Kontentə keç

İkinci dərəcəli menyu

Yehovanın Şahidləri

Azərbaycan

11 DEKABR 2015-Cİ İL
AZƏRBAYCAN

Dini görüşlərdə iştirak etdiyi üçün Rəşad Niftəliyevə cərimə kəsilib və həbs olunub

Dini görüşlərdə iştirak etdiyi üçün Rəşad Niftəliyevə cərimə kəsilib və həbs olunub

Yehovanın Şahidlərinin din xadimlərindən biri Rəşad Niftəliyev dini görüşlərdə iştirak etdiyi üçün ona kəsilən cəriməni ödəmədiyindən son 14 ay ərzində ikinci dəfədir ki, həbs olunur. 2015-ci il noyabrın 19-u Azərbaycanın Gəncə Şəhər Məhkəməsi «dini görüşlərin təşkili və keçirilməsi ilə bağlı qanunu» pozduğuna görə ona kəsilən küllü miqdarda cəriməni ödəmədiyi üçün Rəşad Niftəliyevə 25 sutka həbs cəzası kəsmişdir.

Hal-hazırda Rəşad Niftəliyevin cəriməsi ümumilikdə 9450 manat (11 375 ABŞ dolları) təşkil edir. O, bu cərimələrin ədalətsiz olaraq kəsildiyinə əmin olsa da, imkanı yol verdiyi qədər cəriməni az-az ödəyir.

Dini fəaliyyətə görə cəza

2015-ci il noyabrın 14-ü Azərbaycanın ikinci böyük şəhəri olan Gəncədə polis əməkdaşları tərəfindən dini görüşün keçirilən zaman basqın edilmişdir. Bu basqın nəticəsində Rəşad Niftəliyev ikinci dəfə həbs olunmuşdur. Polislər görüşü saxlamış və orada iştirak edən 27 nəfəri Gəncə Şəhər Baş İdarəsinin Kəpəz Rayon Polis Şöbəsinə aparmışlar. Niftəliyev də daxil olmaqla, 12 nəfər dini görüşlərdə iştirakla bağlı qanunu pozmaqda ittiham olunublar *. 2015-ci il 18—25 noyabr tarixlərində bağlı qapı arxasında keçirilən dinləmələr zamanı Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi «icazəsiz keçirilən dini görüşdə» iştirak etdikləri üçün 9 nəfərin hər birinə 2000 manat (1911 ABŞ dolları) məbləğində cərimə kəsmişdi.

Noyabrın 19-u Rəşad Niftəliyev məhkəmə icraçıları şöbəsinə çağırılmış və son beş il ərzində eyni ittiham əsasında kəsilən beş cəriməni nəyə görə az-az ödədiyi ilə bağlı sorğuya çəkilmişdir. Niftəliyev izah etmişdi ki, cəriməni ödəmək üçün əlindən gələni edir. O, həmçinin bildirmişdir ki, qazancı azdır və xəstə anasına baxır. Buna baxmayaraq, məhkəmə icraçıları işi məhkəməyə göndərir. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi işə baxandan sonra Rəşad Niftəliyevi məhkəmə salonunda həbs edir. Sonradan məhkəmə Niftəliyevi noyabrın 14-ü dini görüşdə iştirak etdiyi üçün də cərimə edir və beləcə, onun cəriməsi daha da artır, Allaha ibadət etdiyi üçün o, bir daha ədalətsiz cəzaya məruz qalır.

Dini görüşlərin keçirilməsinə əngəl törədilir

Noyabrın 14-ü polislər tərəfindən Gəncədəki Yehovanın Şahidlərinin dini görüşünə edilən basqın 2010-cu ildən bu yana edilmiş səkkizinci basqındır *. Reydlər hər dəfə eyni qaydada aparılır: Yehovanın Şahidləri sakit şəkildə kiçik qrup olaraq kiminsə evində yığışır. Polis axtarış orderi və ya məhkəmənin qərarı olmadan, özünü təqdim etmədən və heç bir səbəb gətirmədən evə daxil olur. Onlar görüşü dayandırır, oradakı insanların Müqəddəs Kitablarını və dini ədəbiyyatlarını müsadirə edir, onları təhqir edir və hədə-qorxu gəlir, video çəkilişlər aparır.

