Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

24 NOYABR 2015-Cİ İL
TÜRKMƏNİSTAN

Türkmənistan dini fəaliyyətinə görə Bəhram Həmdəmovu dörd illik həbs cəzasına məhkum edir

Türkmənistan dini fəaliyyətinə görə Bəhram Həmdəmovu dörd illik həbs cəzasına məhkum edir

19 may 2015-ci il tarixində Türkmənistan məhkəməsi Yehovanın Şahidi olan 52 yaşlı Bəhram Həmdəmovu dörd il müddətinə azadlıqdan məhrum edib. Türkmənabad şəhərində evində dini görüş keçirildiyi üçün polis onu iki ay əvvəl həbs etmişdi. O, hal-hazırda Seydi şəhərindəki əmək düşərgəsində saxlanılır.

Dini görüşə basqın

2015-ci il martın 14-ü polis vətəndaş Həmdəmovun evində keçirilən dini yığıncağa basqın etdi. Polis işçiləri yığıncaqda iştirak edən 38 nəfərlə kobud davrandılar və onları qeyri-qanuni dini fəaliyyətdə təqsirləndirdilər. Həmdəmov polis tərəfindən məhkəmə prosesinə qədər həbs altına alındı və dəfələrlə dindirilərək döyüldü. Üstəlik, maşını, kompüteri və pulu da daxil olmaqla, şəxsi əşyaları müsadirə olundu.

Sonra Sərdərabad Vilayət Məhkəməsi 30 Yehovanın Şahidini cərimələdi və onlardan 8-ni 15 gün müddətinə azadlıqdan məhrum etdi. Bəhram Həmdəmovun oğlu Sərdar Həmdəmov 15 gün olmaqla iki həbs cəzası aldı. Onu təcridxanada saxlayır, dindirir və döyərək işgəncə verirdilər. Əmircan Cumnazarov adlı digər Yehovanın Şahidi də 15 gün olmaqla iki həbs cəzası aldı, döyüldü və işgəncə ilə hədə-qorxuya məruz qaldı.

19 may 2015-ci il tarixində Lebap Vilayət Məhkəməsinin hakimi Qoçmurad Çaryev Bəhram Həmdəmovu «dini ədavətə təhrik etməkdə» saxtalaşdırılmış ittihamı ilə təqsirləndirərək dörd il müddətinə azadlıqdan məhrum etdi. 2015-ci il iyunun 10-da onu Türkmənabaddan Seydi şəhərindəki əmək düşərgəsinə apardılar.

Həbsxana rəisi apellyasiya şikayətini vermək üçün müddət bitənə qədər Həmdəmovun yanına, yaxın qohumlar da daxil olmaqla, heç kimi buraxmırdı. Bununla, o, Həmdəmovun və ya onun nümayəndəsinin Apellyasiya Məhkəməsinə müraciət etməsinə mane oldu. Həbsdə olduğu müddətdə orqan işçiləri onu saxtalaşdırılmış ittihamı boynuna almağa, ağır fiziki işdə işləməyə məcbur edir və həyat yoldaşının onun adından məhkəməyə etdiyi şikayətə görə qəddarcasına döyürdülər.

Bəhram Həmdəmovun həyat yoldaşı Gülzirə Həmdəmova Türkmənistan Ali Məhkəməsinə müraciət etdi. Ancaq Ali Məhkəmə sədrinin müavini bu şikayəti əsassız saydı. Avqust ayının əvvəlində Həmdəmovun vəkili nəzarət şikayəti ilə müraciət etdi. 25 avqust 2015-ci il tarixində Ali Məhkəmə Həmdəmovu «Yehovanın Şahidlərinin dini inanclarını yaymaqda» təqsirli bilərək bu şikayəti rədd etdi.

«Türkmənistan hökumətində kiçik orqanlardan tutmuş məhkəmələrə qədər haqsızlığa yol verilir ... Bütün bunlara baxmayaraq, Ali Məhkəmə də Bəhram Həmdəmovu üzləşdiyi haqsızlığı aradan qaldırmır». (Baş hüquq məsləhətçisi, Filip Bramli).

Türkmənabadda pis rəftar

2014-cü ilin sonlarında Türkmənistan Yehovanın Şahidlərinin fəaliyyətinə dini dözümlülük göstərib. 2014-cü ilin avqust ayında saxtalaşdırılmış ittihamla həbs olunan Bibi Rəhmanova həmin ilin sentyabr ayında azadlığa buraxıldı. Dini fəaliyyətlərinə görə həbs olunan digər səkkiz Yehovanın Şahidi isə prezident amnistiyasına düşərək 2014-cü il oktyabr ayında azad olundular. Bu cür müsbət irəliləyişə baxmayaraq, bəzi yerli orqanlar Türkmənabaddakı Yehovanın Şahidlərini hələ də həbs etməklə, həbsdə saxlamaqla və onlarla pis rəftar etməklə açıq-aşkar dini dözümsüzlük göstərməyə davam edirlər.

