Kontentə keç

Mikroneziya filial komitəsinin üzvü Avraam Linkoln Marşall dilində İncilin buraxılışını elan edir

24 MAY 2019
MİKRONEZİYA

Marşall dilində İncil kitabı çıxıb

Marşall dilində İncil kitabı çıxıb

19 may 2019-cu il tarixində Yehovanın Şahidləri Marşall adalarının Macuro şəhərində yerləşən Cənubi Sakit Okean Universitetində keçirilən xüsusi görüşdə Marşall dilində İncilin «Yeni Dünya Tərcüməsi»nin buraxılışını elan ediblər. Proqram Macurodan 440 kilometr aralıda yerləşən Ebeye adasındakı ibadət evinə canlı yayımlanıb.

Xüsusi görüşdə, Marşall adalarındakı dörd yığıncaqda xidmət edən 151 təbliğçi də daxil olmaqla, ümumilikdə 339 nəfər iştirak edib. Həmin təbliğçilər ABŞ-da marşalldilli sahədə xidmət edən 325 təbliğçi ilə birgə bu tərcümədən ibadət görüşlərində, şəxsi mütaliədə və xidmətdə istifadə edə biləcəklər. Bütün dünyada bu dildə danışanların sayı 61 000-dir.

Tərcümə işində iştirak edən bir qardaş deyir: «Marşall dilində İncilin “Yeni Dünya Tərcüməsi” Allahın adının orijinalda olduğu bütün yerlərdə bərpa edilmiş müasir dildə olan ilk tərcümədir. Bacı-qardaşlar bu tərcüməyə etibar edə bilər. Bu tərcümə onlara Yehovaya məhəbbətlərini daha da artırmağa kömək edəcək».

Bu xəbər bizi çox sevindirdi. Gördüyümüz kimi, Yehova müxtəlif — həm kiçik, həm də böyük dillərə tərcümə işini xeyir-dualandırır (Zəbur 49:1, 2).