Kontentə keç

SİNQAPUR

Əqidə məhbusları

Əqidə məhbusları

Sinqapurda Yehovanın Şahidi olan on üç gənc oğlan əqidəyə görə hərbi xidmətdən imtina etdiyi üçün həbsdə saxlanılır. Onlardan doqquzu ikinci həbs müddətlərini çəkir, çünki onlar ilk həbs müddətləri bitdikdən sonra öz mövqelərini dəyişməkdən imtina edib. Sinqapur əqidəyə görə hərbi xidmətdən imtina etmək hüququnu tanımadığı və icbari hərbi xidmət keçməyə məcbur etdiyi üçün bu gənc oğlanların heç bir daxili hüquqi müdafiə vasitələri yoxdur.

18 yaşa çatmış gənclərdən Sinqapur ordusuna daxil olmaq tələb olunur. Əgər gənc əqidəsinə görə hərbi xidmətdən imtina edirsə, onu 15 ay müddətinədək hərbi düşərgəyə göndərirlər. Bu müddət bitdikdən sonra onu azad edir və dərhal hərbi forma geyinib hərbi təlimlərə qatılmağı əmr edirlər. Əgər o yenə də imtina edirsə, hərbi məhkəmə bu dəfə onu 24 ay müddətinədək təkrarən həbsə məhkum edir.

Beləliklə, əqidələrinə görə hərbi xidmətdən imtina edən gənc Yehovanın Şahidlərinə ümumilikdə 39 ayadək iki ardıcıl həbs müddəti təyin edilir.

Sinqapur BMT-nin göstərişlərinə əməl etməkdən imtina edir

Xeyli müddətdir BMT üzv-dövlətlərini «əqidəyə görə hərbi xidmətdən imtina hallarının İnsan Hüquqları haqqında Ümumi Bəyannamədə təsbit edilmiş düşüncə, vicdan və din azadlığı hüququnun təzahürü kimi qiymətləndirilməli olduğunu» tanımağa səsləyir. Sinqapur 1965-ci ildən BMT-nin üzvü olsa da, bu məsələdə onunla razı olmadığını bildirib. BMT-nin İnsan Hüquqları Komissiyasına ünvanladığı 24 aprel 2002-ci il tarixli məktubunda Sinqapurun hökumət nümayəndəsi yazıb: «Kiminsə şəxsi baxışları və ya hərəkətləri [milli müdafiə maraqlarına] zidd olduğu hallarda dövlətin öz milli təhlükəsizliyini təmin etmək hüququ üstün tutulmalıdır». Həmin məktubda o, birmənalı şəkildə bəyan edib: «Biz əqidəyə görə hərbi xidmətdən imtina hüququnun dünya səviyyəsində tətbiq edilən olduğunu tanımırıq».

Hadisələrin gedişatı

  1. 17 dekabr 2019-cu il

    Əqidəyə görə hərbi xidmətdən imtina etdiyi üçün həbsdə saxlanılan Yehovanın Şahidlərinin sayı: 13.

  2. 24 aprel 2002-ci il

    Sinqapurun hökumət nümayəndəsi təsdiq edir ki, dövlət əqidəyə görə hərbi xidmətdən imtina hüququnu tanımır.

  3. Fevral 1995-ci il

    Sinqapur vətəndaşları olan Yehovanın Şahidləri daha çox təqiblərə məruz qalır; həbslər artır.

  4. 8 avqust 1994-cü il

    Sinqapurun Ali Məhkəməsi Yehovanın Şahidlərinin şikayətini rədd edir.

  5. 12 yanvar 1972-ci il

    Sinqapur hökuməti Yehovanın Şahidlərinin qeydiyyatını ləğv edir.