Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

14 YANVAR 2013-CÜ İL
FRANSA

İrenis Mulonqa — Fransanın ən yaşlı vətəndaşı

İrenis Mulonqa — Fransanın ən yaşlı vətəndaşı

2012-ci ilin noyabrında 112 yaşı tamam olan İrenis Mulonqa Fransanın ən yaşlı vətəndaşı hesab edilir. O, Yehovanın Şahidi kimi də yaxşı tanınır.

Fransada yaşayan Mariya Riçard son vaxtlaradək ən yaşlı fransız sayılırdı. Amma yüz yaşı haqlamış bu qadın İrenisdən 22 gün kiçikdir. Ötən ilin oktyabr ayında 112 yaşının olmasına az qalmış vəfat edən Mariya Riçard da Yehovanın Şahidi idi.

İrenisin həyatı əzab-əziyyətsiz ötüşməyib. Hələ iki yaşı olanda o yaşadığı Martinika adasındakı doğma kəndinin yaxınlığında Montan-Pele vulkanının püskürməsi zamanı sağ qalmışdı. 15 yaşında ikən İrenis ailəsinə pul sarıdan kömək etmək üçün Fransa Qvianasına köçmüş və orada işə düzəlmişdi. Bir neçə ildən sonra Martinikaya qayıdan İrenis ailə həyatı qurdu. Əfsuslar olsun ki, elə cavan yaşlarında o, yoldaşı Andreni itirdi və üç qızını tək böyütməli oldu.

Ailəsini dolandırmaq üçün İrenis banan plantasiyasında işləyirdi. Hal-hazırda 80-dən çox yaşı olan keçmiş iş yoldaşı onu zəhmətkeş bir insan kimi xatırlayır. O deyir: «İrenis bir günə 175 ağır banan salxımını yükləmə üçün hazırlayırdı!»

Bəzən həyatda ağrılı-acılı günləri olsa da, İrenis hər zaman müsbət əhval-ruhiyyəsini qoruyub saxlayırdı. Onun nəslindən olan 75 nəfərdən biri onun haqqında demişdi ki, o, «çox şən, ağıllı və hər zaman xoş xatirələrindən danışmağı sevən» bir insandır. Yaşlı insanların əksəriyyətinin xasiyyəti belə olur.

Uzunömürlü olmaqda irsi faktorların rolu olsa da, insanın sürdüyü həyat tərzi və nikbin olması da vacibdir. Yüzü haqlayan insanlardan uzunömürlülüklərinin sirrini soruşanda çoxu cavab verir ki, bu, fəal həyat tərzi, normasında qidalanma və həyat eşqidir. Bir araşdırmanın nəticəsinə əsasən, belə insanlar «olduqca fəal və dinamik olurlar».

Çoxları düşünür ki, insanın uzunömürlü olması üçün gərək günü-güzaranı yaxşı olsun. Amma bu heç də belə deyil. Fransada aparılan bir geniş araşdırma göstərdi ki, yüzü haqlayan insanların əksəriyyəti, “odda yanmaz, suda batmaz”, yəni «qarşılaşdıqları çətinliklərə sinə gərən möhkəm adamlardır».

Bunu həyatda çoxlu problemlərə üzləşən İrenisə də şamil etmək olar. Nəvələrindən biri onun nikbin əhval-ruhiyyəsindən çox vaxt ağızdolusu danışır: «O, çətinliklə hərəkət etsə də, heç vaxt gileylənmir».

İrenisin uşaqlıqdan katolik olmasına baxmayaraq, onun Allah və ömrün qısa olması ilə bağlı çoxlu sualları olub. Müqəddəs Kitabı Yehovanın Şahidləri ilə öyrənməyə başladıqdan sonra o, suallarına qaneedici cavab tapdı. 74 yaşında İrenis Yehova Allahın xidmətçisi oldu. Ondan ahıl yaşla və səhhətlə bağlı problemlərə tab gətirməyə nəyin kömək etdiyini soruşanda o, çox vaxt belə deyir: «Yehova mənim gücümdür. O, mənim “qüdrətli əlimdir”. Buna görə “günbəgün yeniləndiyimi” hiss edirəm!» (Qanunun təkrarı 3:24; 2 Korinflilərə 4:16).