Kontentə keç

Teymur Əhmədov həbsdən öncə

13 OKTYABR 2017
QAZAXISTAN

Qazaxıstan Teymur Əhmədovu qeyri-qanuni həbs altında saxlamaqda ittiham olunur

Qazaxıstan Teymur Əhmədovu qeyri-qanuni həbs altında saxlamaqda ittiham olunur

BMT-nin Özbaşına Həbslər üzrə İşçi Qrupu (ÖHİQ) Qazaxıstan hökumətini Teymur Əhmədovu həbsdə saxladığına görə mühakimə edərək onun dərhal azad olunmasını tələb etdi *. Bu İşçi Qrupu 2 oktyabr 2017-ci il tarixində yayımladıqları qərarda dinc şəkildə öz imanını başqaları ilə bölüşən Teymur Əhmədovu 18 yanvar 2017-ci il tarixindən bəri özbaşına həbs altında saxlayan Qazaxıstan hökumətini təqsirli bildi.

ÖHİQ-in qərarları

İşçi Qrupu verdiyi qərarda Teymur Əhmədovun həbsini «özbaşına həbslər» kateqoriyasına aid etdi. Həmçinin bildirdi ki, hökumət Əhmədovu din və söz azadlığı hüququndan məhrum edib və onu ədalətsiz şəkildə mühakimə edib. Bütün bunlara səbəb kimi, Əhmədovun Yehovanın Şahidi olaraq öz dini fəaliyyətlərini icra etməsi əsas gətirilib.

Bundan əlavə, ÖHİQ Teymur Əhmədovun ədalətsiz həbsini və mühakimə olunmasını qınadı. İşçi Qrupu BMT İnsan Hüquqları Komitəsinin Qazaxıstanı tənqid edən daha öncəki qərarına istinad edərək, «hökumətin “ekstremizm” anlayışını geniş tədbiq etdiyini... və ekstremizmə qarşı qanundan sui-istifadə edərək din, söz və sərbəst toplaşmaq azadlığı hüququnu məhdudlaşdırdığını» bildirdi. ÖHİQ qeyd etdi ki, bu qanun «Qazaxıstan hökumətində din azadlığı hüququndan tam yararlanmaq haqqına ciddi təhlükə yaradır» və «bu təhlükənin bariz nümunəsi Teymur Əhmədovdur».

Həmçinin ÖHİQ Teymur Əhmədovun dini fəaliyyətinin «tamamilə sülhyönümlü» olduğunu və başqaları ilə dini mövzularda apardığı söhbətlərin heç bir zorakılıq və ya dini ədavətə təhrik etmədiyi dəfələrlə vurğuladı. Bundan əlavə, İşçi Qrupu qeyd etdi ki, hökumət «Teymur Əhmədovun dini fəaliyyətinin ədavət oyatdığına və başqalarını ədavətə təhrik etdiyinə dair heç bir dəlil təqdim etməyib», həmçinin «dinc şəkildə keçirilən dini görüşlərdə iştirak etməyin və sülhyönümlü dini söhbətlərin aparılmasını hansı əsasla cinayət hesab olunduğunu hələ də izah etməyib». ÖHİQ-in açıqlamasına əsasən, «Teymur Əhmədov “Beynəlxalq Pakt”ın 18-ci maddəsinə əsaslanan dini azadlıq hüququndan yararlanmaqdan başqa heç nə etməyib» *.

Üstəlik, ÖHİQ Qazaxıstanın Əhmədovla rəftarını, hökumət nümayəndələri tərəfindən Yehovanın Şahidlərinə qarşı dini dözümsüzlüklə əlaqələndirdi. Teymur Əhmədovun həbs olunduğu gün rəsmilərin Yehovanın Şahidlərinin ibadət yerinə reyd keçirməsi və ədəbiyyatlara əl qoyması bunu təsdiqləyir.

«ÖHİQ-nin açıqlamasına əsasən, Teymur Əhmədov Beynəlxalq Paktın 18-ci maddəsinə əsaslanan dini azadlıq hüququndan yararlanmaqdan başqa heç nə etməyib» (Rəy, abz. 39).

Qazaxıstan rəsmiləri hərəkətə keçməlidir

ÖHİQ Qazaxıstan hökumətindən «Teymur Əhmədovla bağlı məsələnin həll olunması üçün dərhal zəruri addımların atılmasını» tələb etdi. Bunun ən yaxşı həll yolunun isə «Əhmədovun təcili şəkildə azadlığa buraxılması, haqqı çatan və dəymiş zərərin qarşılığı olan təzminatın ödənilməsi» olduğunu qeyd etdi. Həmçinin Teymur Əhmədova qarşı münasibətin gələcəkdə təkrarlanmaması üçün hökuməti qanunda beynəlxalq öhdəlikləri yerinə yetirəcək islahatlar aparmağa çağırdı.

13 oktyabr 2017-ci il tarixində Əhmədovun vəkilləri Qazaxıstan Ali Məhkəməsinə ÖHİQ-nin qərarının həyata keçirilməsi, müttəhimə bəraət qazandırılması və dərhal azadlığa buraxılması tələbi ilə apelyasiya şikayəti verib.

Teymur Əhmədova qarşı haqsızlığın beynəlxalq ictimaiyyətin diqqətindən yayınmaması bütün Yehovanın Şahidlərini ürəkdən sevindirir. Həmçinin bu, Qazaxıstanın din azadlığına daha hörmətlə yanaşmalı olduğunu aydın göstərir. Yehovanın Şahidləri ümid edir ki, Qazaxıstan ÖHİQ-in qərarını yerinə yetirərək Teymur Əhmədovu dərhal azadlığa buraxacaq.