Kontentə keç

İkinci dərəcəli menyu

Yehovanın Şahidləri

Azərbaycan

27 AVQUST 2014-CÜ İL
TÜRKMƏNİSTAN

Türkmənistanda dördyaşlı uşaq anasına haqsız olaraq həbs cəzası kəsilib

Türkmənistanda dördyaşlı uşaq anasına haqsız olaraq həbs cəzası kəsilib

Avqustun 18-i Türkmənistanın Taşauz şəhərində müvəqqəti məhkəmə otağında qurulan məhkəmə zamanı hakim Qayğısız Orazmuradov «polis əməkdaşına hücum etmək» və «xuliqanlıq» kimi saxta ittihamlar irəli sürülən 33 yaşlı Bibi Rəhmanovaya haqsız olaraq həbs cəzası kəsdi *. Olduqca sərt qərar çıxaran hakim dördyaşlı uşaq anasını cinayətkarlar üçün ümumi rejimli cəzaçəkmə koloniyasında dördillik həbsə məhkum etdi.

Dəmiryol stansiyasında həbs

Bibinin əzabları 2014-cü ilin iyul 5-i başlayıb: həmin axşam o, həyat yoldaşı Tuvakov Vepa və oğlu ilə birgə Aşqabaddan dostlarının göndərdiyi şəxsi əşyaları və dini ədəbiyyatları götürmək üçün Taşauzdakı dəmiryol stansiyasında getmişdi. Onlar baqajı götürən kimi mülki geyimdə olan altı polis əməkdaşı onları saxlayıb çantalarının içindəkiləri göstərməyi tələb etdi. Çantanın içində noutbuku və Yehovanın Şahidlərinin dini ədəbiyyatlarını görən polislər onların üstünə qışqıraraq nalayiq sözlərlə təhqir etməyə başladılar və hədə-qorxu gəldilər ki, oğulları yetim qalacaq.

Bibi baş verənləri mobil telefonuna yazmağa başladı, polislər telefonu əlindən almaq istəyəndə Bibi onu koftasının altına gizlətdi. Polislər onun saçından yapışdı, təpikləyib döydü və qollarını tutdu. Bu zaman polislərdən biri telefonu əlindən almaq üçün Bibinin koftasını qaldırdı və ədəbsizcəsinə ona toxunmağa başladı. Bibi sadəcə hücumu dəf edirdi, o nə həbs edilən zaman müqavimət göstərdi, nə də ki polisə hücum etdi.

Bibi, Vepa və onların oğlu

Polislər onları məntəqəyə aparıb Vepadan qabaqcadan tərtib olunmuş izahata qol çəkməyi tələb etdilər. O imtina etdi. Arvadı və oğlu digər otaqda olduğu müddətdə polislər dəfələrlə Vepanı döydülər, bununla belə, o, izahata qol çəkmədi. Bibi də qabaqcadan tərtib edilmiş izahatı imzalamaqdan imtina etdiyi üçün onu da döydülər. Bibini oğlu ilə birgə bütün gecəni polis məntəqəsində saxladılar. Səhərisi gün onları azad etdilər *. Bibi türkmən məmurlarına şikayət etdikdən bir neçə gün sonra, iyulun 11-i Vepanı da buraxdılar. Buna baxmayaraq, Taşauz Şəhər Polisi Bibiyə və ərinə qarşı cinayət işi açdı.

Həbs və məhkəmə

Avqustun 6-sı Bibiyə qarşı ittiham irəli sürüldü, 8-i onu həbsə saldılar, 18-i isə məhkəmə qarşısına çıxartdılar. Dinləmə zamanı hakim Orazmuradovun qərəzli münasibəti aydın görünürdü. Bibinin vəkili onu müdafiə etməyə çalışanda hakim dəfələrlə onun sözünü kəsirdi. Polis əməkdaşları ziddiyyətli ifadələr verəndə hakim Bibinin vəkilinə onları sorğu-sual etməyə icazə vermədi. Üstəlik, Vepa şahid qismində ifadə verərkən polislərin Bibi ilə pis rəftarından söz açanda hakim onu dayandırdı, eləcə də hadisələrin yazısını nəzərdən keçirməkdən imtina etdi. Hakim Bibi barəsində ittiham hökmü çıxararaq onu dördillik həbsə məhkum etdi.

Bibi avqustun 28-nə kimi apelyasiya şikayəti verməlidir, o vaxta qədər isə onu DZD-7 təcridxanasında saxlayacaqlar. Apelyasiya şikayəti rədd edilərsə, çox ehtimal ki, onu səhrada yerləşən (Seyidi şəhəri) ümumi rejimli cəzaçəkmə koloniyasına göndərəcəklər. O zaman o nəinki azadlıqdan, həm də uşağının bir şəxsiyyət kimi formalaşdığı illərdə onu görmək imkanından məhrum olacaq.

Vepaya qarşı rəsmi olaraq heç bir ittiham irəli sürülməsə də, böyük ehtimal ki, onu da saxta ittihamlarla məhkəmə qarşısına çıxarıb həbsə məhkum edəcəklər. Bu baş verərsə, onların oğlu atasından da məhrum olacaq. Bu, böyük ədalətsizlikdir.

Ədalətin bərpa olunacağına ümid

Türkmənistanda Yehovanın Şahidləri xeyli müddətdir ki, pis rəftara məruz qalır və onların əsas insan hüquqları tapdalanır. Bütün dünyadakı Yehovanın Şahidləri, insan ləyaqətinə və sərbəst ibadət etmək hüququna hörmət edən bir çox digər insanlarla birgə ümid edirlər ki, Türkmənistan hökuməti bu vəziyyəti düzəldəcək.

^ abz. 2 Asayiş keşikçilərinə müqavimət göstərməyi nəzərdə tutan xuliqanlığa görə beş ilədək azadlıqdan məhrumetmə cəzası tətbiq olunur.

^ abz. 6 İyulun 6-sı, səhər polislər onların oğlunu, həmin gün, amma bir qədər sonra Bibinin özünü buraxdılar.