Kontentə keç

26 DEKABR 2019
VENESUELA

Venesuelanın ucqar ərazilərində xüsusi təbliğ kampaniyası

Venesuelanın ucqar ərazilərində xüsusi təbliğ kampaniyası

Yehovanın Şahidləri Venesuelanın şimal-qərbində yerləşən Quaxira yarımadasındakı kənd ərazilərində xoş xəbəri təbliğ etmək üçün əllərindən gələni əsirgəmirlər. 2019-cu il iyulun 15-də start verilmiş bu kampaniya dekabrın 31-i başa çatacaq. Kampaniyaya təxminən 640 təbliğçi qatılıb. Onlar ümumilikdə 32 000-dən çox saat təbliğ edib və 2000-ə yaxın insanla Müqəddəs Kitab dərsi başlayıb.

Kampaniyanın keçirildiyi ərazi geniş, gediş-gəliş çətin, yerli təbliğçilərin sayı isə çox azdır. Buna görə sakinlərin çoxu Yehovanın Şahidləri ilə heç vaxt söhbət etməyib və Allahın adını eşitməyib. Bacı-qardaşlar kampaniyada iştirak etmək üçün çoxlu qurbanlar verməli olub. Venesuelada iqtisadi böhran davam edir, ölkədə işsizlik, bahaçılıq hökm sürür. Kampaniyada iştirak etmək üçün kimisi aylarla pul yığıb, kimisi də bəzi əşyalarını satmalı olub.

Kampaniya ispan və vayunaiki dillərində keçirilib. Hindi xalqı olan vayu xalqı ucqar kənd ərazilərində yaşayır. Vayunaiki dilində danışan təbliğçilərin sayı çox azdır. Qardaşlar kampaniyaya qatılan təbliğçiləri hazırlamaq üçün onları vayunaiki dilində Müqəddəs Kitaba əsaslanan nəşrlər, təlim videoları və bu xalqın mədəniyyətindən bəhs edən broşürlarla təmin edib.

Xoş xəbəri doğma dilində eşitdiyinə sevinən bir qadın təbliğçiləri qohum və dostlarının yaşadığı bir kəndə aparmağı təklif etdi. Bir qrup təbliğçi gecə saat 3:30-da durub yola hazırlıq görməyə başladı. Onlar səhər tezdən qadınla onun evinin qabağında görüşüb təxminən bir saat həmin kəndə piyada yol getdilər.

Kəndə çatanda qadın hündürdən camaatı səslədi: «Çölə çıxın! Sizə Allahı gətirmişəm!» Kəndlilər əllərində oturacaq evlərindən çıxıb xəbəri dinləmək üçün əyləşəndə təbliğçiləri təəccüb bürüdü. Onlar dedilər ki, ilk dəfədir kimsə onlara Allah haqqında danışmaq üçün gəlib. Minnətdar sakinlər 17 təbliğçi üçün səhər yeməyi hazırladılar.

Onlara bələdçilik edən qadın insanların bu cür münasibətini görüb qardaşları başqa üç kəndə aparmağı təklif etdi. Hər kənddə o, sakinləri səsləyərək xoş xəbəri dinləməyə dəvət edirdi. Günün sonunda təbliğçilər qadına və təbliğ etdikləri insanlara göz yaşları içində vayunaiki dilində həmd nəğməsi oxumaqla onlarla sağollaşdılar.

Yehova istəyir ki, Müqəddəs Kitabdakı xoş xəbəri hər kəs eşitsin. Venesuelada keçirilmiş bu kimi xüsusi kampaniyalar sübut edir ki, Yehova bütün dünyada ucqar ərazilərdə gedən təbliğ işini xeyir-dualandırır (Romalılara 10:14, 15).