Kontentə keç

Puşpa Qimire (solda) və Tirso Maya Qeyle (sağda) bir-birilərinə qandallanıblar. 4 noyabr 2019-cu ildə Nepalda həbsxanadan azad olunmazdan bir qədər əvvəl

15 NOYABR 2019
NEPAL

Nepalda nahaqdan məhkum olunan və məhkəməni gözləyən iki Yehovanın Şahidi həbsxanadan buraxılıb

Nepalda nahaqdan məhkum olunan və məhkəməni gözləyən iki Yehovanın Şahidi həbsxanadan buraxılıb

4 noyabr 2019-cu il tarixində Tirso Maya Qeyle və Puşpa Qimire adlı iki bacı şərti olaraq həbsxanadan azad edilib. Sadəcə olaraq Allaha ibadət etdiklərinə görə onlara üçaylıq həbs cəzası kəsilmişdi. Halbuki bu həm Nepal qanunvericiliyinə, həm də beynəlxalq qanuna əsasən onların hüququdur. Onlar bir aydan artıq idi ki, həbsdə idilər.

Düz bir il əvvəl Qeyle və Qimire bacı küçədə Müqəddəs Kitabla maraqlanan insanlarla söhbət etdiklərinə görə həbs olunmuşdular. 13 gün polis bölməsində saxlanıldıqdan sonra bacılar həddindən artıq böyük cərimə, 100 000 Nepal rupisi (təxminən 930 ABŞ dolları) ödədikdən sonra azad edilmişdilər. Lakin yerli hakimiyyət orqanları bacıların əleyhinə istintaqı davam etdirirdi.

10 dekabr 2018-ci il tarixində bacılar barəsində cinayət işi üzrə məhkəmə başlandı və dinlənilmə təxminən 10 ay davam etdi. 25 sentyabr 2019-cu ildə Rupandehi rayon məhkəməsi hər iki bacını üç ay həbs cəzasına məhkum etdi və hər birinə 2500 Nepal rupisi (təxminən 23 ABŞ dolları) cərimə kəsdi.

Rayon hakimi sadəcə üzərlərində dini ədəbiyyat olduğuna və həmin ədəbiyyatı payladığına görə bacıları insanları dinini dəyişməyə sövq etməkdə günahlandırıb. Nepal Birləşmiş Millətlər Təşkilatının üzvü olduğuna görə, eləcə də mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktda iştirak etdiyinə görə hökumət vətəndaşlarının dini etiqadlarını dəyişmək, həmçinin ictimaiyyət içində və təklikdə etiqadlarını ifadə etmək azadlığını təmin etməyə borcludur. Qeyle və Qimire bacıya gəldikdə isə onlar insanları dinini dəyişməyə sövq etmirdilər. Sadəcə olaraq onlara qulaq asan insanlara dini nəşrlər verirdilər. Bu əsasla bacıları təmsil edən vəkillər 31 oktyabr 2019-cu il tarixində Ali Məhkəməyə müraciət etdilər. Ali Məhkəmə qərar verdi ki, apellyasiya prosesi zamanı bacıların həbsxanada qalmasına gərək yoxdur. Beləliklə, onlar məhkəmənin son hökmünü gözlədikləri müddətdə həbsxanadan azad edildilər.

Biz dua edirik ki, Yehova məhkəmənin son qərarını gözləyən Qeyle və Qimire bacıya bundan sonra da müqəddəs ruhundan versin, onlara qüvvət, sevinc, sülh bəxş etsin (Romalılara 15:13).