Kontentə keç

Oryol Vilayət Məhkəməsi

11 İYUN 2019
RUSİYA

Dennis Kristensenin mayın 16-sı məhkəmədəki çıxışının stenoqramı

Dennis Kristensenin mayın 16-sı məhkəmədəki çıxışının stenoqramı

16 may 2019-cu il tarixində apellyasiya məhkəmə iclasında Dennis Kristensenin öz müdafiəsinə bir saata yaxın çıxış etmək imkanı olub. Aşağıda onun məhkəmədəki təsirli çıxışının stenoqramı (rus dilindən tərcümə olunub) gətirilib.

Bu sözlər uzun illər öncə çox pis adam tərəfindən söylənilib: «Yalan nə qədər çox təkrarlanırsa, bir o qədər həqiqət kimi səslənir». Başqa sözlə, dəfələrlə təkrarlanan yalan həqiqətə çevrilir. Həqiqət kimi qələmə verilən həmin yalan böyük bəlalara gətirib çıxardı və çoxlu sayda günahsız insana zərər yetirdi.

Bütün bunlar keçmişdə baş verib. Hesab olunur ki, 21-ci əsrdə yaşayan savadlı insanlar tarixdən dərs götürməyi öyrənib.

Lakin görünür, yox. Bu üsullardan həm mənə qarşı, həm də Rusiyadakı digər Yehovanın Şahidlərinə qarşı məhkəmələrdə istifadə olunur. Və yenə də, bu yalan çoxlu bəlalar gətirəcək və günahsız insanların iztirablarına səbəb olacaq.

Mənə gəldikdə, bu yalan ondan ibarətdir ki, guya mən məhkəmənin qərarı ilə ekstremist elan olunmuş Yehovanın Şahidlərinin Oryol Yerli Dini Təşkilatının fəaliyyətini davam etdirmişəm və bunu gizli etmişəm.

Bu ittiham heç bir sübut gətirilmədən məhkəmə iclasları zamanı dəfələrlə təkrarlanıb. Görünür, bu üsulla onlar yalanı həqiqətə çevirməyə çalışırdılar.

Əslində, həqiqət ondan ibarətdir ki, mənim heç vaxt Yehovanın Şahidlərinin Oryol Yerli Dini Təşkilatına aidiyyətim olmayıb.

Bəli, mən Yehovanın Şahidlərinin dininə etiqad edirəm. Dostlarım və mən Yehovanın Şahidlərinin Oryol Yerli Dini Təşkilatına heç bir aidiyyəti olmayan dini qrupun keçirdiyi dini mərasimlərdə iştirak etmişik və bunu etmək hüququna Rusiya Federasiyasının Konstitusiyasının 28-ci maddəsi ilə zəmanət verilir.

Mən qadağan edilmiş Yehovanın Şahidlərinin Oryol Yerli Dini Təşkilatının fəaliyyətini davam etdirməmişəm və Rusiyanın heç bir qanununu pozmamışam. Mən heç vaxt ekstremizmlə bağlı heç nə ilə məşğul olmamışam.

Çoxları soruşur: «Nəyə görə dinc Yehovanın Şahidlərini ekstremist kimi qələmə verməyə çalışırlar və onların ekstremizm adlandırdığı əslində nədir?» Mənim cavabım: «Mən bilmirəm!»

Yehovanın Şahidləri öz yaxınlarını özlərini sevdikləri kimi sevirlər. Onlar cəmiyyətə fayda gətirməyə çalışırlar. Onlar dövlətin qanunlarına əməl edən və vergiləri ödəyən dürüst insanlardır. Onların «ekstremizmi» nədən ibarətdir? Şəxsən mən bilmirəm və bütün bu məhkəmə araşdırmaları ərzində də bu suala cavab tapmadım.

Mən təxminən on nəfərdən ibarət olan və məhkəmə tərəfindən ekstremist elan edilmiş kiçik hüquqi şəxsin fəaliyyətini davam etdirməkdə ittiham olunuram. Mən bu hüquqi şəxsin fəaliyyətini nə vaxt və necə davam etdirmişəm? Mənim ekstremist fəaliyyətimə konkret nə daxildir?

