Kontentə keç

Polşadakı bacı-qardaşlar Ukraynadan qaçan dindaşlarına kömək etmək üçün əllərindən gələni edirlər: bəziləri onları sərhəddə qarşılayır, digərləri isə humanitar yardım qutuları qablaşdırır

7 APREL 2022
POLŞA

Əliaçıq bacı-qardaşlarımız dindaşlarını darda qoymur

Bacı-qardaşlar qonaqpərvərlik göstərirlər

Əliaçıq bacı-qardaşlarımız dindaşlarını darda qoymur

Barbara Osmik-Urban uşaqları Yakub və Nina ilə

Polşanın Jeşuv şəhərində yaşayan Barbara Osmik-Urbanın iki uşağı var: onyaşlı Yakub və səkkizyaşlı Nina. Bacımız onları tək böyüdür. Hər həftə ailəvi ibadətdə o, uşaqlarına qonaqpərvərlik və şəfqət göstərməyi öyrədir. Onlar həm də öyrəndiklərini tətbiq edirlər. 2022-ci il fevralın 24-ü Ukraynada müharibə başlayandan onların evində 20-dən çox bacı-qardaş qalıb.

Müharibə səbəbindən ukraynalı bacı-qardaşlar daha təhlükəsiz ərazilərə qaçmaq məcburiyyətindədir. Polşa və digər ölkələrdəki Yehovanın Şahidləri onları öz evlərinə alırlar və hər cür yardım göstərirlər. İndiyədək ən azı 11 000 Yehovanın Şahidi Ukraynadan Polşaya qaçıb. Müharibənin getdiyi müddətdə 18—60 yaş arası ukraynalı kişilərin ölkəni tərk etməsi qadağandır. İstisna yalnız üç və daha çox azyaşlı uşağı olanlar üçün edilir.

Barbara deyir: «Onlar bizim ruhani ailəmizin bir parçasıdır». Barbaranın uşaqları da vəziyyətə anaları kimi yanaşır. Yakub və Nina yataq otaqlarını böyük sevinclə bacı-qardaşlara verirdilər. Onlar bir-birilərinin dilini bilməsələr də, üzlərindəki təbəssüm və göz yaşlarından bir-birilərinə nə demək istədiklərini başa düşürdülər. Ukraynalı bacı-qardaşlar yollarına davam etmək üçün onların evini tərk etdikdən sonra Yakub evdə çox sakit olduğunu dedi və anasından xahiş etdi ki, bacı-qardaşları qəbul etməyə davam etsin.

Lukaş Xolevinski və Rafal Yankovski

Lukaş Xolevinski və Rafal Yankovski Ukraynaya humanitar yardım çatdıran qardaşlarımızdan ikisidir. Onlar deyirlər ki, daha təhlükəsiz ərazilərə düşmək üçün sərhəddə saatlarla növbələrdə gözləyən, göz yaşları qurumayan yüzlərlə qadın və uşaqları görürlər. Lukaş deyir: «Amma maraqlıdır ki, orada bacı-qardaşlarımızı görəndə simaları həmişə sevinc saçır».

Ukraynaya gedib-gəlmək dörd saat çəkə bilər. Orada isə yerli qardaşlar qutuları ölkənin digər bölgələrinə göndərirlər. Ukraynaya səfərlərin təhlükəli olmasına baxmayaraq, bu işdə iştirak etmək istəyən könüllülərin ardı-arası kəsilmir. Rafal deyir: «Bacı-qardaşlara kömək etmək mənim üçün şərəfdir».

Jeşuv şəhərində yaşayan və evində ukraynalı dindaşlarını qəbul edən Eljbeta Ustjitska deyir: «Yığıncağımızın ağsaqqalları Ukraynadan gələn ailələri gecə vaxtı qarşılayırdılar. Onlar yuxulayan uşaqları qucaqlarında aparırdılar. Bu mənzərə mənə çox güclü təsir etdi və hələ də gözümün önündən getmir».

Bartlomey Fiqura və yoldaşı Estera

Qaçqın düşmüş dindaşlarımıza kömək edən fədakar ağsaqqallardan biri də Bartlomey Fiquradır. O, bacı-qardaşları daha təhlükəsiz yerlərə aparmaq üçün həyat yoldaşı Estera ilə birlikdə sərhədə və dəmiryolu stansiyalarına gedir. Vaxtaşırı onlar öz mənzilini bu bacı-qardaşların tam ixtiyarına verirlər. Hətta imkanları olanda onlara maddi yardım da göstərirlər.

Bartlomey deyir: «Axı biz bir ruhani ailəyik. Bacı-qardaşlar bizim üçün doğmadır. Necə də xoşdur ki, Yehova onlara indi lazım olan şeyləri bizim vasitəmizlə verir».

Son məlumatlara görə, Polşadakı bacı-qardaşlar ən azı 23 000 humanitar yardım qutusu yığıblar. Qutuların içində ərzaq, şəxsi gigiyena vasitələri və digər zəruri əşyalar var.

Polşada uşaqlar valideynləri ilə birgə «JW Language» və «JW Library» tətbiqlərinin köməyilə Ukrayna dilində açıqcalar düzəldirlər. Bu açıqcalar humanitar yardım qutularına qoyulur

Biz əminik ki, Yehova bundan sonra da əliaçıq dindaşlarımız vasitəsilə Ukraynadan olan bacı-qardaşların qayğısına qalacaq (Məsəllər 11:24; Romalılara 12:13).