Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

17 MART 2014-CÜ İL
TÜRKİYƏ

Türkiyə etiqadlara görə hərbi xidmətdən imtina etmək məsələsində Avropa standartlarına əməl etmir

Türkiyə etiqadlara görə hərbi xidmətdən imtina etmək məsələsində Avropa standartlarına əməl etmir

«Hər türk əsgər doğular». Bu şüar türk məktəblərində uşaqlara təlqin edilir, siyasi nitqlərdə vurğulanır və əsgərliyə çağırılan cavan oğlanlara tez-tez deyilir. Türkiyədə hərbi xidmət kişi vətəndaşları üçün məcburidir, hətta əsgərliyə çağırış alan gənclər bunu toy-bayram edirlər. Buna görə təəccüblü deyil ki, Türkiyə hökuməti fundamental insan hüquqlarından biri olan etiqadlara görə hərbi xidmətdən imtina etmək hüququnu tanımaq istəmir.

Türkiyə Avropa Şurasına daxil olan və etiqadlara görə hərbi xidmətdən imtina etmək hüququnu tanımayan bir neçə dövlətdən biridir

Bununla belə, Avropa Şurasının üzv-dövləti olan və Avropa İnsan Hüquqları Konvensiyasını qəbul edən Türkiyə üzərinə Avropa standartlarına müvafiq olmaq öhdəliyini götürüb. Avropa İnsan Hüquqları Məhkəməsinin Böyük Palatasının (AİHM) «Bayatyan Ermənistana qarşı» işi ilə əlaqədar verdiyi qərardan sonra Türkiyənin Avropa Şurası qarşısında etiqadlara görə hərbi xidmətdən imtina etmək hüququnu tanımaq kimi rəsmi öhdəliyi var. Lakin Türkiyə bu öhdəliyi yerinə yetirməkdən boyun qaçırdığı üçün etiqadlarına görə hərbi xidmətdən imtina edən vətəndaşları əziyyət çəkir.

Son 10 il ərzində Yehovanın Şahidləri olan 55 kişi etiqadlarına görə hərbi xidmətdən imtina etmək hüquqlarının tanınması üçün hökumətə petisiya göndərmişdi. Lakin petisiyaları rədd edildi və onları dəfələrlə məhkəməyə cəlb etdilər, böyük cərimələr kəsdilər, bəzilərinə isə bir neçə il həbs cəzası verdilər. Hal-hazırda 15 gənc türk hərbi xidmətdən imtina etdiyi üçün artıq neçənci dəfədir ki, məhkəməyə cəlb edilir.

«Mən vicdanımın səsinə qulaq asmalıyam»

«Mən belə hesab edirəm ki, dövlətin öz səlahiyyətlərindən istifadə edərək məni Müqəddəs Kitab əsasında tərbiyə edilmiş vicdanıma zidd davranmağa, o cümlədən Allahın Yeşaya 2:4 ayəsindəki əməl etməli olduğuma əmin olduğum əmrinə qarşı çıxmağa məcbur etməyə haqqı yoxdur». Nyu-York şəhərində yerləşən BMT-nin baş qərargahının qarşısındakı daş divar üzərində həkk olunan bu məşhur ayədə deyilir ki, müharibə etməkdən imtina edənlər «qılınclarından kotan... düzəldəcək. Artıq dava etməyi öyrənməyəcək»lər. O vaxt 25 yaşı olan Türkiyə vətəndaşı Feti Demirtaş bu sözlərlə nəyə görə hərbi xidmətə getməkdənsə, azadlıqdan məhrum olmağı və həbsxanada yatmağı üstün tutduğunu izah etdi. Yehovanın Şahidi olan Feti Demirtaş bütün qəlbi ilə inanır ki, Müqəddəs Kitab əsasında tərbiyə edilmiş vicdanın səsinə qulaq asmalıdır. Buna görə o, on dəfə məhkəməyə cəlb edilib və bir il yarımdan çox həbsdə olub.

İlk dəfə həbs ediləndə çavuş ona əmr etdi ki, hərbi formanı geyinsin, lakin Feti imtina etdi — o, Müqəddəs Kitab əsasında tərbiyə edilmiş vicdanının səsinə qulaq asmağı seçdi. Sonra hərbi hissənin komandiri onu 400 nəfərin qabağına çıxardıb, əmr etdi ki, hərbi formanı geyinsin. Feti yenə imtina etdi. İlk dəfə həbsdə olanda həbsxana gözətçiləri onu təhqir etmiş, başına, çiyninə, ayaqlarına vurmuş və üzünə-üzünə şillələmişdilər.

2006-cı il aprel ayında beşinci dəfə həbs olunanda gözətçilər Fetini soyundurub alt paltarında saxladılar ki, o, formanı geyinmək məcburiyyətində qalsın. Amma o geyinməyəndə gözətçilər Fetini 4 gün karserə saldılar. İradəsini sındırmaq üçün onu gecələr çarpayının dəmirinə, gündüzlər isə dəmir barmaqlığa qandallayırdılar. Feti deyir: «Gündüzlərim qorxu içində keçirdi. Gecələr də gözümə yuxu getmirdi ki, birdən mənə nəsə edərlər və bu qorxum əbəs deyildi. Belə rəftar ucbatından mənəvi cəhətdən tükənsəm də, vicdanımın səsinə qulaq asmaqda qəti qərarlı idim».

