Kontentə keç

Təxminən 60 dindaşımızın yerləşdirildiyi ibadət evində baş tutmuş anma mərasimi (Lvov şəhəri)

29 APREL 2022
UKRAYNA

Müharibənin tüğyan etdiyi Ukraynada qardaşlıq məhəbbətinin təzahürü | YENİLƏNİB (7)

Anma mərasimində 210 000-dən çox adam iştirak edib

Müharibənin tüğyan etdiyi Ukraynada qardaşlıq məhəbbətinin təzahürü | YENİLƏNİB (7)

Sevinclə xəbər veririk ki, Ukraynadakı bacı-qardaşlar Yehovanın köməyi ilə İsa Məsihin ölümünü anma mərasimini bütün ölkə ərazisində keçirə bildilər. Anma mərasimi Ukraynanın qərb bölgəsində qaçqınların məskunlaşdığı bəzi ibadət evlərində də keçirildi. Bacı-qardaşlar əsasən kiçik qruplarla toplaşdılar, evdən çıxa bilməyənlər isə mərasimə videobağlantı vasitəsilə qoşuldular.

Bacı-qardaşlar zirzəmidə anma mərasimi keçirirlər (Xarkov şəhəri)

Ölkənin əksər bölgələrində anma mərasimi günü, aprelin 15-i, bütün gün ərzində hava həyəcanı siqnalı çalınırdı. Amma axşam sirenaların səsi kəsildi. Drujkovka şəhərindən (Donetsk vilayəti) olan Sergey deyir: «Biz dua edirdik ki, atışmalar anma mərasimini keçirməyimizə mane olmasın. Mərasimə az qalmış atışma və hava həyəcanı siqnalının səsi kəsildi».

Kiyevin yaxınlığında yerləşən Nemeşayevo qəsəbəsində bir qrup yaşlı və xəstə təbliğçi bir aydan çox idi ki yığıncaqlarda iştirak edə bilmirdi. Onlar dua edirdilər ki, anma mərasimində iştirak etsinlər. Vitali adlı bir ağsaqqal onlara anma mərasimini keçirməyə kömək etdi. O deyir: «İşıq sönmüşdü. Ona görə də anma mərasimini fənər işığında keçirdik. İstilik də kəsilmişdi. Qızım nəğmələri skripkada çalırdı, biz də oxuyurduq».

Döyüş zonasında yaşayan Aleksandr adlı bir ağsaqqal deyir: «Anma mərasiminə dəvət kampaniyası zamanı yığıncağımızın ərazisində yaşayan adamlara məktub yaza bilmirdik, çünki evlər ya bombalanma nəticəsində dağılmışdı, ya da sakinsiz qalmışdı. Buna görə də biz tanışlarımızı, bizimlə birgə zirzəmilərdə gizlənənləri və təxliyə edilənləri mərasimə dəvət edirdik. Onların arasında əvvəllər Yehovanın Şahidlərinə qulaq asmayanlar çox idi. Çoxları dəvətimizi qəbul edib mərasimə qatıldı».

İşıq olmadığı üçün ər-arvad anma mərasimini şam işığında qeyd edir. Telefonlarını yükləmək üçün onlar qonşu kənddəki generatordan istifadə etməli oldular

Ukraynadakı bütün yığıncaqlardan hesabatlar hələ əldə edilməsə də, artıq məlumdur ki, anma mərasimində 210 000-dən çox adam iştirak edib.

Bir ukraynalı qardaş hisslərini belə ifadə edir: «Mayakı görən dənizçilər sahilin yaxın olduğunu bildiyi kimi, hər il keçirilən anma mərasimi də məni əmin edir ki, Yehovanın günü yaxındır. Bu anma mərasimi isə əminliyimi daha da artırdı».

21 aprel 2022-ci il tarixinədək Ukraynadakı qardaşlardan aldığımız məlumatları sizə çatdırırıq. Faktiki rəqəmlər daha yüksək ola bilər, çünki ölkənin bütün bölgələri ilə əlaqə saxlamaq çətindir.

Bacı-qardaşlara təsiri

  • 35 təbliğçi həlak olub.

  • 60 təbliğçi xəsarət alıb.

  • 43 792 təbliğçi evlərini tərk edərək ölkənin daha təhlükəsiz ərazilərinə köçüb.

  • 374 ev dağılıb.

  • 347 evə böyük ziyan dəyib.

  • 874 evə cüzi ziyan dəyib.

  • 1 ibadət evi dağılıb.

  • 10 ibadət evinə böyük ziyan dəyib.

  • 27 ibadət evinə cüzi ziyan dəyib.

Yardım işləri

  • Ukraynada 27 Zərərçəkənlərə yardım komitəsi fəaliyyət göstərir.

  • 44 971 təbliğçiyə komitələr qalmaq üçün daha təhlükəsiz yerlər tapmağa kömək edib.

  • 19 961 təbliğçi başqa ölkələrə qaçıb və onlara oradakı dindaşları yardım göstərir.