Kontentə keç

30 DEKABR 2019
DÜNYADAN XƏBƏRLƏR

«İdai» siklonundan sonra Yehovanın Şahidləri genişmiqyaslı yardım işləri həyata keçirib

«İdai» siklonundan sonra Yehovanın Şahidləri genişmiqyaslı yardım işləri həyata keçirib

2019-cu ilin mart ayında Afrikanın cənub-şərq sahillərində «İdai» siklonu böyük dağıntılar törətmişdi. Zərərçəkən bacı-qardaşlara kömək etmək üçün Malavi, Mozambik və Zimbabve filialları dərhal 14 Təbii fəlakətdən zərərçəkənlərə yardım komitəsi təşkil etmişdi. Bu ölkələrdə qardaşlar ziyan dəymiş 1434 evdən təxminən 650-ni təmir edib və ya yenidən tikib. Ziyan dəymiş 29 ibadət evindən 8-i yenidən tikilib, 10-u isə təmir edilib.

Son doqquz ay ərzində genişmiqyaslı yardım işlərində 3500-dən çox bacı-qardaş iştirak edib. Bəzi könüllülər Braziliya, Fransa, ABŞ kimi uzaq ölkələrdən və Afrikanın digər ölkələrindən gəlib. Peşəkar könüllülər yerli bacı-qardaşları hörgü və dülgərlik kimi işləri görməyi öyrədiblər.

Malavidə tikinti briqadası yenidən tikdikləri kərpic evin qarşısında şəkil çəkdirir

Mozambikin Manika və Sofala əyalətlərindən keçən «İdai» siklonu qardaşlarımızın məhsulunun təxminən 70 faizini məhv edib. Filialın göstərişi ilə Təbii fəlakətdən zərərçəkənlərə yardım komitəsi bu əyalətlərdə yaşayanlara onların gündəlik qida rasionunu təşkil edən qarğıdalı unu, paxla, bitki yağı, duz, şəkər kimi ərzaqlar paylayıb. Ümumilikdə təxminən 430 ton ərzaq paylanılıb. Onlara həmçinin əkmək üçün beş ton pomidor, qarğıdalı, düyü və digər toxumlar paylanılıb.

Malavi filialı yardım işlərini 2020-ci ilin fevral ayında, Mozambik filialı isə 2020-ci ilin yanvar ayında başa çatdırmağı planlaşdırır. Zimbabve filialı isə yardım işlərini 2019-cu ilin sentyabr ayında bitirib. Bu genişmiqyaslı yardım işlərinin ümumi dəyəri 4 milyon ABŞ dollarıdır.

Təbii fəlakətdən zərərçəkənlərə yardım xidmətində çalışan Zimbabve filial komitəsinin üzvü Trent Edson deyib: «Evləri yenidən tikilmiş bacı-qardaşlar çox sevinirdilər. Yerli qardaşların və uzaqdan gələnlərin qayğısını görmək çox xoş idi. Hamı necəsə kömək etmək istəyirdi».

Afrikanın cənub-şərqində baş vermiş bu qasırğadan ziyan çəkmiş 10 000-dən çox bacı-qardaşla birgə biz «dar gün»də gördüyümüz bu əsl isti qardaşlıq məhəbbətinə görə Yehovaya şükürlərimizi ucaldırıq (Məsəllər 17:17).

 

Könüllülər Mbendera Velosi qardaşın və onun həyat yoldaşı Esinala bacının evini bərpa edib. Ər-arvad Malavidəki Nkolonqonyo yığıncağında xidmət edir

Nehemya Tiqera qardaş və onun həyat yoldaşı Fatima Senqam Tiqera bacı yenidən tikilmiş evlərinin qarşısında (Zimbabve)

Rayon nəzarətçiləri Vitness Yabu və Avqustin Kamadzi evləri dağılmış ailəyə baş çəkir və onlara təsəlli verirlər (Nçalo, Malavi)

Qardaşlar Şimoyo şəhərindəki yardım mərkəzində qarğıdalı dənləri ilə dolu torbaları maşına yükləyir. Bunlar Mozambikdə zərərçəkən qardaşlara çatacaq

Qardaşlar Mozambikin sərhəd ərazilərində yaşayanlara yardım çatdırmaq üçün kanoelərlə Şire çayını keçməyə hazırlaşır

Bacı-qardaşlar Malavidəki qardaşlardan aldıqları yardımı Mozambikin Tenqani kəndindəki ibadət evinə aparırlar. Oradan yardım qardaşlara paylanılır

Tenqani kəndindəki ibadət evində bacı-qardaşlar yardım alırlar