Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

5 NOYABR 2014-CÜ İL
QIRĞIZISTAN

Qırğızıstan Ali Məhkəməsi Yehovanın Şahidlərinin dini azadlığını müdafiə etdi

Qırğızıstan Ali Məhkəməsi Yehovanın Şahidlərinin dini azadlığını müdafiə etdi

4 sentyabr 2014-cü il tarixi Qırğızıstanda din azadlığı və ölkədə yaşayan Yehovanın Şahidləri üçün əlamətdar günə çevrilmişdi. Həmin gündə Qırğız Ali Məhkəməsinin Konstitusiya Palatası 2008-ci ildə qəbul olunmuş «Din haqqında» qanunun * bəzi hissələrini qeyri-konstitusyon elan etmişdi. Palatanın qərarı dörd ildir Qırğızıstanın cənub hissəsində hüquqi status ala bilməyən Yehovanın Şahidlərinin həmin bölgədə öz dini fəaliyyətini həyata keçirmək hüquqlarını təsdiq etmişdi.du

Yehovanın Şahidləri Qırğızıstanda 1998-ci ildə dövlət qeydiyyatından keçib ölkə ərazisində ibadət məsələlərində müəyyən azadlığa malik idilər. Lakin 2008-ci ildə «Din haqqında» qanun təsdiq edilməsindən sonra polis icmanın cənub bölgələrdə qeydiyyatdan keçmiş yerli qurumları olmadığından fəaliyyətinin «qanunsuz» olduğu iddiası ilə dəfələrlə dini iclaslarını reyd etmişdir. Bundan başqa, Din İşləri üzrə Dövlət Komitəsi «Din haqqında» qanunun müəyyən məhdudlaşdırıcı müddəalarından sui-istifadə edərək Yehovanın Şahidlərini qeydiyyatdan keçmələrinə əngəllər törətmişdi. Sözügedən məhkəmə qərarı bütün bu maneələri aradan qaldırmışdır.

Mühüm hüquqi addım

2008-ci ilin «Din haqqında» qanununun 8.2-ci maddəsi «dini qurumun qeydiyyatdan keçmədən fəaliyyət göstərməsini» qadağan edir. Dövlət Komitəsi həmin müddəanı öz xeyrinə yozaraq Yehovanın Şahidlərinin qeydiyyatdan keçmiş yerli qurumları olmayan onlarla şəhər və rayonlarda dini icmanın fəaliyyətinə qadağa qoymuşdu. Qanunun 10.2-ci maddəsində əsasən, dini qurumdan tələb olunurdu ki, Dövlət Komitəsinə qeydiyyat ərizəsi verməzdən əvvəl yerli icra hakimiyyətinə təsdiq üçün notarius tərəfindən təsdiq edilmiş, 200 nəfərdən ibarət təsisçilər siyahısı təqdim etsin. Bu, Yehovanın Şahidlərini çətin vəziyyətə qoymuşdu. Bir yandan ibadət məqsədilə qanuni şəkildə yığışmaları üçün Dövlət Komitəsi onlardan yerli qeydiyyat tələb edirdi, digər yandan qeydiyyatdan keçə bilmirdilər, çünki yerli hakimiyyət orqanları təsisçilər siyahısını təsdiq etmirdi. Bu hal Dövlət Komitəsinə və yerli hakimiyyət orqanlarına icmanı təqib etməyə bəhanə verirdi. Bütün bu çətinliklər Yehovanın Şahidlərini məcbur etdi ki, vəziyyətə səbəb olan qanun müddəalarına qarşı etirazla Konstitusiya Palatasına müraciət etsinlər.

