Kontentə keç

İkinci dərəcəli menyu

Yehovanın Şahidləri

Azərbaycan

14 OKTYABR 2014–CÜ İL
GÜRCÜSTAN

Avropa İnsan Hüquqları Məhkəməsi Gürcüstanda qanunun tərəfini tutdu

Avropa İnsan Hüquqları Məhkəməsi Gürcüstanda qanunun tərəfini tutdu

7 oktyabr 2014-cü il. Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Gürcüstandakı Yehovanın Şahidlərinin lehinə qərar çıxardı. On iki il əvvəl 99 nəfər 30 dəfə fiziki zorakılığın və təhqirin qurbanı olmuşdu. Buna görə də «Beqleuri və başqaları Gürcüstana qarşı» adlı işlə məhkəməyə müraciət olunmuşdu. Bir nəfərdən başqa hamısı Yehovanın Şahidi idi. İnsident polislərin bir neçə böyük görüşü dağıtması və dindarlardan ibarət kütlənin Yehovanın Şahidlərinin evlərində, məhkəmə zallarında və küçələrdə onlara qarşı amansız rəftarı ilə başlamışdı.

AİHM-in qərarında qeyd olunur ki, iddiaçılar istintaqçılarla bağlı təxminən 160 dəfə şikayət etmişdilər və bu şikayətlər polislərin və digər səlahiyyətli şəxslərin bəzi hücumların bilavasitə iştirakçısı olduğunu göstərirdi. Bununla belə, bu şikayətlər heç bir nəticə verməmişdi. Təqsirkarlar cəzasız qaldıqları üçün yenə də hücumları davam etdirirdilər.

8 sentyabr 2000-ci il. Yehovanın Şahidlərinin Zuqdididə keçirilən ibadət görüşünə basqın

Məsələn, 2000-ci il 8 sentyabr tarixində təxminən 700 Yehovanın Şahidi dini görüş keçirmək üçün Zuqdidi şəhərinə toplaşmışdı. Qəflətən üzü maskalı polislərdən ibarət Xüsusi Silahlı Hücum Dəstəsi (SWAT) əraziyə basqın etmiş, ibadət görüşünün keçirildiyi binalara od vurmuş və ibadət etməyə gələn təxminən 50 adamı döymüşdü. Zərərçəkənlər dərhal şikayət etmişdilər. Lakin səlahiyyətli şəxslər zərərçəkənləri hüquqi müdafiəsiz qoyaraq cinayətkarları cinayət məsuliyyətinə cəlb etməkdən imtina etmişdi.

Hadisəyə lazımi ölçüdə qiymət vermədiyi üçün AİHM hakimiyyət nümayəndələrini qınadı

Hüquq-mühafizə orqanları dərhal hərəkətə keçmədikləri, müvəffəqiyyətli istintaq aparmadıqları və təqsirkarları cəzalandırmadıqları üçün zərərçəkənlər 2002-ci ildə AİHM-ə şikayət etmişdilər.

AİHM 7 oktyabr qərarında qeyd etmişdi: «Gürcüstanın hökumət nümayəndələri qanunsuzluğa şərait yaradır, bu da ölkənin hər yerində Yehovanın Şahidlərinə qarşı digər hücumlara yol açır». Məhkəmə onu da qeyd etmişdi ki, amansız hücumlar «Yehovanın Şahidləri icmasına qarşı qabaqcadan yaranmış yanlış təəssüratdan qaynaqlanır» və məhz hüquq-mühafizə orqanları «qərəzli münasibət bəsləyir, bu da hakimiyyət nümayəndələrinin ən azından bu cür zorakılığa göz yumduğunu göstərir».

«Gürcüstanın hökumət nümayəndələri qanunsuzluğa şərait yaradır, bu da ölkənin hər yerində Yehovanın Şahidlərinə qarşı digər hücumlara yol açır» («Beqleuri və başqaları Gürcüstana qarşı», № 28490/02, 7 oktyabr 2014, s. 40, par. 145).

Nəticədə, AİHM Gürcüstanın hökumət nümayəndələrini 47 iddiaçıya qarşı qeyri-insani rəftar etməkdə təqsirkar bildi və 88 iddiaçının din azadlığı hüququnu pozduğunu və onlara qərəzli münasibət bəslədiyini bildirdi. AİHM fərman verdi ki, dövlət «Məhkəmənin aşkar etdiyi zorakılığa son qoymalı» və «qabaqcadan yaranmış yanlış təəssüratların» və fəaliyyətsizliyinin ucbatından vurulan zərəri aradan qaldırmalıdır. AİHM–in qərarına əsasən, dövlət zərərçəkənlərə dəyən mənəvi zərəri və məhkəmə məsrəflərini ödəmək üçün 45 000 avro pul ödəməlidir.

Gürcüstandakı Yehovanın Şahidlərinin vəziyyəti yaxşılaşır

2004-cü ildən bəri vəziyyət yaxşılığa doğru xeyli dəyişsə də, Yehovanın Şahidlərinə qarşı hücumlar və təqiblər hələ də davam edir. 2013-cü ildə Yehovanın Şahidlərinə qarşı törədilən 53 zorakılıq faktı qeydə alınıb. «Beqleuri» məhkəmə işi Gürcüstanın hakimiyyət nümayəndələrinin üzərinə vətəndaşlarına qarşı törədilən cinayət əməlləri ilə bağlı dərhal və müvəffəqiyyətli istintaq aparmaq öhdəliyi qoyur. Yehovanın Şahidləri ümid edirlər ki, hakimiyyət onlara qərəzli yanaşmayacaq, dini zəmində zorakılıq törədən şəxsləri məsuliyyətə cəlb edib cəzalandıracaq.