Məhkəmə araşdırmaları zamanı bu suallarıma bir dənə də olsun cavab verilməyib. Bilirsiniz niyə? Çünki bu, onların dəfələrlə təkrarlamaqla həqiqətə çevirməyə çalışdıqları yalandır.

Rusiyada kimsə dinc Yehovanın Şahidlərini ekstremist kimi qələmə verməyə çalışır. Lakin bu haqsızlıqdır və həqiqətlə heç bir əlaqəsi yoxdur. Yehovanın Şahidləri ekstremist deyil. Bilirsiniz niyə?

Birincisi, Yehovanın Şahidləri heç vaxt əllərinə silah almırlar və zorakı münaqişələrdə iştirak etmirlər. İkinci Dünya müharibəsi zamanı Almaniyada onlar Vermaxtda (alman silahlı qüvvələri) xidmət etməmək üçün öz həyatlarından keçməyə hazır idilər. Onlar Şərq cəbhəsinə getməkdən və Sovet əsgərlərini öldürməkdən imtina etmişlər.

SSRİ-də Yehovanın Şahidləri amansız təqiblərə məruz qalırdılar və onlara anti-kommunist xalq düşmənləri damğası vurulmuşdu. Ancaq Yehovanın Şahidləri onları təqib edənlərə nifrət bəsləmirdilər.

Bu günləri Yehovanın Şahidləri müxtəlif millətlərdən və xalqlardan ibarət ümumdünya qardaşlığını təşkil edir. Onlar bir-biri ilə sülhdə və vəhdətdə yaşayırlar. Bu sübut edir ki, biz fərqli olsaq da, bəşəriyyəti parçalayan fikir ayrılıqlarının öhdəsindən gəlmək mümkündür.

İkincisi, Rusiyadan başqa dünyanın heç bir yerində Yehovanın Şahidləri ekstremizmdə ittiham olunmurlar. Yehovanın Şahidləri 200-dən çox ölkə və ərazidə sərbəst və dinc şəkildə fəaliyyət göstərir. Onlar ekstremizmlə qətiyyən əlaqəsi olmayan sülhpərvər insanlar kimi tanınır.

Onları birləşdirən Müqəddəs Kitaba əsaslanan təlimlərdir. Bu təlimlər onları məhəbbət, sevinc, sülh, səbir, xeyirxahlıq, yaxşılıq, iman, [mülayimlik] və özünə hakim olmaq kimi xüsusiyyətləri təzahür etdirməyə təşviq edir.

Müqəddəs Kitabda bu xüsusiyyətlər «ruhun bəhrəsi» adlanır və onlar cəmiyyətdə problem yaratmır. Bu xüsusiyyətlərin ekstremizmlə heç bir əlaqəsi yoxdur. Əksinə, bütün insanlara fayda gətirir.

Üçüncüsü, Rusiyanın insan hüquqları üzrə mütəxəssisləri Rusiyanın «Ekstremist fəaliyyətə qarşı mübarizə haqqında» Qanununun tətbiqini mühakimə edirlər. Onlardan çoxu açıq şəkildə bildirib ki, bu, Rusiyanın hüquqi demokratik dövlət kimi adını bədnam edir. Əgər Yehovanın Şahidləri arasında ekstremizm əlaməti olsaydı, bu hörmətli mütəxəssislər qanunun tətbiqini mühakimə etməzdilər.

Dördüncüsü, beynəlxalq ictimaiyyət də «Ekstremist fəaliyyətə qarşı mübarizə haqqında» Qanunun Rusiyada Yehovanın Şahidlərinə qarşı tətbiq edilməsini mühakimə edib. Avropa Şurasının Parlament Assambleyası Rusiya hökumət nümayəndələrini bu qanunu Yehovanın Şahidlərinə qarşı istifadə etməyi dayandırmağa çağırıb. BMT-nin İnsan Hüquqları Komitəsi Rusiyada ekstremizmlə mübarizə haqqında qanunun əsas etibarilə Yehovanın Şahidlərinə qarşı yönəldilməsi və nəticədə, dinc və günahsız insanların təqib olunması ilə bağlı dəfələrlə öz narahatçılığını bildirib.