Konstitusiya Palatası öz qərarında bildirdi ki, «bütün dini qurumlar qanun qarşısında bərabərdir. Heç bir dinə mənsub olan şəxs və ya qrupa digər dinin mənsubları ilə müqayisədə üstünlük verilməməlidir». Məhkəmə dini qurumun təsisçilər siyahısının yerli icra hakimiyyəti tərəfindən təsdiq edilməsini tələb edən 10.2-ci maddəni qeyri-konstitusyon bəyan etdi. Məhkəmə həmçinin nəticəyə gəldi ki, qanunun 8.2-ci maddəsi «düzgün oxunmamışdı». Din azadlığı hüququ zəmanət verir ki, dini qurum təsis sənədində göstərdiyi hər hansı regionda dini fəaliyyət apara bilər. Qırğızıstan Respublikasında Yehovanın Şahidlərinin Dini Mərkəzinin 1998-ci il tarixli təsis sənədində də göstərilmişdi ki, icmanın fəaliyyəti ölkənin bütün ərazisinə aiddir. Bu isə o deməkdir ki, indi Yehovanın Şahidləri Qırğızıstanın istənilən regionunda heç bir maneəsiz fəaliyyət göstərə bilərlər.

Ayrı-seçkilik qurbanları üçün ədalət bərpa olunur

Qırğızıstanın cənubunda yaşayan Yehovanın Şahidləri Ali Məhkəmənin qərarına çox sevinmişdilər, xüsusilə də Oş şəhəri sakinləri Koryakina Oksana və anası Sergiyenko Nadejda. Onlar inanclarını digərləri ilə bölüşən zaman guya törətdikləri cinayətlərə görə 2013-cü il mart ayından ev dustağı edilmişdi. Günahsızlıqlarını sübut edən açıq-aşkar dəlillərə baxmayaraq Koryakina və Sergiyenko üç qoca qadından dələduzluq yolu ilə pul almaqda ittiham olunmuşdular.

İşə 2014-cü il sentyabr ayında Oş Şəhər Məhkəməsində baxıldı. 2014-cü il 7 oktyabr tarixində məhkəmə hər iki qadına bütün ittihamlardan bəraət verərək qərara aldı ki, yanlış ittihamla tutulub ev həbsində saxlanıldıqlarına görə onlara tam kompensasiya ödənilməlidir. Məhkəmə etiraf etdi ki, Koryakina ilə Sergiyenko dini qərəz və ayrı-seçkiliyin qurbanı olmuşdu və hədəflənmələrinə səbəb Yehovanın Şahidlərinin Oş şəhərində qeydiyyatdan keçmiş yerli dini qurumu olmadığı üçün fəaliyyətlərinin guya qeyri-qanuni olması idi. Məhkəmə qarşısında yekun çıxışlarında Koryakina və Sergiyenko Konstitusiya Palatasının Yehovanın Şahidlərinin fəaliyyətini Oş şəhəri də daxil olmaqla, Qırğız Respublikasının bütün ərazisində qanuni hesab edən 4 sentyabr tarixli qərarına əsaslanmışdılar.

Koryakina Oksana ilə Sergiyenko Nadejda

Beynəlxalq İnsan Hüquqlarına hörmət

BMT-nin Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakta qoşulmaqla Qırğızıstan üzərinə vətəndaşlarını insan hüquqları, habelə din və etiqad, yığıncaq və ifadə azadlığı kimi əsas azadlıqlarla təmin etməklə bağlı beynəlxalq öhdəlik götürmüşdür. Yuxarıda sözügedən qərarı qəbul edib din azadlığını müdafiə etməklə Qırğızıstan Ali Məhkəməsinin Konstitusiya Palatası insan hüquqları və əsas azadlıqları birmənalı şəkildə dəstəkləmiş oldu. Bəhrələndikləri din azadlığı Qırğızıstandakı təxminən 5000 Yehovanın Şahidi üçün son dərəcə vacibdir. Onlar fundamental azadlıqların keşiyində duran dövlət müəssisələrinin əməyinə görə çox minnətdardırlar.

^ abz. 2 Qanunun tam adı: «Qırğız Respublikasındakı din azadlığı və dini qurumlar haqqında» Qırğızıstan Respublikası Qanunu.