Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

11 NOYABR 2014-CÜ İL
HİNDİSTAN

30 ildir Hindistanda söz azadlığının keşiyində duran taleyüklü məhkəmə qərarı

30 ildir Hindistanda söz azadlığının keşiyində duran taleyüklü məhkəmə qərarı

Hindistanın cənub-qərbi, Kerala ştatı. 1985-ci il iyulun 8-i kiçik şəhərdə yaşayan üç məktəbli üçün adi gün kimi başlamışdı. Lakin məktəbin direktorunun verdiyi göstəriş günün adi gedişatını dəyişdi: sinifdə iştirak edən bütün şagirdlər ayağa qalxaraq dövlət himnini («Cana Qana Mana») oxumalı idilər. 15 yaşlı Bicoe ilə iki bacısı — 13 yaşlı Binu Mol və 10 yaşlı Bindu əmrə əməl etməkdən imtina etdi. Yehovanın Şahidləri olduqları üçün onların vicdanı buna yol vermirdi. Tutduqları əqidəyə görə, himn oxumaq onlar üçün bütpərəstliyə bərabər olub Allahları Yehovaya xəyanət sayılardı.

Uşaqların atası V. C. Emmanuel direktor və baş müəllimlərlə söhbət etdikdən sonra bu üç uşaq himn oxumaqdan azad edildi. Lakin söhbəti eşidən məktəb işçilərindən biri məsələ barədə şikayət etdi. İş Qanunvericilik Məclisi üzvünə çatdı və o, uşaqların hərəkətinin millətçilik ruhuna zidd olduğunu irəli sürərək məsələni Məclisdə qaldırdı. Çox keçməmiş məktəbin direktoru məktəb inspektorundan əmr aldı ki, fikirlərindən daşınmasalar, uşaqları məktəbdən qovsun. Canab Emmanuel uşaqlarının məktəbə bərpa olunması üçün təhsil orqanlarına müraciət etdi. Oradan mənfi cavab alaraq Kerala Baş Məhkəməsinə ərizə verdi. Ərizə rədd edildikdən sonra şikayətini Hindistan Ali Məhkəməsinə təqdim etdi.

Ali Məhkəmə konstitusiya haqlarını müdafiə edir

1986-cı il avqustun 11-də Ali Məhkəmə «Bicoe Emmanuel Kerala ştatına qarşı» işinə baxaraq Kerala Baş Məhkəməsinin qərarını ləğv etdi. Məhkəmə hesab etdi ki, uşaqları «dini əqidəyə vicdanla əməl etdiklərinə görə» məktəbdən qovmaq Hindistan Konstitusiyasını pozmuşdu. Hakim O. Çinnappa Reddi demişdir: «Qanunun heç bir müddəası. . . heç kimi mahnı oxumağa məcbur etmir». Məhkəmə həmçinin qeyd etdi ki, söz və ifadə azadlığı hüququ özünə həmçinin susmaq hüququnu da daxil edir və himn oxunanda ayağa qalxmaq özlüyündə bir hörmət əlamətidir. Məhkəmənin əmrinə ilə təhsil orqanları uşaqları məktəbə bərpa etməli idi.

Hakim Reddi şərh etdi: «Onlar [Yehovanın Şahidləri] ölkədən asılı olmayaraq dövlət himni oxumurlar, istər Hindistanda “Cana Qana Mana” olsun, istər Britaniyada “İlahi, kraliçanı hifz et”, istərsə də Birləşmiş Ştatlarda “Ulduzlarla bəzənmiş bayraq”... Himn oxumamalarının yeganə səbəbi dinlərinin Tanrıları Yehovaya ibadətdən başqa bir ayinə qoşulmağı qadağan etdiyinə sidq ürəkdən inanmalarıdır».