İsa Məsih davamçılarını xəbərdar etmişdir: «Məni təqib ediblərsə, sizi də təqib edəcəklər» (Yəhya 15:20) *. Sonda o, kobud ədalətsizliklə ekstremizm ittihamı üzrə məhkum edilib edam olunmuşdur.

Lakin biz nə birinci əsrdə, nə də hətta orta əsrlərdə yaşayırıq. Biz insan hüquqları və din azadlığının mövcud olduğu 21-ci əsrdə yaşayırıq. Bu hüquqlar bütün insanlar üçün eyni dərəcədə təmin olunmalıdır.

Məgər insana Allaha inanmağı qadağan edib və sonra da buna görə onu həbsə salmaq mümkündür? İnanıram ki, bu, düzgün deyil. Bu kimi şeylər yalnız totalitar dövlətlərdə baş verir, demokratik hüquqi dövlət olan və ya ən azından bu cür dövlət olmağa can atan Rusiya kimi dövlətlərdə yox.

Məhkəmə iclasları zamanı eşitdim ki, Rusiyada bəzilərinin fikrincə, əgər kimsə öz dinini həqiqi sayırsa və bunu açıq bəyan edirsə, bu, ekstremizm sayılır. Bu, tamamilə məntiqsizdir, çünki bütün dindarlar inanırlar ki, onların etiqad etdiyi din həqiqidir. Əgər onlar dinlərini həqiqi hesab etmirlərsə, o zaman niyə ona etiqad etməyə davam edirlər?

Əgər bu arqument kiməsə ekstremist damğası vurmaq üçün kifayətdirsə, o zaman demək olar ki, İsa Məsih də ekstremist olub. O, Ponti Pilata demişdir: «Mən həqiqətə şəhadət etmək üçün doğulmuşam və bu dünyaya gəlmişəm. Həqiqət tərəfində olan hər bir adam səsimə qulaq asır» (Yəhya 18:37).

Bu o deməkdir ki, [Müqəddəs Kitab] həqiqəti var. İsa həqiqət barədə təbliğ edir və öz şagirdlərini öyrədirdi. O, ümumi hansısa həqiqətdən danışmırdı. O, Allahın niyyətləri barədə həqiqətləri nəzərdə tuturdu. Allahın niyyəti əsas etibarilə ondan ibarətdir ki, İsa — «Davud oğlu» (onun nəslindən olan biri) Allahın Padşahlığında Baş kahin və Hökmdar kimi xidmət etsin.

İsa izah etmişdir ki, onun Yer üzünə gəlməsinin və xidmətinin əsas məqsədi həmin Padşahlıq haqqında həqiqəti çatdırmaq idi. Bu gün insanlar həqiqət barədə təbliğ etdiyi üçün İsanı ekstremist hesab edirlər?

Bu gün Yehovanın Şahidləri onun nümunəsini izləyərək həqiqət barədə təbliğ edirlər. Bu həqiqət Müqəddəs Kitabda yazılıb və ondan ibarətdir ki, bütün bəşər problemlərinin həlli Allahın Padşahlığıdır. Onlar Müqəddəs Kitabda yazılanları bütün insanlarla bölüşürlər.

İsa bir dəfə Allaha duada demişdir: «Onları həqiqət vasitəsilə müqəddəs et. Həqiqət Sənin sözündür» (Yəhya 17:17). Buna görə də, bütün insanların Müqəddəs Kitabdakı həqiqətləri bilmələri vacibdir. Bu, faydalıdır və ekstremizmlə heç bir əlaqəsi yoxdur.

Müqəddəs Kitaba yüksək dəyər verən yalnız Yehovanın Şahidləri deyil. Rus alimi Mixail Lomonosov demişdi: «Yaradan bəşəriyyətə iki kitab verib. Birində öz əzəmətini, digərində isə niyyətini açıqlayıb. Birincisi Onun yaratdığı gözlə görünən dünyadır... İkincisi isə Müqəddəs Kitabdır».

