Kontentə keç

I Bratislava Rayon Məhkəməsi və başqa məhkəmələr keçmişdə əqidəsinə görə hərbi xidmətdən imtina etdiyi üçün ittiham olunan Yehovanın Şahidlərinə bəraət qazandırır

27 SENTYABR 2018
DÜNYADAN XƏBƏRLƏR

Çex Respublikasındakı və Slovakiyadakı məhkəmələr dindaşlarımıza bəraət qazandırır

Əqidəsinə görə hərbi xidmətdən imtina edənlərin cinayət qeydləri onilliklərdən sonra silindi

Çex Respublikasındakı və Slovakiyadakı məhkəmələr dindaşlarımıza bəraət qazandırır

1 may 2017-ci il tarixindən 8 yanvar 2018-ci il tarixinə kimi Çex Respublikasındakı və Slovakiyadakı məhkəmələr keçmişdə cinayət ittihamına məruz qalan bacı-qardaşlarımıza bəraət qazandırır. Bu bacı-qardaşlar indi cinayət hesab olunmayan hərəkətlərə görə — hərbi xidmətdən imtina etdiklərinə və təbliğ işində iştirak etdiklərinə görə ittiham olunurdular. Ləğv edilən ittiham hökmlərindən biri 1925-ci ildə çıxarılmışdı. (İttiham hökmündən 90 il keçəndən sonra bəraət qazanan Martin Bur qardaşın hekayəsinə baxın.) Məhkəmələrin qərarları təsdiqləyir ki, dini əqidəyə görə hərəkət etmək dindaşlarımızın fundamental hüququdur.

2017-ci ilin may ayından bəri Çex Respublikasının Ali Məhkəməsi Kommunist rejimi zamanı hərbi xidmətdən imtina edən və ittiham olunaraq həbs edilən 45 dindaşımıza çıxarılan qərarları ləğv etdi. 2017-ci ilin oktyabrında Ali Məhkəmə həmçinin təbliğ işində iştirak etdiyi üçün 1978-ci ildə həbs olunan Martin Maqenhaim qardaşa da bəraət qazandırdı.

Slovakiyada I Bratislava Rayon Məhkəməsi əqidəsinə görə hərbi xidmətdən imtina etdiyi üçün ittiham olunan dörd qardaşımıza bəraət verdi, eyni qərarı Trençin Rayon Məhkəməsi başqa bir qardaşımız barədə verdi. Təbliğ işində iştirak etdiyinə görə 1974-cü ildə həbs olunan Eva Borosova adlı bacımız Rimavska Sobota Rayon Məhkəməsi tərəfindən bəraət aldı. 9 yanvar 2018-ci il tarixində Mixalovtse Rayon Məhkəməsi vicdanına zidd gedən mülki xidmətdə iştirak etməkdən imtina etdiyi üçün dəfələrlə həbs olunan Miloş İşki Yanik adlı qardaşımıza qarşı 1933-ci ildə çıxarılan qərarı ləğv etdi.

Yehovanın Şahidlərini təmsil edən Andre Karbonno adlı bir vəkil deyir: «Bu məhkəmələr onilliklər əvvəl əqidəyə görə hərbi xidmətdən imtina edən və ya təbliğ işində iştirak edən Yehovanın Şahidlərinə bəraət qazandırmaqla fundamental insan hüquqlarının əks etdirdiyi müddətsiz bir prinsipi təsdiqlədi. Bu prinsip vicdan və ibadət azadlığına hörmət etməkdir. Bu məhkəmələr keçmişdə çoxlu ölkələrin insan hüquqlarına hörmət etmədiyi bir vaxtda əqidəsinə görə hərbi xidmətdən imtina edənlərə qarşı etdiklərini düzəltməyə çalışır. Beləcə, bu məhkəmələr hələ də insan hüquqlarına hörmət etməyən ölkələr üçün yaxşı nümunə qoyur. Üstəlik, məhkəmələr təqsirsiz dindaşlarımızın adını təmizə çıxarmağa çalışır. Biz bunu çox qiymətləndiririk, çünki Müqəddəs Kitabda yaxşı adın çox dəyərli olduğu deyilir» (Vaiz 7:1).