Kontentə keç

31 MAY 2018
RUSİYA

Rusiyada daha bir Yehovanın Şahidi ekstremist fəaliyyətdə ittiham olunur

Rusiyada daha bir Yehovanın Şahidi ekstremist fəaliyyətdə ittiham olunur

Yehovanın Şahidi və təqaüdçü dərzi olan 70 yaşlı Arkadya Akopyan bir ildir ki, ekstremist fəaliyyətdə ittiham olunur. Əgər təqsirli bilinərsə, ya ağır cəriməyə, ya da 4 illik həbs cəzasına məhkum ediləcək.

Qarşı tərəfin vəkilləri iddia edir ki, Arkadya Akopyan illərdir müntəzəm iştirak etdiyi ibadət evində söylədiyi bir dini məruzə zamanı «dini nifrətə təhrik» etməkdə təqsirlidir. Prokuror məhkəmədə Yehovanın Şahidi olmayan altı nəfərin yalan şahidliyinə arxalanır. Bu şahidlər iddia edir ki, Arkadya Akopyan öz məruzəsi zamanı böhtanla dolu ifadələr işlədib və başqalarına paylamaları üçün onlara «ekstremist» ədəbiyyat verib.

Arkadya Akopyan və onu tanıyanlar bu iddiaları inkar edir. Onun vəkili məhkəmədə sübut etdi ki, iddialar irəli sürən altı şahid Arkadya Akopyanın həmin məruzəni söylədiyi gün orada olmayıblar. Bundan başqa, Yehovanın Şahidləri dindaşları olmayan kəslərə başqalarına paylamaları üçün dini ədəbiyyat vermirlər. Arkadya Akopyanın Yehovanın Şahidi olmayan həyat yoldaşı Sonya çarpaz dindirilmə zamanı məhkəməyə ifadə verdi ki, 40 illik evliliyi boyunca xoşbəxt həyat sürüb və əri heç vaxt qohumlarını Yehovanın Şahidi olmağa məcbur etməyib.

Hakim Oleq Qolovaşko göstəriş verdi ki, Arkadya Akopyanın məruzəsində «dini nifrətə təhrik»in olub-olmadığını müəyyən etmək üçün onun söylədikləri ekspertizadan keçsin. Arkadya Akopyanın 15 may 2018-ci il tarixində keçirilən ən son dinləməsində hakim bildirdi ki, 2018-ci ilin sentyabr ayı ərzində ekspertizanın cavabı tamamlanmalı, amma eyni zamanda məhkəmə davam etməlidir. Növbəti dinləmə 5 iyun tarixinə planlaşdırıldı, həmin gün Arkadya Akopyanın çarpaz dindirilməsi aparılacaq. O, məhkəməyəqədərki həbsdə saxlanılmasa da, 2017-ci ilin may ayında Proxladnı Rayon Məhkəməsində başlayan məhkəmə işindən bəri yaşadığı ərazini tərk edə bilmir.

Yehovanın Şahidlərinin baş hüquq məsləhətçisinin köməkçisi Qreqori Allen deyir: «Arkadya Akopyan Rusiyanın ekstremizmlə bağlı qanunu Yehovanın Şahidlərinə qarşı yanlış şəkildə tədbiq etməsinin daha bir qurbanıdır. O təqsirsizdir və sadəcə olaraq, Allaha dinc şəkildə ibadət etmək istəyən, qanunlara itaət edən bir vətəndaşdır. Hökumətin Yehovanın Şahidlərini yanlış olaraq hədəfə alması nəticəsində, onların hər biri təzyiqə məruz qalır və ölkənin müxtəlif sosial təbəqələri zərər görür».

Arkadya Akopyan Rusiyada haqsız olaraq «ekstremist fəaliyyətdə» ittiham olunan ikinci Yehovanın Şahididir. Birincisi, cinayət işi 2018-ci ilin fevral ayında Oryolda başlayan Denis Kristensendir. O, bir ildir məhkəməyəqədərki həbsdə saxlanılır və təqsirli bilinərsə, on il müddətinə həbs cəzasına məhkum edilə bilər *. Onlardan başqa yeddi Yehovanın Şahidi Rusiyanın müxtəlif bölgələrində məhkəməyəqədərki həbsdə saxlanılır, amma ortada heç bir rəsmi ittiham yoxdur.

^ abz. 7 Bu iki Yehovanın Şahidi Cinayət Məcəlləsinin müxtəlif maddələri altında ittiham olunub. Arkadya Akopyan 282-ci maddənin 1-ci abzasına əsasən, dini nifrətə təhrik etməkdə ittiham olunur. Denis Kristensen isə Cinayət Məcəlləsinin 282-ci maddəsinin 2-bəndinin 1-ci abzasına əsasən, ekstremist elan edilən dini təşkilatın fəaliyyətini təşkil etməkdə ittiham olunur. Bu ittiham təsdiqlənərsə, onu ağır həbs cəzası gözləyir.