Sübhəsiz, Lomonosov Müqəddəs Kitabı diqqətlə araşdırırdı və tamamilə haqlıdır. Xilqəti seyr etməklə biz Allah haqqında çox şey öyrənə bilərik. Əgər Onun Kəlamını — Müqəddəs Kitabı oxusaq və araşdırsaq, Onun haqqında daha çox öyrənəcəyik.

Müqəddəs Kitab özü barədə deyir: «Müqəddəs Yazılardakı hər kəlmə Allahdandır və təlim,.. salehliyə uyğun tərbiyə üçün faydalıdır. Bunun sayəsində Allah bəndəsi tam səriştəli, hər cür yaxşı işə tamamilə hazır ola bilər» (2 Timutiyə 3:16, 17). Hər cür yaxşı işə!

Mənim iştirak etdiyim və hüquqi şəxs olan Yehovanın Şahidlərinin Yerli Oryol dini təşkilatı ilə heç bir əlaqəsi olmayan dini qrup tərəfindən keçirilən məsihi yığıncaqlarında biz insanlara məhz yaxşılıq etməyi müzakirə edirdik.

2017-ci il 19 və 26 fevral tarixlərində keçirdiyimiz və məhkəmədə baxdığımız ibadət görüşlərimizin videosundan bəllidir ki, bizim görüşlərimizdə ekstremizmin əlamətləri yoxdur. Biz bütün insanlar üçün faydalı olan fikirləri müzakirə edirdik. Dini mərasimlər Yehovanın Şahidlərinə xas tərzdə, dinc və sevinc ab-havasında keçirilmişdir.

Bizim müzakirə etdiyimiz Müqəddəs Kitab fikirlərinin cəmiyyət üçün heç bir zərəri yoxdur, əksinə, bu fikirlər bir çox insanlara xeyli kömək edir və təsəlli verir. Əzizlərini itirdiklərinə görə kədər içində olanlara Müqəddəs Kitab təsəlli verir. Orada belə bir vəd yazılıb: «Sonda o, axırıncı düşmən olan ölümü məhv edəcək» (1 Korinflilərə 15:26).

Ölüm hər bir insan üçün düşməndir, lakin Allah üçün o elə də qorxulu düşmən deyil. Əşiya 25:8 ayəsində vəd edilir: «Ölümü əbədilik məhv edəcək, Külli-İxtiyar Yehova bütün üzlərdən göz yaşlarını siləcək».

O vaxtı bir təsəvvür edin! Dəfn mərasimləri, qəbiristanlıqlar olmayacaq. Allah ölüləri diriltmək vədini yerinə yetirəndə kədər göz yaşları sevinc göz yaşları ilə əvəz olunacaq. Nəhayət ölümün vurduğu saysız-hesabsız yaralar sağalacaq.

Bu fikirlər mənim üçün çox dəyərlidir, çünki mən də bir çox əzizlərimi itirmişəm. Təcridxanada olduğum müddətdə mənə çox yaxın, çox əziz olan bir insan vəfat etdi. Bu, nənəm Helqa Marqrete Kristensen idi.

O, ailəmdə Müqəddəs Kitabı öyrənməyə başlayan və Yehovanın Şahidi olan ilk insan idi. O, Müqəddəs Kitab həqiqətini əvvəlcə atama, sonra isə mənə öyrətdi. Onu tanıyan bir çox insanlar, qohum-qonşular, iş yoldaşları onu sevir və hörmət edirdilər.

O da dinindən, milliyyətindən və dərisinin rəngindən asılı olmayaraq, hamını sevir və hamıya hörmət edirdi. O, hər kəsə əl tutmağa və yaxşı işlər görməyə çalışırdı. Əfsuslar olsun ki, yəqin, onu da bəziləri ekstremist adlandıra bilərdi. Ancaq bir çox düşünən insanlar onların fikri ilə razılaşmazdı.

