1200-dən çox dindaşımız xidmət edir. Bu kissidilli bacı və qardaşlar Allahın məxsusi adının — Yehova adının yer aldığı aydın və dəqiq tərcüməyə görə çox sevinirlər.
Picin (Solomon Adaları)
25 may 2025-ci il tarixində Rəhbərlik Şurasının üzvü Cefri Vinder «Yeni Dünya Tərcüməsi»nin picin (Solomon Adaları) dilində işıq üzü gördüyünü elan etdi. Elan Solomon Adalarının paytaxtı olan Honiara şəhərində keçirilən xüsusi toplantıda səsləndi. 2317 nəfər görüşdə canlı şəkildə iştirak etdi. Malaita adasının 2 ucqar ərazisindən 1695 nəfər isə görüşü videokonfrans vasitəsilə izlədi. Görüşdə canlı iştirak edənlərə Müqəddəs Kitab nüsxələri paylanıldı. Elandan dərhal sonra kitab jw.org saytında və «JW Library» tətbiqində yerləşdirildi.
Solomon Adalarında müjdə ilk dəfə 1953-cü ildə təbliğ olunub. Bu gün adada təxminən 757 000 nəfər yaşayır və onlar 70-dən çox müxtəlif yerli dillərdə danışır. Ölkənin əsas dili ingilis dili olsa da, Solomon Adalarında geniş yayılmış dil picin dilidir. Hal-hazırda adada 38 picindilli yığıncaqda təxminən 2100 bacı və qardaşımız xidmət edir.

