Kontentə keç

İkinci dərəcəli menyu

Yehovanın Şahidləri

Azərbaycan

9 DEKABR 2013-CÜ İL
CƏNUBİ KOREYA

Cənubi Koreya etiqadlarına görə həbsdə olan yüzlərlə adamları cinayətkarlardan ayırdı

Cənubi Koreya etiqadlarına görə həbsdə olan yüzlərlə adamları cinayətkarlardan ayırdı

Cənubi Koreya hökuməti etiqadlarına görə hərbi xidmətdən imtina etdikləri üçün həbsxanaya salınan yüzlərlə Yehovanın Şahidinin vəziyyətini müəyyən dərəcədə yüngülləşdirib. Necə? Onları digər məhbuslardan ayırmaqla.

Vəziyyətin belə müsbət istiqamət alması 2012-ci il dekabr ayında Yehovanın Şahidlərinin Koreyadakı nümayəndələrinin Koreya Penitensiar Xidmətinin yüksəkvəzifəli şəxsləri ilə görüşün nəticəsidir. Şahidlərin nümayəndə heyətində həbsdə olan oğluna görə narahatçılıq keçirən bir ata da var idi. Heyətin üzvləri gənc Şahidlərin ağır cinayətlər törətmiş canilərlə çox vaxt bir kameralarda saxlanılması ilə əlaqədar öz narahatçılıqlarını bildirmişdilər. Bu görüşdən sonra beş ay ərzində həbsdə olan Yehovanın Şahidlərinin 70 faizindən çoxunu digər məhbuslardan ayırıb, həmimanlıları ilə eyni kameralara saldılar.

Etiqadlarına görə hərbi xidmətdən imtina edənlərin həbsə salınmasının uzun tarixçəsi. Artıq neçə onilliklərdir ki, Cənubi Koreyada Müqəddəs Kitabdakı göstərişə əməl edərək əllərinə silah götürməkdən imtina edən Yehovanın Şahidləri həbsə salınır. Hal-hazırda bu səbəbə görə həbsxanalarda təxminən 600 Yehovanın Şahidi saxlanılır. Ötən 60 il ərzində 17 000-dən çox Yehovanın Şahidi hərbi xidmətdən imtina etdiyi üçün həbsdə olub. Koreyada 19—35 yaş arası kişilər üçün hərbi xidmət mütləqdir.

Yehovanın Şahidlərinin bir neçə nəslin nümayəndələrinin eyni səbəbə görə cinayətkar kimi məhkum olunub həbsxanaya salınmaları adi haldır. 2000-ci ildə həbsxana müddətini bitirən Sönkuk No deyir: «Məni atamın cavanlıqda olduğu həbsxanaya göndərmişdilər. Oradakı vəziyyət atamın dövründən bu yana heç dəyişməmişdi». Etiqadlarına görə hərbi xidmətdən imtina edənlərə bu gün, orta hesabla, 18 ay hökm kəsilir. İndiyədək Cənubi Koreya hökuməti alternativ mülki xidmət proqramını təsis etməyib.

Ho Gyo Kana hərbi xidmətə getməkdən imtina etdiyi üçün həbs cəzası kəsiləndə 21 yaşı vardı. O, ilk dəfə idi ki, öz ailəsindən ayrı düşmüşdü. O xatırlayır: «Mən çox qorxurdum və yaman narahat idim». Onu, eləcə də digər gənc Şahidi həbsxanada islahedilməzlər adı qazanan və yaşca onlardan böyük olan cinayətkarlarla eyni kameraya salmışdılar. Onlardan bəziləri qatil və cinayətkar dəstə üzvləri idi.

Çox vaxt əksər kamera yoldaşlarından yaşca xeyli kiçik olan Yehovanın Şahidləri dəmir barmaqlıqlar arxasına düşdükləri gündən ta oradan çıxanadək fiziki və mənəvi zorakılığa məruz qalırlar. Kamera yoldaşları onlara hədə-qorxu gəlir və onlarla pis rəftar edirlər. Belə bir şəraitdə Şahidlər sərbəst şəkildə öz dinlərinə etiqad edə, yəni dua edə və Müqəddəs Kitabı araşdıra bilmirlər. İllər ərzində bir çox gənc Şahidlər onlarla eyni kamerada olan təhlükəli cinayətkarların alçaldıcı rəftarına səssizcə dözürdülər.