Mən Allahın onu dirildəcəyi və onunla yenidən görüşəcəyim vaxtı gözləyirəm. Təəssüf ki, onun dəfnində iştirak edə, bu çətin anlarda ailəmə təsəlli verə bilmədim, çünki boş və mənasız ekstremizm ittihamı ucbatından təcridxanada idim.

Müqəddəs Kitabın ölülərin diriləcəyi barədə vədi mənə təsəlli verir və əmin edir ki, onu həmişəlik itirməmişəm və gün gələcək biz Allahın Padşahlığının rəhbərliyi altında təmizlənmiş yer üzündə görüşəcəyik. Əgər bu ümid mənə kömək edir və təsəlli verirsə, əminəm ki, başqalarına da kömək edə və təsəlli verə bilər.

Yığıncaqlarımızda müzakirə etdiyimiz başqa bir Müqəddəs Kitab fikri o idi ki, yer üzündə gələcəkdə cənnət olacaq. Orada hər kəs üçün bol qida olacaq və insanlar bir-birilə sülhdə yaşayacaq. Əşiya 33:24 ayəsində yazıldığı kimi, «heç bir sakin “xəstəyəm” deməyəcək. Orada yaşayanların günahı bağışlanacaq».

Məgər bu fikirləri insanlarla bölüşməklə cəmiyyətə zərər vurmaq olar? Əksinə, bu vədlər insanlara ümid və sevinc bəxş edə bilər. İsa demişdi: «Allahın sözünü eşidib ona əməl edənlər xoşbəxtdirlər!» (Luka 11:28).

Bu vədə inanıb-inanmamaq hər kəsin şəxsi qərarıdır. Allah heç kəsi Ona xidmət etməyə məcbur etmir. Ərəmya 29:11 ayəsində Allah deyir: «Mən sizinlə bağlı niyyətimi bilirəm, — bəyan edir Yehova, — sizə bəla yox, əmin-amanlıq vermək niyyətindəyəm, amalım sizə gözəl gələcək, ümid bəxş etməkdir».

Allah bizə ən gözəl həyat yolu — Onunla yaxın münasibət qurmağı təklif edir. Yehovanın Şahidləri insanları bu yolu, əbədi həyata aparan Allahla yaxın dostluğu seçməyə dəvət edir. Bunun ekstremizmlə qətiyyən əlaqəsi yoxdur. Mənim ekstremist fəaliyyətim nədən ibarətdir, nəyə görə mənə altı il həbs cəzası vermək istəyirlər?

Mən cinayətkar və ekstremist kimi davranmamışam. Qonşularım, sahə müvəkkili və təcridxana işçiləri məni yaxşı xarakterizə edirlər. Buna görə də yenə bu sualı vermək istəyirəm: «Mənim ekstremist fəaliyyətim nədən ibarətdir, nəyə görə mənə altı il həbs cəzası vermək istəyirlər?»

Mən bunu başa düşmürəm və son iki ildə də bunu başa düşə bilməmişəm. Ola bilsin, apellyasiya məhkəməsi suallarıma konkret cavab verəcək, çünki birinci instansiya məhkəməsi suallarıma cavab vermədi.

Artıq qeyd etdiyim kimi, biz orta əsrlərdə deyil, 21-ci əsrdə yaşayırıq. Bəşəriyyət müəyyən tərəqqiyə nail olub. Çox kədərləndirici haldır ki, Rusiyada insanlar yenə imanlarına görə təqib olunur və hətta imanlarına görə onlara işgəncə verirlər.

15 fevral 2019-cu il tarixində yeddi Yehovanın Şahidini sorğu-sual edərkən Surqutdakı istintaq komitəsi istədikləri cavabı almaq üçün onlara işgəncə verib. Dindarlara Rusiya Federasiyası Konstitusiyasının 51-ci maddəsində zəmanət verilən hüquqdan, yəni özünə və yaxınlarına qarşı şahidlik etməmək hüququndan istifadə etməyə icazə verilmədi. Halbuki Konstitusiyanın bu maddəsi eyni dərəcədə hamıya aiddir.