Avropa İnsan Hüquqları Məhkəməsi etiqadlara görə hərbi xidmətdən imtina etmək hüququnu dəstəkləyir

2007-ci ildə Feti Demirtaş etiqadına görə hərbi xidmətdən imtina etdiyi üçün ona cəza kəsdiyinə görə Türkiyə hökumətindən AİHM-a şikayət etdi. 2012-ci il yanvarın 17-si AİHM Fetinin xeyrinə qərar çıxartdı və bildirdi ki, Feti, həqiqətən də, insaniyyətdən uzaq, alçaldıcı, ağrı və əzab verən rəftara məruz qalıb. Bundan əlavə, məhkəmə təsdiq etdi ki, dərin kök salmış dini etiqadlardan irəli gələrək hərbi xidmətdən imtina etmək hüququ Avropa İnsan Hüquqları Konvensiyası tərəfindən müdafiə olunan hüquqdur. *

Avropa məhkəməsinin məsələyə aydın münasibət bildirməsindən sonra Feti Türkiyə hökumətinin onu təqib etməyə son qoyacağına ümid edirdi. Məhkəmənin qərarına əməl edərək hökumət məsrəflərin və dəymiş zərərin müqabilində Fetiyə 20 min avro təzminat ödədi. «Feti Demirtaş Türkiyəyə qarşı» AİHM-nın verdiyi qərardan dörd ay sonra Türkiyə Hərbi Məhkəməsi ona hərbi xidmətdən imtina etdiyi üçün iki ay yarım həbs cəzası kəsdi. Feti apelyasiya şikayəti verdi və hal-hazırda onun işi ilə əlaqədar qərarın verilməsi gözlənilir.

BMT-in İnsan Hüquqları Komitəsi də etiqadlara görə hərbi xidmətdən imtina etmək hüququnu dəstəkləyir

Türkiyə həmçinin BMT-in İnsan Hüquqları Komitəsinin direktivinə də məhəl qoymur. 2008-ci ildə iki Yehovanın Şahidi Cenk Atasoy və Arda Sarkut BMT-yə şikayət etdi. Səbəb — Türkiyə hökuməti dəfələrlə onları məhkəməyə cəlb etməklə hüquqlarını pozmuşdur. BMT-in İnsan Hüquqları Komitəsinin 2012-ci il martın 29-da qəbul etdiyi qətnaməsində qeyd olunurdu ki, «onların mütləq hərbi xidmətdən imtina etmələri dini etiqadlarından irəli gəlir və onların sonradan məhkəməyə cəlb olunmaları və onlara qarşı hökm çıxarılması vicdan azadlığı hüququnun pozulmasına bərabərdir, eləcə də Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın 18-ci maddəsinin 1-ci bəndinə ziddir».

Bəs Türkiyə hökuməti bu aydın direktivə necə münasibət göstərdi? Hökumət hələ də etiqadlarına görə hərbi xidmətdən imtina edən bu iki şəxsdən hər dörd aydan bir * hərbi çağırışa görə məntəqəyə gəlməyi tələb edir, əks halda, məhkəməyə cəlb edir və böyük cərimələr kəsir.

Türkiyədəki Yehovanın Şahidləri Müqəddəs Kitabın insanları sevmək əmrinə uyğun yaşamağa qəti qərarlıdırlar. Hərbi çağırış gələn hər bir Yehovanın Şahidi necə davranacağını özü qərarlaşdırır. Feti Demirtaş və digər Şahidlər özləri şəxsən qərar vermişlər ki, əllərinə silah götürmək Müqəddəs Kitab əmrini pozur və onların vicdanlarına ziddir.

Bu gənc kişilər ümid edirlər ki, dövlət üzərinə götürdüyü öhdəlikləri yerinə yetirəcək. AİHM və BMT-in İnsan Hüquqları Komitəsi də ümid edir ki, Türkiyə hökuməti onların qəbul etdiyi qərarlara uyğun davranacaq və etiqadlara görə hərbi xidmətdən imtina etmək hüququnu tanıyacaq. Nə qədər ki Türkiyə bu fundamental insan hüququna hörmət göstərmir, Avropa Şurasının standartlarından kənara çıxmış olur.

^ abz. 10 Bu, AİHM-nın etiqadlara görə hərbi xidmətdən imtina etmək məsələsində Türkiyənin əleyhinə verdiyi ilk qərar deyildi. 2011-ci il noyabr ayında məhkəmə digər türk vətəndaşı Yunus Erçepin lehinə qərar vermişdi. Dövlət 14 il ərzində hərbi qüvvələrdə xidmət etməkdən imtina edən Yunus Erçepə qarşı 41 dəfə ittiham irəli sürmüşdü.

^ abz. 14 Bu yaxınlarda Türkiyə hökuməti hərbi qulluğa çağırış müddətini azaldaraq üç aydan bir etdi.