Kontentə keç

İkinci dərəcəli menyu

Yehovanın Şahidləri

Azərbaycan

18 NOYABR 2013-CÜ İL
DÜNYA ÜZRƏ HÜQUQİ MƏSƏLƏLƏR

Həbsdə olanları unutmayın

Həbsdə olanları unutmayın

Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın 18-ci maddəsində deyilir: «Hər bir insan düşüncə, vicdan və din azadlığı hüququna malikdir» *. Bəzi ölkələrdə Yehovanın Şahidləri əsas insan hüquqlarından biri olan bu hüquqdan istifadə etdikləri üçün həbsxanaya salınır və qəddar rəftarla üzləşirlər. Həbsdə saxlanılanların əksəriyyəti etiqadları hərbi xidmətə getməyə yol verməyən gənc oğlanlar, qalanları isə sadəcə öz dinlərinə etiqad edənlərdir.

Lakin Yehovanın Şahidlərinə qarşı göstərilən pis münasibət onları öz dinlərinə etiqad etmək əzmlərindən döndərmir. Əksinə, bu, insan haqlarına hörmət etməyən dövlətlərin beynəlxalq imicinə xələl gətirir. Aşağıdakı çərçivədə harada, neçə Yehovanın Şahidinin həbsdə olduğunu görə bilərsiniz.

YER

MƏHBUSLAR

 Eritreya

52

 Cənubi Koreya

599

 Dağlıq Qarabağ

1

 Sinqapur

18

 Türkmənistan

9

Cəmi

679

Siyahı 2013-cü il 12 noyabr tarixinədək olan məlumatlara əsasən tərtib edilib

 ERİTREYA

Son məlumatlara görə, aralarında kişi və qadınların olduğu 52 Yehovanın Şahidi həbsxanada pis şəraitdə saxlanılır. Bu Şahidlərdən heç birinə qarşı rəsmi ittiham irəli sürülməyib və onlar rəsmən məhkəməyə cəlb olunmayıblar. Onlar etiqadlarına, dini fəaliyyətə və digər açıqlanmayan səbəblərə görə həbsdə saxlanılırlar. Üç kişi — Paulos Eyassu, İsaak Moqos və Negede Teklemariam etiqadlarına görə hərbi xidmətdən imtina etdikləri üçün 1994-cü il 24 sentyabr tarixindən bu günədək həbsxanada saxlanılır. 60-dan çox yaşları olan iki Yehovanın Şahidi — Misqhina Qebretinsae və Yohannes Haile həbsxanada vəfat edib. Eritreya 1993-cü ildə müstəqillik qazandıqdan ta bu günədək Yehovanın Şahidlərini həbs edir, onlara işgəncə və zülm verir.

 CƏNUBİ KOREYA

Hal-hazırda etiqadlarına görə hərbi xidmətdən imtina edən 599 gənc Yehovanın Şahidi həbsdədir, onların hər biri 18 aylıq azadlıqdan məhrum edilib. Koreya müharibəsindən sonra bu günədək Cənubi Koreya dövləti hərbi xidmətdən imtina edən gənc Şahidləri məhkəməyə cəlb edir və məsələni həll etmək üçün alternativ xidmət təqdim etmir. Bu günədək Cənubi Koreyada hərbi xidmətdən imtina edən 17 549 Yehovanın Şahidinə ümumi hesabla 34 100 il həbs cəzası kəsilib. Cənubi Koreya üzərinə götürdüyü beynəlxalq öhdəliklərini yerinə yetirmir və etiqadlarına görə hərbi xidmətdən imtina edənlərin mühüm hüquqlarını tanımaqdan imtina edir. Əlavə məlumat üçün «Cənubi Koreyadakı haqsızlıq beynəlxalq ictimaiyyətin etirazına səbəb olub» məqaləsinə baxın.

 DAĞLIQ QARABAĞ

Etiqadlarına görə hərbi xidmətdən imtina edən 20 yaşlı Yehovanın Şahidi Dağlıq Qarabağda alternativ mülki xidmət olmadığı üçün həbs edilib. 30 dekabr 2011-ci il tarixində ona 30 aylıq həbs cəzası kəsilmişdi; 2013-cü il yanvarın 29-da şərti azadlığa buraxılma üçün etdiyi müraciəti rədd edildi. Xəstəliyinin müalicəsinə görə azadlığa buraxılmaq üçün etdiyi xahişi də həbsxana müdiriyyəti tərəfindən qəbul edilmədi.

 SİNQAPUR

Sinqapurda da hərbi xidmət məcburidir və dövlət etiqadlara görə hərbi xidmətdən imtina edənlərin hüquqlarını tanımır. Yehovanın Şahidləri ilə birgə ibadət edən və Müqəddəs Kitab əsasında tərbiyə edilmiş vicdanlarına qarşı çıxmamaq niyyətlərində qəti olan 18 gənc silahlı qüvvələrin təcridxanalarında onlara kəsilmiş 39 aylıq həbs cəzasını çəkir. Başqa bir Şahid isə hərbi xidmətdən imtina etdiyi üçün bir il həbsxanada yatandan sonra 2013-cü ilin avqustunda azadlığa buraxılmışdı.

 TÜRKMƏNİSTAN

Türkmənistanda hal-hazırda 9 Yehovanın Şahidi — 8-i etiqadlarına görə hərbi xidmətdən imtina etdiyi üçün, 1-i isə yalan ittihamlar ucbatından həbsdə saxlanılır. Onların cəza müddətləri 12—24 ay arasında dəyişir. Onlar tez-tez həbsxana keşikçiləri və əsgərlər tərəfindən vəhşicəsinə döyülürlər. Azadlığa buraxılandan sonra da eyni adamları bəzən «təkrar cinayət törətməkdə» ittiham edərək yenidən və daha sərt şəraiti olan həbsxanaya salırlar.

^ abz. 2 Həmçinin baxın: BMT-nin İnsan hüquqları haqqında ümumi bəyannamə, 18-ci maddə, eləcə də Avropa İnsan Hüquqları Konvensiyası, 9-cu maddə.