Onları əlləri yuxarı diz üstə qoymuş, başlarına və bədənlərinə zərbə yetirmiş, milli və dini əlamətə görə alçaltmış, başlarına paket taxıb yapışqan lentlə bağlamışlar ki, nəfəs ala bilməsinlər. Ayaqlarını və əllərini arxadan bağlamışlar. Onların üstünə qışqırır və istədikləri ifadələri verməyə məcbur edirdilər. Dindarların bəziləri bir neçə dəfə ölüm ayağında olmuşlar, boğulduqlarına görə huşlarını itirmişlər. Onların üstünə su töküb elektroşokerlə vurmuşlar.

Bütün bunlar ekspertiza ilə sənədləşdirilib, lakin istintaq komitəsinə qarşı heç bir cinayət işi qaldırılmayıb. Məsul şəxslər ya gözlərini yumur, ya da ki, iddia edirlər ki, dindarlar özü-özlərinə xəsarət yetirib. Lakin bu, gülünc səslənir! Bu, mənfur yalandır!

Bu, Rusiyanın müasir tarixinə ləkə gətirir və ümid edirəm ki, bu işdə əli olanların hamısı cəzalandırılacaq. Heç insan insanla belə davranar? Onlar Hitler və Stalinin istifadə etdiyi eyni dəhşətli, sadist metodlardan necə istifadə edə bilirlər axı? Ümidvaram ki, bu, belə deyil. Ürəkdən ümid edirəm ki, bu, səhv idi və tezliklə düzəldiləcək.

Birinci instansiya məhkəməsinin qərarında deyilir: «Ekstremist fəaliyyətlə məşğul olduğu üçün məhkəmənin dəyişilməz qərarı ilə ləğv olunmuş dini cəmiyyətin fəaliyyətini davam etdirməyin özü artıq cinayətdir — cinayət kimi cəzalandırılan ekstremist fəaliyyətdir». Bu, başa düşüləndir. Lakin bunun mənimlə nə əlaqəsi var?

Bütün bunların mənimlə heç bir əlaqəsi yoxdur! Mənim Yehovanın Şahidlərinin Oryol Yerli Dini Təşkilatına heç bir aidiyyətim olmayıb və mən heç bir formada onların işini davam etdirməmişəm.

Bütün hərəkətlərim hüquqi şəxs olan Yehovanın Şahidlərinin Oryol Yerli Dini Təşkilatına aidiyyəti olmayan dini qrupdakı məsihi həyatı ilə bağlı idi. Bütün hərəkətlərim qanuni və Rusiya Federasiyası Konstitusiyasının 28-ci maddəsinə uyğun idi.

Mən heç vaxt hərəkətlərimi Yehovanın Şahidlərinin Oryol Yerli Dini Təşkilatının «qanunsuz» fəaliyyətinin davamı hesab etməmişəm. Məhkəmədə qulaq asdığımız telefon danışıqlarının birində mən öz dostuma dedim: «Biz dini qrupuq. Nə Yehovanın Şahidlərinin Oryol Yerli Dini Təşkilatı, nə də idarə mərkəzi ilə əlaqəmiz yoxdur».

Birinci instansiya məhkəməsi buna heç bir əhəmiyyət vermədi və əksinə, Federal Təhlükəsizlik Xidmətinin (FTX) agenti olan gizli şahid A. P. Yermolovun yalan ifadələrindən istifadə etmişdir. Apellyasiya instansiya məhkəməsi A. P. Yermolovun əslində Oleq Qennadyeviç Kurdyumov olduğunu yoxlaya bilər.

Əvvəlcə Oleq Kurdyumov müstəntiqə verdiyi ifadəsində bildirmişdir ki, heç nə bilmir və Rusiya Konstitusiyasının 51-ci maddəsinə əsasən öz əleyhinə ifadə verməkdən imtina edir. Növbəti gün isə o, A. P. Yermolov təxəllüsü ilə fərqli ifadə vermişdir. Sonralar bu təxəllüslə başqa ifadələr də vermişdir.