Məhbusları ayırmaq beynəlxalq normalara müvafiqdir. Cənubi Koreya hökumətinin həbsdə olan əksər Şahidləri cinayətkarlardan ayırması məhbuslarla rəftar haqda ümumi prinsiplərə, məsələn, BMT-nin Məhbuslarla minimal standart rəftar qaydaları konvensiyasının 8-ci maddəsinə müvafiqdir. Cənubi Koreya Avropa Birliyinə üzv olan Yunanıstanın təqribən 20 il bundan əvvəl atdığı addımı atdı. O zaman Yunanıstanın Ədliyyə və Müdafiə Nazirlikləri etiqadlarına görə hərbi xidmətdən imtina edən Yehovanın Şahidlərini digər məhbuslardan tamamilə ayırmaq tədbirlərini təsdiqləmişdi. 1992-ci ildə Müdafiə Nazirliyi Salonikidəki Sindos hərbi düşərgəsini sırf Yehovanın Şahidləri üçün nəzərdə tutulan həbsxanaya çevirdi. Rəsmi hesabatda açıq bildirilirdi ki, «Müdafiə Nazirliyinin məhbusların [Yehovanın Şahidlərinin] qeyri-adiliyini nəzərə alaraq göstərdiyi həssaslıq» sayəsində Yehovanın Şahidləri olan məhbusları digər məhbuslardan ayırıb, başqa kameralarda yerləşdirmək qərarı verilmişdi. 1998-ci ildən etibarən Yunanıstanda etiqadlarına görə hərbi xidmətdən imtina edən Yehovanın Şahidlərini artıq həbsə salmırlar.

Dərin kök salmış şəxsi etiqadlarına görə həbsdə olan əksər Şahidləri digər məhbuslardan ayıran Cənubi Koreya hökuməti də bu məsələdə həssaslıq nümayiş etdirdi *. Şahidlərin sayı çox olan bir neçə cəzaçəkmə müəssisələri və həbsxanalar etiqadlarına görə həbsdə olanlar üçün daha təhlükəsiz şərait yaradaraq bu təşəbbüsü müvəffəqiyyətlə həyata keçirdi. Kunsan həbsxanasında yatan bir məhbus Şahid bunun müsbət nəticələri haqda deyir: «Biz əxlaqsızlıq və ədəbsiz danışıq kimi zərərli təsirdən uzağıq. İndi biz iman qardaşlarımızla faydalı ünsiyyətdən zövq ala bilirik».

«İndi biz iman qardaşlarımızla faydalı ünsiyyətdən zövq ala bilirik»

Həll olunmamış məsələ: etiqadlara görə hərbi xidmətdən imtina etmək hüququnun tanınması. Yehovanın Şahidləri olan məhbusları digər məhbuslardan təzəlikcə ayıran Cənubi Koreyanın hərəkəti tərifəlayiq olsa da, dövlət hələ də bu məsələni çoxdan həll edən ölkələrin nümunəsini izləmir. Məsələn, Yunanıstan 1997-ci ildən etiqadlarına görə hərbi xidmətdən imtina edənlər üçün alternativ mülki xidmət təsis edib. Almaniyada da əvvəllər alternativ mülki xidmət var idi, ancaq 2011-ci ildə hərbi mükəlləfiyyət ləğv edildikdən sonra etiqadlarına görə hərbi xidmətdən imtina edənlər də alternativ mülki xidmətdən azad edilir. Tayvanda isə alternativ xidmət haqqında qanun 2000-ci ildən qüvvədədir.

Cənubi Koreyadakı gənc Şahidlər və onların ailə üzvləri ümid edirlər ki, nə vaxtsa hökumət vicdan azadlığı ilə bağlı beynəlxalq standartlara uyğun davranacaq.

^ abz. 9 Koreyanın riayət etməyi üzərinə götürdüyü beynəlxalq qanunda etiqadlara görə hərbi xidmətdən imtina insan hüquqlarından biri olduğu deyilir. Baxın: «Cənubi Koreyadakı haqsızlıq beynəlxalq ictimaiyyətin etirazına səbəb olub».