Polis, uşaqlar və yaşlılar da daxil olmaqla, görüşdə iştirak edənlərin hamısını polis bölməsinə aparır. Sonra elə həmin günə məhkəmə dinləməsi təyin olunur. Halbuki məhkəmə saxlanılan şəxslərə vəkilləri ilə əlaqə yaratmağa və dinləməyə hazırlaşmaları üçün bir neçə gün vaxt verə bilər. Bir neçə dəfə yerli kütləvi informasiya vasitələri Yehovanın Şahidlərinin həbsi barədə xəbərlər yaymış, hətta televiziya vasitəsilə polis bölməsində olan Şahidləri göstərmişlər.

Qeydiyyat mütləqdir, amma qeydiyyatdan keçmək mümkün deyil

Gəncə şəhərində yaşayan Yehovanın Şahidləri dövlət qeydiyyatından keçə bilmədikləri üçün, hökumət onların dini görüşlərini qanunsuz sayır. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi bunu əsas götürərək noyabrın 14-ü keçirilən dini görüşdə iştirak edən şəxsləri cərimə etmişdir. Qərarda qeyd olunur ki, «Yehovanın Şahidləri icması Gəncə şəhərində fəaliyyət göstərmək üçün aidiyyəti orqanlardan rəsmi icazə almayıb» *.

Məhkəmə belə bir qərar çıxarsa da, Azərbaycanda ibadət görüşlərini keçirmək üçün icazə almaqla bağlı heç bir qanun yoxdur. Dini Etiqad Azadlığı haqqında Qanunun 21-ci maddəsində deyilir: «İbadətlər, dini ayinlər və mərasimlər ibadətgahlarda və onlara məxsus ərazidə,.. vətəndaşların mənzillərində və evlərində maneəsiz keçirilir».

Yehovanın Şahidləri Bakıda qeydiyyatdan keçib və Gəncədə də qeydiyyatdan keçmək üçün 2010-ci ildən bəri çoxsaylı müraciətlər etmişlər. Lakin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi hər dəfə ərizədə texniki səhvin olduğunu əsas gətirərək müraciəti ya təxirə salır, ya da rədd edir. Yehovanın Şahidləri Gəncədə qeydiyyatdan keçmək üçün son ərizələrini 10 noyabr 2015-ci il tarixində təqdim etmişlər və bu ərizə hələ də cavabsız qalıb.

Dini etiqad azadlığına qoyulan məhdudiyyətin aradan qaldırılması üçün göstərilən səylər

Yehovanın Şahidləri qeydiyyatdan keçmək və öz hüquqlarına hörməti artırmaq üçün Azərbaycan rəsmiləri ilə görüşməyə davam edirlər. Lakin Azərbaycan hökuməti hələ də Yehovanın Şahidlərinin din azadlığı və dini etiqadını ifadə etmək azadlığı hüququnu ədalətsiz şəkildə pozur. Bu səbəbdən Yehovanın Şahidləri Avropa İnsan Hüquqları Məhkəməsinə 21 şikayət ərizəsi ilə müraciət edib.

Yehovanın Şahidləri xahiş edirlər ki, Azərbaycan hökuməti ölkədəki digər dini qurumlara verdiyi dini azadlıqları onlara da versin və Rəşad Niftəliyev kimi əqidəsinə bağlı qalan kəsləri cəzalandırmağı dayandırsın.

^ abz. 5 Onlar İnzibati Xətalar Məcəlləsinin 299.0.2 maddəsini pozmaqda təqsirkar bilinib. Bu maddədə yerli hökumət nümayəndələrinin icazəsi olmadan «dini yığıncaqlar, yürüşlər və digər dini mərasimlərin təşkilinin və keçirilməsinin» qadağan olunduğu deyilir.

^ abz. 8 Bu reydlər həmçinin Lənkəran, Lökbatan, Mingəçevir, Şəmkir və Zaqatalada da keçirilib.

^ abz. 11 Hökumət nümayəndələri Dini Etiqad Azadlığı haqqında Qanunun 12-ci maddəsinə əsaslanıblar. Orada deyilir: «Bütün dini qurumlar yalnız müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alındıqdan və dini qurumların dövlət reyestrinə daxil edildikdən sonra fəaliyyət göstərə bilər». Ancaq bu maddə insanların bir yerə toplaşıb dini görüşlər keçirməsini qadağan etmir. O, icmaların hüquqi şəxslərinə aiddir. Həmçinin Sərbəst Toplaşmaq Azadlığı haqqında Qanunun 4-cü maddəsində qeyd olunur ki, «dini toplantılar» bu qanunla nizamlanmır.