Məhkəmədə baxdığımız 19 və 26 fevral 2017-ci il tarixlərində keçirilən və Yehovanın Şahidlərinin Oryol Yerli Dini Təşkilatı ilə heç bir əlaqəsi olmayan dini mərasimlərin videoyazısından da bəlli olur ki, həmin mərasimləri gizli şəkildə yazıya alan və videosunu çəkən məhz Oleq Kurdyumov olub. Kameranın onun üzərində necə bərkidildiyini müşahidə etmək gülməli idi. O hərəkət edəndə kamera da hərəkət edirdi və kimsə ona yaxınlaşanda: «Salam, mənim adım Oleqdir», — dediyini aydın şəkildə eşitmək olar.

Bu o deməkdir ki, əvvəlcə o, FTX-nın gizli agenti kimi bizim dini mərasimlərimizi yazıya alıb və videosunu çəkib. Sonra isə əsil adı ilə çıxış edərək heç nə bilmədiyini bildirib. Növbəti gün isə təxəllüsündən istifadə edərək gizli şahid kimi məhkəmədə də təkrar etdiyi yalanı söyləyib. Bu heç ədalətlidir?

Qanuna əsasən, FTX agentinin məhkəmədə gizli ifadə vermək hüququ yoxdur. Lakin ittiham tərəfi, prokurorluq və birinci instansiya məhkəməsinin hakimi sadəcə olaraq buna göz yumdu və ona yalan ifadə verməyə icazə verdilər. İndi həmin ifadələrdən mənə qarşı istifadə olunur. Mən başa düşə bilmirəm ki, birinci instansiya məhkəməsi buna necə yol verə bilərdi.

İttiham tərəfinin — prokurorluğun buna necə yol verdiyini isə ümumiyyətlə başa düşmürəm. Onlar bütün qanunların icra olunmasını təmin etməli idilər, onların pozulmasına yol verməməli idilər. Lakin onlar buna göz yummaqla bütün bunların baş verməsinə yol verdilər.

Apellyasiya məhkəməsindən xahiş edirəm ki, məni düzgün başa düşsün. Onlara qarşı heç bir şəxsi-qərəzliyim yoxdur. Əminəm ki, onlar yaxşı insanlardır və gələcəkdə onlarla bir fincan qəhvə içib baş verənləri gülərək yada salacağıq. Lakin onların işinin keyfiyyətindən narazıyam, çünki işlərinin keyfiyyəti, yumşaq dildə desək, «dəhşətli dərəcədə» pisdir.

Mən başa düşürəm ki, FTX-nın agenti olan gizli yalan şahiddən istifadə etmək birinci instansiya məhkəməsi üçün əlverişli idi, çünki gizli şahidin vicdanı olmadığına görə asanlıqla yalan danışa, həqiqəti təhrif edə və məni ittiham etmək üçün məhkəməyə istədiyini deyə bilər.

Bu cür şahidə inanmaq və verdiyi məlumata etibar etmək olmaz. Günahsız insanları həbsə göndərmək üçün bu cür yalan şahidlərdən istifadə etmək düzgün ola bilməz.

Təxminən iki il əvvəl məhkəməyəqədər həbs müddətinin uzadılması üzrə çoxsaylı məhkəmə iclaslarının birində mən hakimə demişdim: «Sizdən xahişim odur ki, mənə həyatımı qaytarasınız». Mən indi də bunu xahiş edirəm.

Həbsdə saxlanılmağıma gəldikdə, məndə elə hiss var ki, onların məqsədi məni sadəcə cəmiyyətdən təcrid etmək və məhkum etmək deyil, məqsədləri bu işə diqqət cəlb etməməkdir.

Əslində, fikrimcə, təcridxanada saxlanılmağım qanunsuzluq və insafsızlıqdır. Bunun məqsədi özümü yaxşı müdafiə etmək və kütləvi informasiya vasitələri vasitəsilə baş verənlərə dair nöqteyi-nəzərimi bildirmək imkanından məni məhrum etməkdir. Lakin bu vaxt hökmən gələcək!

