Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

28 İYUL 2014–CÜ İL
UKRAYNA

Hüquq-mühafizə orqanlarının fəaliyyətsizliyi ucbatından Ukraynada zorakılıq baş alıb gedir

Hüquq-mühafizə orqanlarının fəaliyyətsizliyi ucbatından Ukraynada zorakılıq baş alıb gedir

«Pis əmələ görə cəza... verilmədiyi üçün insanların ürəyi pislik etməyə cürətlənir». Bu məsəlin doğruluğu Ukraynada baş verən hadisələrdən görünür. Bu ölkədə sayı günü-gündən artan Yehovanın Şahidləri dini nifrət zəminində cinayətin qurbanı olurlar. Yehovanın Şahidləri dini azadlıq təmin etdiyi üçün Ukrayna dövlətinə minnətdardırlar. Bununla belə, onlar narahatdırlar ki, onlara qarşı dini nifrət zəminində törədilən cinayətlər günü-gündən artır və dövlət cinayətkarlara qarşı heç bir cəza tədbiri görmür.

Hücumlar artır

2008-ci ildən bəri Ukraynada ibadət görüşləri zamanı və ya ondan sonra Yehovanın Şahidlərinə qarşı 64 dəfə fiziki zorakılıq törədilib. Bunlardan on altısı Pravoslav kilsəsinin keşişləri tərəfindən törədilib.

2008—2013-cü illərdə 190 dəfə ibadət yerlərinə basqın edilib və cinayətkarlar 13 dəfə bu binalara od vurub məhv etməyə cəhd etmişlər. 2012—2013-cü illərdə ibadət yerlərinə edilən basqınların sayı əvvəlki dörd ilə nisbətən ikiqat artmışdır.

Bununla yanaşı, hücumlar da get-gedə şiddətlənir. 2012-ci ildə Donetsk vilayətində iki ibadət yeri yandırılaraq tamamilə yararsız hala salınmışdı. 2013-cü ildə törədilən iki fiziki zorakılıq zamanı zərərçəkənlərə o qədər ciddi xəsarət yetirilmişdi ki, onlar uzun müddət xəstəxanada qalmalı olmuşdular.

Yehovanın Şahidləri müdafiə üçün hakimiyyət nümayəndələrinə üz tutsalar da, onlar dərhal hərəkətə keçməmiş, hərtərəfli tədqiqat aparmamış və təqsirkarlara müvafiq cəza verməmişdilər.

Hakimiyyət nümayəndələrinin fəaliyyətsizliyi

5 iyun 2014-cü il. Donetsk vilayətindəki Qorlovka şəhərindəki ibadət yerində yanğın və basqın

Basqın. Polis törədilən cinayət barədə məlumat alanda ya heç bir tədbir görmür, ya da ləng tərpənir. Onlara şikayət ərizəsi daxil olanda onlar, adətən, məhkəmə işi açmaqdan imtina edirlər, ya da prosesi ləngidirlər. Hətta məhkəmə işi açılsa belə, müstəntiqlər cinayətkarı məsuliyyətə cəlb etmir, yaxud da məhkəmə gözdən pərdə asmaq üçün qərar verir. Hakimiyyət nümayəndələri 2008—2012-ci illərdə edilən 111 basqının iştirakçılarına qarşı heç bir cəza tədbiri görməmişdilər.

Fiziki zorakılıq. Polis əməkdaşları çox vaxt ya düzgün istintaq aparmırlar, ya da cinayətkarları axtarmırlar. Cinayət işi açılanda isə onlar nadir hallarda cinayətkarları məsuliyyətə cəlb edir və ya onları cəzalandırır. Məhkəmə cinayətkarları cəzalandıranda onlara törətdikləri cinayətin müqabilində yüngül cəza verir, çünki bu cinayət dini zəmində törədilən cinayət hesab edilmir.

Hakimiyyət nümayəndələrinin fəaliyyətsizliyini görən cinayətkarlar zorakılıq törətməyə davam edirlər

Aleksandr Tretyak döyülür

Aleksandr Tretyak

2013-cü il 26 noyabr tarixində Yehovanın Şahidi olan 41 yaşlı Aleksandr Tretyak dini fəaliyyətini bitirib evə qayıdarkən təxminən 20 dəqiqə ərzində üç nəfər tərəfindən vəhşicəsinə döyülmüşdü. O, həmin adamları tanımışdı. Bu adamlar Ruslan İvanov, ehtiyatda olan polis əməkdaşı, polkovnik-leytenant Anatoliy Dovqan, eləcə də Dovqanın kürəkəni yol polisi Yevqeniy İqlinskiy idi. Amma Tretyak canını onlardan qurtara bildi. Onu ağır yaralarla, ciddi kəsiklərlə, zədələrlə, kəllədaxili travma və burun sınığı ilə xəstəxanaya gətirdilər.

Ona ciddi xəsarət yetirilsə də, istintaqçılar bunu üç nəfər «naməlum şəxs» tərəfindən törədilən «yüngül» xəsarət kimi qiymətləndirdilər. İki həftə xəstəxanada yatandan sonra həkimlər vaxtından qabaq onu evə buraxdılar. Çünki o, uzun müddət xəstəxanada qalsaydı, səlahiyyətli şəxslər məcbur olub bu cinayəti ağır cinayət kimi qəbul edəcəkdilər. Amma Aleksandr Tretyakın vəziyyəti ağır olduğundan elə növbəti həftə o, yenidən xəstəxanaya yerləşdirildi. Ümumilikdə, o, 23 gün xəstəxanada yatdı.

Cinayətkarlardan biri Ruslan İvanov qaçıb gizləndikdən sonra bu yaxınlarda ona qarşı cinayət işi açıldı. Aleksandr Tretyak qorxur ki, cinayətkarlar yenidən ona hücum çəkəcəklər. O deyir: «Mən əminəm ki, həmin adamlar Yehovanın Şahidlərinə nifrət etdikləri üçün mənə hücum çəkib öldürmək istəyirdilər».

Hakimiyyət nümayəndələri bir tədbir görəcəkmi?

150 000-dən çox Yehovanın Şahidi Ukraynada illərdir sərbəst şəkildə ibadət edir və hakimiyyət nümayəndələri onlara müxtəlif çətinlikləri həll etməyə kömək ediblər. Yehovanın Şahidləri ümid edirlər ki, Ukraynadakı hüquq-mühafizə orqanları törədilən cinayəti düzgün şəkildə araşdıracaq və cinayətkarlar cinayət məsuliyyətinə cəlb olunacaqlar. Beləcə, onlar bir daha özbaşına hərəkət etməyəcəklər.