Dini haqların qorunmasında presedent

«Bicoe Emmanuel Kerala ştatına qarşı» işi üzrə qərar çox dərin əhəmiyyət daşıyır. Bu qərar təsdiq edir ki, heç kim qanun yolu ilə dini etiqadlarına zidd davranmağa məcbur edilə bilməz. Əsas haqların mütləq olmadığını, ictimai asayiş, mənəviyyat, sağlamlıq maraqları naminə məhdudlaşdırıla bildiyini etiraf edərək Məhkəmə eyni zamanda dövlətin vətəndaşlarla bağlı ixtiyari, qeyri-mütənasib məhdudiyyətlər qoymaq imkanını məhdudlaşdırmışdır. Qərarda deyilmişdi: «Həqiqi dini əqidəsinə görə imtinasına rəğmən hər kəsi Dövlət Himnini oxumağa məcbur etmək [Hindistan Konstitusiyasının] 19 (1) (a) və 25 (1)-ci maddələrinin zəmanət verdiyi hüquqların açıq şəkildə pozulması deməkdir».

Adı çəkilən qərar həmçinin azlıq qruplarının konstitusiya azadlıqlarının müdafiəsində də durur. Bununla əlaqədar Məhkəmənin şərhi belə idi: «Gerçək demokratiyanın məhək daşı hətta ən əhəmiyyətsiz azlıq qrupunun ölkə Konstitusiyasının sayəsində özünü təsdiq edə bilməsidir». Hakim Reddi davam edir: «Şəxsi fikir və münasibətimizin məsələyə dəxli yoxdur. Etiqad səmimidirsə, deməli, [Konstitusiyanın] 25-ci məddəsi ilə qorunmalıdır».

«Adət-ənənəmiz tolerantlığı tələb edir, fəlsəfəmiz tolerantlığı təbliğ edir, konstitusiyamız tolerantlığı həyata keçirir. Gəlin bu ideyanı saxtalaşdırmayaq». — Hakim O. Çinnappa Reddi.

Qərarın ictimai faydası

«Bicoe Emmanuel Kerala ştatına qarşı» işi geniş nəşr edilməklə yanaşı, parlamentdə də geniş müzakirə edilib. Hətta hüquq universitetlərinin tədris proqramında da yer alıb. Hüquq jurnalları, qəzet məqalələri hələ də bu məhkəmə işinə Hindistanda tolerantlıq nümunəsi qoyan məşhur iş kimi istinad etməkdədir. Qərar plüralist cəmiyyətdə din azadlığının müəyyən edilməsində mühüm rol oynayıb; Hindistanda söz və ifadə azadlığı kimi vacib haqlar təhlükə ilə qarşılaşan hallarda həmişə onların müdafiəsinə gəlib.

Konstitusiya haqlarının qorunmasının hamıya faydası

Emmanuel ailəsi bu gün (arxa cərgədə soldan sağa) Binu, Bicoe və Bindu; (ön cərgə) V. C. Emmanuel və Lillikatti

Vaxtı ilə lağlara, hökumət təzyiqinə, hətta ölüm hədələrinə dözən Emmanuel ailəsi öz dini əqidələrində möhkəm durduqlarına görə heç də peşman deyillər. İndi özü də uşaq sahibi olan Bindu bölüşdü: «İnstitutda məhkəmə işimi öyrənən vəkilə rast gəlmişəm. Çox təəccübləndim. Dedi ki, insan haqlarının bərqərarı üçün Yehovanın Şahidlərinin apardıqları bu hüquqi mübarizəni çox yüksək qiymətləndirir».

V. C. Emmanuel danışır: «Bu yaxınlarda təqaüddə olan Ali Məhkəmə hakimi K. T. Tomasa rast gəlmişəm. Öyrənəndə ki, mən “himn” işinin iştirakçısı olan üç uşağın atasıyam, məni təbrik etdi. Dedi ki, hüquqçuların qarşısında çıxış etmək imkanı düşəndə həmişə “himn” işi haqqında söz açır, çünki onun insan hüquqlarının xeyrinə möhtəşəm qələbə olduğunu bilir».

«Bicoe Emmanuel Kerala ştatına qarşı» işi üzrə qərar qəbul olunandan artıq 30 il keçsə də, bu qərar Hindistanda söz azadlığının sütunlarından biri kimi hələ də durmaqdadır. Yehovanın Şahidləri də çox şaddırlar ki, Hindistan vətəndaşlarının yararlandığı Konstitusiya azadlıqlarına tövhə verə bilmişlər.

 

Əlavə məlumat

Nəyə görə Yehovanın Şahidləri siyasətə qarışmırlar?

Şahidlər dövlət üçün təhlükəlidir?