Kontentə keç

İkinci dərəcəli menyu

Yehovanın Şahidləri

Azərbaycan

11 İYUN 2014–CÜ İL
TÜRKİYƏ

Avropa İnsan Hüquqları Məhkəməsi əqidələrinə görə hərbi xidmətdən imtina edən dörd Türkiyə vətəndaşının lehinə qərar verib

Avropa İnsan Hüquqları Məhkəməsi əqidələrinə görə hərbi xidmətdən imtina edən dörd Türkiyə vətəndaşının lehinə qərar verib

2014-cü il 3 iyun tarixində Avropa İnsan Hüquqları Məhkəməsi yekdilliklə qərar verib ki, Türkiyə dövləti əqidələrinə görə hərbi xidmətdən imtina edən dörd Yehovanın Şahidini — Çağlar Buldu, Barış Görmez, Ersin Ölgün və Nevzat Umdunu məhkum edərək Avropa Konvensiyasını * pozub. AİHM-in qərarında deyilir: «Konvensiyanın 9-cu maddəsinə əsasən, iddiaçılara qarşı görülən tədbirlər demokratik cəmiyyətdə yolverilməzdir».

Bu dörd Yehovanın Şahidi 2008-ci il 17 mart tarixində Türkiyə dövləti ilə bağlı («Buldu və başqaları Türkiyəyə qarşı») AİHM-ə şikayət ərizəsi təqdim etmişdi. Onlar iddia etmişdilər ki, Türkiyə dövləti hərbi xidmətdən imtina etdikləri üçün dəfələrlə onları məhkəməyə verməklə və həbs etməklə onların din azadlığı hüququnu pozub. Ümumilikdə, onlar 30 dəfədən çox hərbi xidmətə çağırılmış və altı ildən artıq mülki və hərbi cəzaçəkmə müəssisələrində saxlanılmışlar.

AİHM-in qərarında deyilir: «Yehovanın Şahidi olan iddiaçıların vicdanlarına görə hərbi xidmətdən imtina etmələrinin səbəbi, şübhəsiz ki, dini etiqadlarıdır. İddiaçıların dəfələrlə məhkum edilməsini,.. ardı-arası kəsilməyən cinayət təqibi riskini,.. məhkəmə birmənalı olaraq Konvensiyanın 9-cu maddəsinin təmin etdiyi din azadlığı hüququnun pozulmasına bərabər hesab edir».

Çağlar Buldu

Bu, əqidələrinə görə hərbi xidmətdən imtina edənlərlə bağlı Türkiyə dövlətinə qarşı çıxarılan üçüncü qərardır. Bundan qabaq AİHM 2012-ci ildə Feti Demirtaşın, 2011-ci ildə isə Yunus Erçepin lehinə qərar çıxarmışdı. Bundan əlavə, 2012-ci ildə BMT İnsan Hüquqları Komitəsi əqidələrinə görə hərbi xidmətdən imtina edən digər iki Yehovanın Şahidinin, Cenk Atasoyun və Arda Sarkutun lehinə qərar vermişdi.

AİHM-in Böyük Palatasının bu məsələ ilə bağlı 2011-ci il 7 iyul tarixində «Bayatyan Ermənistana qarşı» adlı məhkəmə işində verdiyi qərar Avropada dönüş nöqtəsi oldu. AİHM ilk dəfə bu məhkəmədə Avropa Konvensiyasının 9-cu maddəsinin əqidələrinə görə hərbi xidmətdən imtina edənlərin hüququnu müdafiə etdiyini bildirdi. Avropa Şurasına üzv dövlətlərin hamısı bu qərara tabe olmalıdır. AİHM-in «Bayatyan» məhkəməsində, Türkiyə dövlətinə qarşı çıxarılan üç qərarı, eləcə də digər oxşar qərarları Avropa Şurasına üzv olan Türkiyənin və başqa dövlətlərin üzərinə əqidələrinə görə hərbi xidmətdən imtina edənlərin məsələsinə münasibətlərini yenidən nəzərdən keçirmək və Konvensiyanın verdiyi hüquqlar çərçivəsində qanunvericilikdə dəyişikliklər etmək öhdəliyi qoyur.

Bu işdə dörd iddiaçının vəkillərindən biri Ceyms Endrik demişdi: «Hal-hazırda Türkiyədə əqidəsinə görə Yehovanın Şahidlərindən heç kim həbsdə olmasa da, dövlət əqidəsinə görə hərbi xidmətdən imtina edən gəncləri təqib etməyə davam edir. Ümid edirik ki, “Buldu və başqaları Türkiyəyə qarşı” adlı məhkəmə işi ilə bağlı bu yaxınlarda çıxarılan qərar Türkiyə dövlətini əsas insan hüququ olan vicdan azadlığı hüququna hörmət etməyə təşviq edəcək».

^ abz. 2 Maddə 3. İşgəncələrin, qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın qadağan olunması; Maddə 6. Ədalətli məhkəmə araşdırması hüququ; Maddə 9. Fikir, vicdan və din azadlığı.