15 OKTYABR 2024
BRAZİLİYA
Braziliyanın Federal Ali Məhkəməsi pasiyentlərin tibbi müalicə seçmək hüququnu müdafiə edir
Məhkəmə yekdilliklə iki iş üzrə Yehovanın Şahidlərinin lehinə qərar verib
25 sentyabr 2024-cü il tarixində Braziliyanın Federal Ali Məhkəməsi həddi-büluğa çatmış pasiyentlərin qanköçürmədən imtina etmək və qanköçürməsiz müalicə metodu seçmək hüququnu müdafiə edərək vacib bir qərar qəbul edib. Məhkəmə həmçinin qərar çıxarıb ki, Səhiyyə Nazirliyi şəxsi və ya dini səbəbdən qanköçürmədən imtina edən pasiyentləri lazımi müalicə ilə təmin etsin.
Bu qərar Braziliyadakı iki Yehovanın Şahidinin məhkəmə işi ilə bağlıdır. 2018-ci ildə Malvina Silva bacı ürək əməliyyatı keçirməli idi. O, əməliyyat zamanı həkimlərin qandan istifadəsinə icazə verən sənədi imzalamadığı üçün xəstəxana əməliyyatı ləğv etdi. Malvina bacının dini əqidəsinə zidd getməyən şəkildə əməliyyat olunması düz iki il çəkdi.
2014-cü ildə Eli de Souza qardaşın əməliyyatı planlaşdırılmışdı. Lakin yerli xəstəxanada qanköçürməsiz əməliyyat keçirmək üçün şərait yox idi. Başqa bir xəstəxana Eli qardaşın dini əqidəsinə zidd getməyən şəkildə əməliyyat keçirməyə razı idi. Amma səhiyyə orqanları qardaşın həmin xəstəxanada əməliyyat olunmaqla bağlı istəyini təmin etmədi. Qardaş hələ də əməliyyat olunmağı gözləyir. Braziliyadakı bir çox Yehovanın Şahidi buna bənzər vəziyyətlərlə üzləşib, hətta öz istəyi olmadan qanköçürməyə məruz qalanlar da olub.
Malvina Silva bacı və Eli de Souza qardaş
Qərarını açıqlayaraq məhkəmənin sədri hakim Luis Robertu Barroso deyib: «Dini əqidəyə görə qanköçürmədən imtina etmək hüququ insan ləyaqətinin və dini azadlığın konstitusiya prinsiplərinə əsaslanır. Buna görə də [Yehovanın Şahidləri] həyat və sağlamlıq hüquqlarına dair alternativ prosedurlardan keçmək [və] qanköçürmə ilə bağlı tibbi prosedurlardan imtina etmək hüququna malikdirlər».
Bu son qərar Braziliyadakı bütün məhkəmələrdən pasiyentlərin tibbi müalicə seçmək hüququna hörmət etməsini tələb edir. Qərar Avstraliya, Kanada, Yaponiya, Cənubi Afrika, Birləşmiş Ştatlar da daxil olmaqla, digər ölkələrdəki Ali Məhkəmələrin qərarlarına uyğundur. Həmçinin Avropa İnsan Hüquqları Məhkəməsinin Böyük Palatasının 17 sentyabr 2024-cü ildə çıxardığı qərara uyğundur. Bu qərar Avropanın 46 ölkəsinin üzərinə pasiyentlərin tibbi müalicə seçmək hüququna hörmət etmək öhdəliyi qoyub.
Federal Ali Məhkəmənin 25 sentyabr 2024-cü il tarixində keçirdiyi məhkəmə iclası
Biz çox sevinirik ki, Braziliyadakı Federal Ali Məhkəmə vətəndaşların etiqadlarına və tibbi müalicə seçmək hüquqlarına hörmətlə yanaşmağa çağıran qərar çıxarıb.

