Kontentə keç

Daxau həbs düşərgəsində keçirilən anma mərasiminin direktoru Dr. Qabriele Hammermann çıxışında Maks Ekkertin xatirəsinə həsr olunmuş anma lövhəsinin bir şəklini təqdim edir

9 İYUL 2018
ALMANİYA

Maks Ekkert qardaşın xatirəsi Daxau həbs düşərgəsində keçirilən anma mərasimində anılır

Maks Ekkert qardaşın xatirəsi Daxau həbs düşərgəsində keçirilən anma mərasimində anılır

7 may 2018-ci il tarixində Daxau həbs düşərgəsində 200 insanın iştirakı ilə anma mərasimi keçirildi. Orada Maks Ekkert qardaşın xatirəsinə həsr olunmuş bir lövhə sərgiləndi. O, keçmiş Daxau düşərgəsində iki ildən çox həbsdə saxlanılmış, daha sonra Avstriyada qəddar əməlləri ilə tanınan Mauthauzen həbs düşərgəsinə göndərilmiş və heç vaxt evinə geri dönə bilməmişdi. Baxmayaraq ki, ölümündən əvvəl Ekkert qardaşı cəmi bir neçə insan tanıyırdı, indi isə o, çoxları tərəfindən Allaha sədaqətli və sarsılmaz iman sahibi olan bir insan kimi tanınır.

Maks Ekkert qardaşın həbsdə yatdığı keçmiş Daxau həbs düşərgəsinin bu yaxınlarda çəkilmiş şəkli

Maks Ekkert qardaşın həyatını itirdiyi Mauthauzen həbs düşərgəsi

Ekkert qardaş haqqındakı məlumatlar göstərir ki, o, Allaha sədaqətini həmişə qoruyub saxlayıb. O və həyat yoldaşı əqidələri barədə başqaları ilə bölüşdükləri üçün 1935-ci ilin əvvəllərində cərimə cəzasına məhkum edilmişdilər. Qardaş daha sonra üzərində svastika olan bayrağı daşımaqdan imtina etdiyi üçün işdən qovulmuşdu. O, 1937-ci ildə Daxau həbs düşərgəsinə salınaraq, təxminən 600 qorxmaz Yehovanın Şahidlərindən biri olmuşdu. İki ildən çox müddət keçəndən sonra ən azı 90 000 məhbusun amansız şərait ucbatından öldüyü Mauthauzen həbs düşərgəsinə göndərilmişdi. 1940-cı il fevralın 21-i Ekkert qardaşın həyat yoldaşı bir teleqram almışdı. Orada çox rəsmi və kobud şəkildə yazılmışdı: «Əriniz bu gün həbs düşərgəsində ölüb. Əlavə məlumat üçün polislə əlaqə saxlayın». O, öləndə cəmi 43 yaşı var idi.

Daxau həbs düşərgəsində keçirilən anma mərasiminin direktoru Dr. Qabriele Hammermann öz təqdimatında açıqlama verdi: «Müqəddəs Kitab Tədqiqatçıları [daha sonra Yehovanın Şahidləri kimi tanındı] sırf əqidələrinə görə təqib edilirdi. Əqidələri onlara hər hansı nasist təşkilatının üzvü olmağa, Hitlerə salam verməyə və hərbi xidmətdə iştirak etməyə yol vermirdi». O, sözlərinə əlavə edərək dedi: «Müqəddəs Kitab tədqiqatçılarının yaxşı davranışına görə məhbus yoldaşları onlara hörmət edirdi və onların göstərdikləri mətanət, kömək etmək istəkləri məhbusların [diqqətindən yayınmırdı]».

Yehovanın Şahidlərinin Almaniyadakı nümayəndəsi Volfram Slupina qardaş bildirdi ki, mərasimdə iştirak edənlərin əksəriyyəti Maks Ekkert qardaşı tanımırdı. O deyir: «Bizdə Maks Ekkert qardaşın şəkli belə yox idi». Onun sözlərinə əsasən, mərasimdə sərgilənən lövhə Maks Ekkert qardaşın nə qədər mətanətli olduğunu və ölüm bahasına olsa belə imanından dönmədiyini açıq-aşkar göstərdi.

Şübhəsiz, Yehova imanına görə həyatını itirən bütün bəndələrinin, eləcə də Maks Ekkert qardaşın imanını və sədaqətini unutmur (İbranilərə 6:10).