Bəli, istəyirəm həyatımı geri qaytarasınız ki, mən yenə də bu gözəl şəhərdə yoldaşım İrina ilə dinc və sakit yaşayım. Təxminən iki ildir ki, mənim öz həyatım olmayıb. Mən başqalarının mənim üçün seçdiyi həyatı yaşayıram.

FTX mənə şər atıb və təmiz adımı ləkələyib. Onlar sənədləri və ekspert rəylərini saxtalaşdırıb, məhkəmədə əleyhimə danışan gizli yalançı şahidlərdən istifadə edib.

Onlar bütün bunları ona görə ediblər ki, dinc dindar insanı cəmiyyət və Rusiyanın milli təhlükəsizliyi üçün təhlükəli ekstremist kimi qələmə versinlər. Əslinə gəldikdə, bu ittihamlar gülüncdür və cəfəngiyatdır.

Çox kədərləndirici haldır ki, birinci instansiya məhkəməsi bu ittihamları dəstəklədi və faktlara məhəl qoymadı. Möhtərəm hakim, xahiş edirəm, bu anlaşılmazlığı aradan qaldırın və həqiqəti müəyyən edin. Sizdən xahiş edirəm, «həyatımı geri qaytarın!»

Üç ay əvvəl birinci instansiya məhkəməsində demişdim: «Bu məhkəmə icraatında razılaşacağım yeganə qərar bəraət, azadlığa buraxılma, üzrxahlıq və kompensasiya barədə qərardır. Bundan azına razı deyiləm!» Fikrim dəyişməyib.

İstənilən başqa qərar ədalətsiz qərar olacaq və belə qərardan Strasburqdakı Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət verəcəyəm. Orada bu işi hökmən udacağam.

Bundan sonra, Avropa İnsan Hüquqları Məhkəməsi, bütün dünyadakı digər insanlar və şübhəsiz, Rusiyanın bir çox yüksək vəzifəli məmurları, o cümlədən Rusiyanın prezidenti Vladimir Vladimiroviç Putin təəccüblənəcəklər və onlarda sual yaranacaq ki, niyə Oryol məhkəməsi hamı üçün aydın olan həqiqəti — mənə qarşı olan bu məhkəmə araşdırılmasının dəfələrlə təkrarlamaqla həqiqət kimi qələmə vermək istədikləri yalana əsaslandığını görə bilməyib.

Ədalətə nail olmaq üçün doğrudanmı bu qədər uzun yol qət etmək lazımdır? Əgər apellyasiya məhkəməsi bunu lazım bilərsə, o zaman sizə, bu gün burada iştirak edənlərə və bu məhkəmə işini izləyənlərə bildirmək istəyirəm ki, mən buna hazıram!

Mən təslim olmayacağam, çünki mənə qarşı irəli sürülən ittihamlarda təqsirli deyiləm və həqiqət mənim tərəfimdədir. İslah koloniyasına göndərilməkdən qorxmuram, halbuki bu, tamamilə ədalətsiz qərar olacaq.

Mən qorxmuram və fikir çəkmirəm. Ürəyimdə qəlb rahatlığı və dinclik var. Allahım Yehova məni heç vaxt tərk etməyəcək və mən bu gözəl sözlərin necə yerinə yetdiyini artıq indidən görürəm:

Allah ədalətlidir,

Heç unutmaz O, zəhmətimi.

Hər an Rəbb yanımdadır,

Ey Yehova, tək Həmdəmim.

Xudam, yalçın Qayamsan,

Hər dərdimdə Sən oldun hayan.

Ey Yehova, yalnız Sənsən

Dostum, Atam.

Vəssalam. Diqqətinizə görə minnətdaram!

^ abz. 24 Dennisin gətirdiyi sitatlar rus dilində olan «Sinodal» tərcüməsindən idi. Lakin tərcümə məqsədilə bütün ayələr Müqəddəs Kitabın «Yeni Dünya Tərcüməsi»nin təkrar baxılmış buraxılışından götürülüb.