Kontentə keç

Yehovanın Şahidi olan Li Yo Van hərbi xidmətdən imtina etdiyi üçün 18 aydır Daequ Həbs Mərkəzində nəzarət altındadır. O, 100-dən çox məhbusla birlikdə əqidəsinə görə hərbi xidmətdən imtina edənlərə dair 30 avqust tarixli Ali Məhkəmə qərarının dinləməsini gözləyir

24 AVQUST 2018
CƏNUBİ KOREYA

Ali Məhkəmə dinləməsi yaxınlaşdıqca əqidəsinə görə hərbi xidmətdən imtina edən qardaşımızın ümidi artır

Ali Məhkəmə dinləməsi yaxınlaşdıqca əqidəsinə görə hərbi xidmətdən imtina edən qardaşımızın ümidi artır

SEUL (Cənubi Koreya). 2017-ci ilin yanvar ayında 21 yaşlı Li Yo Van Cənubi Koreya hakiminin qarşısında dayandı. O, deyəcəklərini çox yaxşı hazırlamışdı və bəraət alacağına ümid edirdi. Li Yo Vanın hərbi xidmətdən imtina etməsinin səbəbi dövlət qanunlarına qarşı çıxmaq yox, sadəcə əqidəsinin zorakı insan olmağa yol verməməsidir. O, qarşısına məqsəd qoymuşdu ki, hakimi buna əmin etsin.

Yehovanın Şahidi olan Li Yo Vanın ümid bəsləməyə əsaslı səbəbi yox idi. Çünki onun məhkəməsi gedən vaxt əqidəsinə görə hərbi xidmətdən imtina edən 392 Yehovanın Şahidi ümumilikdə 588 il həbsxanada yatırdı. 1950-ci ildən bəri Li Yo Van qardaşın 19 340-dan çox dindaşı ümumilikdə təxminən 36 800 il həbsdə yatıb, çünki Koreya hökuməti vətəndaşın dini əqidəsinin hərbi xidmətdən imtina etməyə bir əsas olmadığını düşünür.

Bununla belə, 2004-cü ildən bəri bəzi hakimlər əqidəsinə görə hərbi xidmətdən imtina edənləri avtomatik həbs etməyin ədalətsiz olduğunu düşündükləri üçün 90 nəfərin təqsirsiz olduğunu elan ediblər. Məsələn, Busan Apellyasiya Məhkəməsinin baş hakimi Çoi Yonq-du elan etmişdi ki, vətəndaşın hərbi xidmətdən imtina etmə qərarı “onun dini əqidəsinin formalaşdırdığı sağlam və həqiqi vicdana əsaslanır”.

2018-ci ilin iyun ayında nəhayət Cənubi Koreyanın Konstitusiya Məhkəməsi qərar verdi ki, əqidəsinə görə hərbi xidmətdən imtina edənləri alternativ xidmət imkanları ilə təmin etmək üçün Hərbi Xidmət Aktı yenidən yazılsın *. Heyif ki, bu tarixi qərar Li Yo Van qardaşın məhkəmə işi bitəndən sonra verilib. Li qardaş deyir ki, «məhkəmə işimi apellyasiya etmək üçün əlimdən gələn hər şeyi etsəm də, hal-hazırda Deaqu həbsxanasındayam». O, artıq 18 aydır həbsdə yatır.

Li Yo Van qardaş Koreyada hərbi xidmətdən imtina etdiyi üçün həbsxanaya salınan çoxlu Yehovanın Şahidlərindən yalnız biridir. Bu həbsetmə siyasəti Yaponların Koreyanın üzərində hakimlik etdiyi gündən bəri başlayıb. Yaponiyada 1939-cu ildə müharibəyə getməkdən imtina edən iki Yehovanın Şahidi həbsxanaya salınanda hökumət nümayəndələri Yaponiyada, Tayvanda və Koreyada (o vaxtlar Çosun kimi tanınırdı) başqa Yehovanın Şahidlərini də həbs etməyə başladılar. Həmin vaxt Koreyada həbs edilən 38 Yehovanın Şahidi Yaponiyanın imperatoruna pərəstiş etməkdən və müharibəni dəstəkləməkdən imtina etmişdi. Bu məhbusların beşi həbsxanadakı pis şərait ucbatından həlak olmuş, əksəriyyəti isə yalnız 1945-ci ildə II Dünya müharibəsində Yaponiya məğlub edildikdən sonra azadlığa çıxmışdı.

Əqidəsinə görə həbsxanaya düşən 19 340 Yehovanın Şahidindən bəziləri

Yehovanın Şahidləri bir əsrdən çoxdur ki, hərbi xidmətdən imtina edir. Onlar Müqəddəs Kitab ayələrinə və ilk məsihilərin nümunəsinə dayanaraq inanırlar ki, həqiqi məsihilər müharibədən çəkinməlidirlər, çünki onların insan həyatını almaq ixtiyarı yoxdur. Bundan əlavə, Yehovanın Şahidləri özlərini Allahın Padşahlığının vətəndaşı hesab etdikləri üçün siyasi bitərəfliklərini qorumalıdırlar.

