Kontentə keç

Respublika Prokurorluğu və Siciliyada (İtaliya) Termini-İmerese məhkəmə binası.

22 AVQUST 2018
İTALİYA

Siciliyada Məhkəmə Yehovanın Şahidləri üçün pasiyent muxtariyyətini yenidən təsdiqləyir

Siciliyada Məhkəmə Yehovanın Şahidləri üçün pasiyent muxtariyyətini yenidən təsdiqləyir

6 aprel 2018-ci il tarixində Siciliyada Termini-İmerese Məhkəməsi qərar verdi ki, bir cərrah Yehovanın Şahidi olan bir qadına zorla qan köçürdüyü üçün cinayət məsuliyyətinə cəlb olunsun. Cərraha əmr olunub ki, vurulan zərərə görə qadına 10 000 avro (11 605 dollar) dəyərində, həmçinin həmin qadının Yehovanın Şahidi olan ərinə 5000 avro (5803 dollar) dəyərində təzminat ödəsin. İtaliya Məhkəməsi bildirdi ki, hər şəxsin öz bədəninə nə etməklə bağlı qərar verməyə dair hüququ var. Şəxs bu qərarları öz etiqadına əsasən verə bilər. Məhkəmə qərar verdi ki, həmin həkim bacının bu hüququnu pozduğu üçün cinayət törədib. Bu, İtaliya məhkəməsində bir həkimi cinayət məsuliyyətinə cəlb edən ilk qərar idi.

Bu məhkəmə işində 2010-cu ilin dekabr ayında öd kisəsindən əməliyyat keçirmiş və əməliyyatdan sonra səhhəti ağırlaşan bir bacı da iştirak etdi. Bu bacı ona qan köçürülməsinə təkidlə imtina etmişdi, amma o, əməliyyat zamanı fiziki cəhətdən məhdudlaşdırılmışdı və ona zorla qırmızı qan hüceyrələri köçürülmüşdü. Onun cərrahı yalandan demişdi ki, bunu etməyə ona bir hakim səlahiyyət verib.

Daha sonra həmin bacı və onun həyat yoldaşı Respublika Prokurorluğuna gedib cərrahi cinayətlə bağlı şikayətlərini bildirmişdi. Məhkəmə qərar verdi ki, «yetkin yaşda və qərar verməyə qadir olan Yehovanın Şahidlərinin vəziyyətində... həkim qan köçürməməlidir», əgər bu müalicə üsulu pasiyentin istəyinə ziddirsə, həkim bundan çəkinməlidir.

Məhkəmə həmçinin elan etdi ki, İtaliya Konstitusiyası həkimlərə razılıq olmadan hər hansı bir müalicəni tədbiq etməyi qadağan edir. Hətta həkim bu müalicə üsulunun vacib olduğunu iddia etsə belə. Məhkəmənin verdiyi bu qərara əsasən, «əgər xəstə açıq-aşkar şəkildə bu müalicə üsulunu istəmədiyini deyirsə, amma həkim xəstəyə bu müalicə üsulunu tədbiq edir və buna səbəb olaraq müalicənin vacib olduğu fikrini irəli sürürsə, belə bəraət qəbul olunmur».

Padua Universitetində tibbi hüquq və bioetika professoru və ekspert şahidi olan Daniel Rodriqez bu məhkəmə işi üçün öz tibbi hesabatlarında bildirib ki, «xüsusi bir müalicə üsulundan imtina etmək hüququ konstitusiya qaydaları tərəfindən qorunur və [İtaliya] Konstitusiyanın 32-ci [maddəsi] açıqlayır ki, “heç kim hüquqi əsasnamə istisna olmaqla, heç bir səbəbdən hər hansı bir müalicə üsulunu qəbul etməyə məcbur edilə bilməz”». İtaliya hüquqşünası və tibbi hüquq eksperti Luka Bençi məhkəmənin bu qərarına rəy bildirərək yazmışdı: «Elə bir qanun yoxdur ki, zorla xəstəyə qan köçürülməsini qəbul etdirməyə əsas versin. Müalicəni rədd etmək hüququnun qorunması hər şeydən vacibdir» («Quotidiano Sanità» (Health Daily)).

Yehovanın Şahidlərinin məhkəmə işləri qrupu ilə işləyən bir hüquqşünas Marçello Rifiçi deyir: «Biz şadıq ki, bu qanun Avropa İnsan Hüquqları Məhkəməsinin qərarları əsasında təsis edilmiş Avropa standartlarına uyğun gəlir. Bu qərarlar bütün pasiyentlərin öz müqqədəratını təyin etmək hüququnu müdafiə edir. Maraqlıdır ki, İtaliya Parlamentinin 2017-ci ildə təsis etdiyi “Vətəndaşlıq Qanunu” kimi tanınan 219/2017 qanunu məhkəmənin 6 aprel 2018-ci il tarixində verdiyi qərar kimi eyni prinsiplərə dayanır».

Məhkəmə işləri qrupu ilə işləyən Luçyo Marsella adlı bir hüquqşünas da rəy bildirir: «Bu məhkəmə qərarı pasiyentin istədiyi müalicə üsulunu seçmək hüququna hörmətlə yanaşaraq, onu ən yaxşı şəkildə müalicə etmək üçün əlindən gələni əsirgəməyən cəsarətli həkimlər üçün bir presedent təşkil edir».