2015-ci il fevralın 6-sı polis dörd Yehovanın Şahidini — Viktor Yarıqin, Rüstəm Nəzərov, Çarigeldi Cumayev və Cəmilə Ədilovanı həbs etdi. Onlar dini ədəbiyyata sahib olduqları üçün «xırda xuliqanlıqda» ittiham olunurdular. Milli Təhlükəsizlik Nazirliyinin işçiləri vətəndaş Ədilovanı və digər iki Yehovanın Şahidini döydülər. Vətəndaş Cumayev döyüldüyü vaxt aldığı zərbələrin təsirindən dəfələrlə huşunu itirmişdi. Türkmənabad Şəhər Məhkəməsi Yarıqini cərimələdi, Nəzərova 30 gün, Cumayev və Ədilovaya isə hərəsinə 45 gün * həbs cəzası verdi. Adları çəkilən bu dörd Yehovanın Şahidi Prezident Administrasiyasına və Aşqabadın Baş Prokrorluğuna şikayət ərizəsi yazdı.

İki həftə sonra polis «qanunsuz» dini ədəbiyyat tapmaq məqsədi ilə Zeynəb Hüseynovanın evinə basqın etdi. Polis vətəndaş Hüseynovanın şəxsi dini ədəbiyyatını müsadirə etmiş, 15 günlük həbs cəzası ilə hədələmişdilər.

Dövlət Kəndimov adlı digər Yehovanın Şahidi qanunsuz dini fəaliyyətdə ittiham olunaraq bir-birinin ardınca üç dəfə 15 gün həbs cəzası aldı. Həbsdə olduğu müddətdə dindaşı Bəhram Həmdəmova qarşı şahidlik etmədiyinə görə onu dəfələrlə döymüşdülər.

Türkmənistan din azadlığa dair verdiyi zəmanəti yerinə yetirəcəkmi?

2015-ci ilin yazından etibarən Türkmənabadın yerli hökuməti Yehovanın Şahidlərini təqib etmir. Buna baxmayaraq, Bəhram Həmdəmov dini etiqadına görə hələ də həbsdə olaraq qalır.

Bəhram həyat yoldaşı Gülzirə və bir oğlu ilə

Türkmənistan hökuməti, Yehovanın Şahidlərinin fəaliyyəti də daxil olmaqla, dinc dini fəaliyyətə hüquqi müdafiə verməlidir. Türkmənistan Konstitusiyası «hər kəsin hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək» və «əqidəsini ifadə etmək və yaymaq» hüququna zəmanət verir. Bundan əlavə, Türkmənistan fikir, vicdan və din azadlığını təmin edən Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktı imzalayıb.

Yehovanın Şahidlərinin baş hüquq məsləhətçisi Filip Bramli deyir:

Türkmənistan hökumətində kiçik orqanlardan tutmuş məhkəmələrə qədər haqsızlığa yol verilir. Türkmənabad polis işçiləri dinc şəraitdə keçirilən dini yığıncağa qanunsuz olaraq və qəddarcasına basqın etdilər. Türkmənabad şəhərinin məhkəmə orqanları bu qanunsuz hərəkətlərə göz yumur. Bütün bunlara baxmayaraq, Ali Məhkəmə də Bəhram Həmdəmovun üzləşdiyi haqsızlığı aradan qaldırmır.

Yehovanın Şahidləri Türkmənistanda onları rəsmi qeydiyyata almağa, dinc şəraitdə dini yığıncaq keçirməyə və bu ilin əvvəlində Türkmənabadda baş verən pis rəftara son qoymasına dair Türkmənistan hökumətinə müraciət edirlər. Biz hökumətdən Bəhram Həmdəmovun azadlığa buraxılmasını xahiş edirik.

Yehovanın Şahidləri etiraf edirlər ki, Türkmənistan hökuməti ədaləti bərpa etmək üçün əvvəllər həbs olunanları azadlığa buraxıb. Bunun kimi, hökumət dini dözümlülüklə və Bəhram Həmdəmovun azadlığa buraxılması ilə bağlı müəyyən addımlar atmalıdır.

^ abz. 11 Türkmənistan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən «xırda xuliqanlığa» görə həbs cəzası maksimum 15 gündür. Buna baxmayaraq, məhkəmə vətəndaş Cumayev və Ədilovaya üç dəfə 15 gün həbs cəzası verib.