Kontentə keç

10 DEKABR 2019
BRAZİLİYA

Təbliğçilərin sədası Braziliyanın uzaq kənd ərazilərindən gəlir

Təbliğçilərin sədası Braziliyanın uzaq kənd ərazilərindən gəlir

On minlərlə Yehovanın Şahidi Braziliyanın kənd ərazilərinin sakinlərinə xoş xəbəri çatdırmaq üçün var gücü ilə çalışır. 2018-ci il sentyabrın 1-də start verilmiş bu kampaniya 2019-cu il dekabrın 31-i başa çatacaq. İndiyədək bu kampaniyada 80 000-dən çox təbliğçi iştirak edib, 16 000-dən çox insanla Müqəddəs Kitab dərsinə başlanılıb.

Braziliya ərazisinə görə dünyada beşinci yerdədir. Hesablamalara görə, kənd ərazilərində 28 milyon insan yaşayır. Bundan əlavə, 22 milyon insan təcrid olunmuş şəhər və kəndlərdə yaşayır. Xüsusi kampaniyanın iştirakçıları artıq 1600-dən çox ərazidə təbliğ ediblər. Təbliğçilərdən bəziləri insanların məskunlaşdıqları yerlərə gəlib çatmaq üçün 2000 kilometrdən çox məsafə qət ediblər.

Bir təbliğçi qəhvə məhsulunu yığdıqdan sonra dənələri emal edən yaşlı bir kişinin evinə gəldi. Kişi təbliğçini içəriyə dəvət etdi və arvadını çağırıb dedi: «O, bizimlə Müqəddəs Kitab haqqında danışmağa gəlib. Gəl qulaq asaq».

Ər-arvad suallar verməyə başladı. Onları ölülərin vəziyyəti, Allahın nəyə görə əzab-əziyyətlərə yol verdiyi, gəlirin onda birini ianə etməyin düzgün olub-olmadığı, ailə problemlərini həll etməyin yolları və bir çox digər suallar narahat edirdi. Təbliğçinin bütün suallara Müqəddəs Kitabdan cavab verməsi onu çox heyrətləndirdi. Kişi izah etdi ki, həmin səhər Allaha dua edirdi və duada Allahdan nə vaxtsa çoxsaylı suallarına cavab tapıb-tapmayacağını soruşub. Ər-arvad elə həmin axşam keçirilmiş yığıncaqda iştirak etdi. Onlara bu günədək Müqəddəs Kitab dərsləri keçirilir.

Başqa bir ərazidə təbliğçilər ev-ev təbliğ edərkən bərk yağışa düşdülər və xəstəxanaya girdilər. Orada olan bir qadından və onun qızından Allaha hansı suallar vermək istədiklərini soruşdular. Qız cavab verdi ki, onun arzusu vəfat etmiş nənəsini yenidən görməkdir. Təbliğçilər onlara dirilmə haqda ayələr və «Tezliklə dirilmə olacaq» videosunu göstərdilər.

Bu söhbətdən bir qədər sonra təbliğçilər qadına evində baş çəkdilər. Qadın və onun ailəsi Müqəddəs Kitabı öyrənməyə başladı. Qadın öz qızları ilə yaxın şəhərdə keçirilən yığıncaqda iştirak etdi. Onlarla Müqəddəs Kitab dərsləri telefon vasitəsilə davam etdirilir.

Müqəddəs Kitabda peyğəmbərlik edilib ki, Allahın «səltənəti... dünyanın hüdudlarınadək uzanacaq». Braziliyanın kənd ərazilərində keçirilən bu təbliğ kampaniyası göstərir ki, Yehova həqiqətən də bu peyğəmbərliyin yerinə yetməsinin qayğısına qalır (Zəbur 72:8).