Yehovanın Şahidləri (o vaxtlar Beynəlxalq Müqəddəs Kitab Tədqiqatçıları kimi tanınırdı) qeyri-zorakı dəyərlərinə görə ilk dəfə ciddi problemlə I Dünya müharibəsi zamanı üzləşmişdi. Britaniyada təxminən 400 Yehovanın Şahidinin dövlət tərəfindən hərbi xidmətə çağırılmasına baxmayaraq, onlar bundan imtina etmişdilər. II Dünya müharibəsi zamanı Birləşmiş Ştatlarda həbsxanada yatan məhbusların çoxu müharibəyə getməkdən imtina edən Yehovanın Şahidləri idi. Onların sayı təxminən 4440 nəfər idi.

Yehovanın Şahidlərinin bitərəf qalmaq üçün qətiyyətli olduqlarını göstərən bir çox nümunələr var. Bəlkə də bu nümunələrin ən pisi onların Nasist rejimi altında çoxlu əzab-əziyyətə dözmələri idi. Nasistlər təxminən 400 Yehovanın Şahidini edam etmişdilər, onların əksəriyyəti əqidəsinə görə hərbi xidmətdən imtina edənlər idi. 1000-dən çox Yehovanın Şahidi salındıqları həbsxanalarda və düşərgələrdə amansız rəftara və işgəncəyə məruz qaldıqları ucbatından həyatlarını itirmişdilər. Tarixşünas Robert Qervartın sözlərinə əsasən, onlar «Üçüncü Reyxdə yeganə qrup idi ki, yalnız dini inanclarına görə təqib olunurdu».

Başqa ölkələrdə də əqidəsinə görə hərbi xidmətdən imtina edən Yehovanın Şahidlərinə zülm verilməsinə baxmayaraq, Koreyada onlara daha ağır cəzalar verilirdi. Li Yo Van səkkiz yaşı olanda atasını qəzada itirmişdi. Anası onu Müqəddəs Kitaba və vicdanına əsasən davranmağın vacibliyini öyrədərək böyüdüb. Li qardaş deyir: «Allahımız Yehovanın bizi hansı niyyətlə yaratdığını başa düşəndə Ona məhəbbətim daha da artdı. Həmin andan etibarən bütün ömrüm boyu Yehovaya xidmət etməyə daha qətiyyətli oldum və bu, mənim prioritetimə çevrildi».

Həbsxanaya gedəcəyini təxmin etdiyi üçün Li qardaş tikinti işində bir sənətə yiyələnmişdi. O, həbsdən azad edildikdən sonra fərdi tikinti işçisi olmağı planlaşdırır, çünki bilir ki, həbsdə yatması ucbatından iş tapmaq ona çox çətin olacaq.

Li Yo Van məhkəmə gününü xatırlayaraq deyir: «Çox istəyirdim ki, təqsirsiz elan edilim. Çünki qərarım imanıma və vicdanıma əsaslanırdı». O, məhkəmədə imanını qətiyyətlə müdafiə edən ilk məsihi şagirdlər olan Stefan və Bulus haqda çox düşünmüşdü. Qardaş etiraf edir: «Düşünürəm ki, hazırlaşdığımdan iki dəfə çox danışdım».

30 avqust 2018-ci il tarixində Cənubi Koreyanın Ali Məhkəməsi Konstitusiya Məhkəməsinin göstərişinə əməl edərək, əqidəsinə görə hərbi xidmətdən imtina edənlərə dair qərar çıxarmaq üçün ictimai dinləmə keçirəcək. Bu məhkəmənin qərarı hal-hazırda müxtəlif məhkəmələrdə gedən 900 məhkəmə işinə böyük təsir göstərəcək. Üstəlik, Li Yo Van da daxil olmaqla, 117 nəfər əqidə məhbusu Cənubi Koreyanın prezidenti tərəfindən əfv almaq üçün edilən xahişin nəticəsini gözləyir. Li qardaş 30 avqust tarixində Daequ Həbs Mərkəzində olmasına baxmayaraq, böyük maraqla Ali Məhkəmə dinləməsini izləyəcək.

Həbsxanaya salınmasına və apellyasiya şikayətinin rədd edilməsinə baxmayaraq, Li qardaş dinləmənin dindaşları üçün müsbət nəticələnəciyinə ümid edir. O deyir: «Həbsə düşməyimin səbəbi insanları, ən vacibi Allahı və Onun prinsiplərini sevməyimdir. Ümid edirəm ki, bundan sonra bu səbəbdən həbsə düşənlər olmayacaq».

Əlaqə üçün:

Beynəlxalq məlumat xidməti: Pol Qillis, İctimai əlaqələr şöbəsi, tel.: +1 845 524 3000

Cənubi Koreya: Honq De İl, tel.: +82 31 690 0055