Kontentə keç

Mark Sanderson Polşada könüllülər və Ukraynadan gələn bacı-qardaşlarla söhbət edir

18 MAY 2022
POLŞA

Polşaya xüsusi səfər

Polşaya xüsusi səfər

Bazar günü, 2022-ci il mayın 1-i, Yehovanın Şahidlərinin Rəhbərlik Şurasının üzvü Mark Sanderson və iki filialın komitələrində xidmət edən üç qardaş Ukraynadan Polşaya qaçmış bacı-qardaşları ziyarət etməyə başladılar. Bu səfər zamanı Mark qardaş və onun yoldaşları Ukraynadan qaçıb gələnlərin danışdıqları hadisələrə diqqətlə qulaq asdılar və onları Rəhbərlik Şurasının məhəbbətinə və dəstəyinə əmin etdilər.

Soldan sağa: Polşa filialının komitə üzvü Tomaş Volçko, Mark Sanderson, Polşa filialının komitə üzvü Vesa Vaananen və Finlandiya filialının komitə üzvü Tommi Kauko

Sərhəd bölgəsində Mark Sanderson Ukraynadan qaçan bacı-qardaşlara yardım göstərilməsinin üsullarını müzakirə edir

Altı gün ərzində qardaşlar 2500 kilometr məsafə qət etdilər və müxtəlif yerlərdə, o cümlədən dörd Toplantı zalında və bir neçə ibadət evində yerləşdirilmiş bacı-qardaşlara baş çəkdilər. Qardaşlar Polşa ilə Ukraynanın sərhəddində kömək edən könüllülərlə də görüşdülər.

Ukraynadan olan bir qardaş dedi: «Onların gəlişi bizim üçün sanki isti gündə bir stəkan soyuq su kimi oldu».

Ukraynadan olan bir bacı hisslərini belə ifadə etdi: «Bu bizim üçün əsl sürpriz idi! Yehovanın bizi nə qədər bərk sevdiyini gördük».

Başqa ukraynalı bacı isə dedi: «Polşaya gəlib çıxanda heç nəyimiz yox idi. Amma indi Yehovanın sayəsində heç nədən korluq çəkmirik».

Bir qrup könüllü, o cümlədən sürücü qardaşlar Toplantı zalının qarşısında (Polşa, Stenşev şəhəri)

Qardaşlar həmçinin Ukraynadan gələn bacı-qardaşlara yardım edən könüllülərlə də görüşdülər. Mark qardaş onları Rəhbərlik Şurasının məhəbbətinə əmin etdi. O, İbranilərə 6:10 ayəsini oxudu və qeyd etdi ki, Yehova onların çəkdiyi zəhməti unutmayacaq. Sonra əlavə etdi: «Elə biz də». Könüllülər iman bacı-qardaşlarına kömək etməyin onlar üçün böyük şərəf olduğunu dedilər.

Mark Sanderson ibadət evində Ukraynadan gələn yaşlı bacıları diqqətlə dinləyir (Polşa, Radımno şəhəri)

Polşa filialının komitə üzvü Vesa Vaananen dedi: «Adam Yehovanın hər şeyi nəzarətdə saxladığını öz gözləriylə görəndə imanı xeyli möhkəmlənir. Yehova Rəhbərlik Şurası və dindaşlarına kömək etməyə hazır olan fədakar bacı-qardaşlar vasitəsilə rəhbərlik və lazım olan digər şeyləri vaxtlı-vaxtında verir».

Toplantı zalında könüllülər humanitar yardım qutularını qablaşdırır (Polşa, Stenşev şəhəri)

İstənilən şəraitdə bir-birinin qayğısına qalan bacı-qardaşlar İsanın sözlərinin doğruluğunu üzərlərində hiss edirlər: «Vermək almaqdan daha çox xoşbəxtlik gətirir» (Həvarilərin işləri 20:35).