Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

23 MART 2015-Cİ İL
AZƏRBAYCAN

Azərbaycanda dini dözümsüzlük artır

Azərbaycanda dini dözümsüzlük artır

Azərbaycanda dini dözümsüzlük getdikcə güclənir. Belə ki, dövlət mühafizə orqanları Yehovanın Şahidlərinə yüksək cərimələr kəsir və onları həbs edir. Hakimiyyət dairələri Şahidləri ibadət məqsədilə yığışdıqları və etiqadları barədə insanlarla söhbət etdikləri üçün cinayət məsuliyyətinə cəlb edir.

Dini fəaliyyətə cinayət donu geyindirilir

2014-cü il dekabrın 5-də iki Yehovanın Şahidi — dul və əlil olan 55 yaşlı İrina Zaxarçenko və xəstə anasına baxan 38 yaşlı Validə Cəbrayılova Bakıda yaşayış komplekslərinin birində öz etiqadları barədə sakinlərlə söhbət edirdi. Qadınlar pulsuz olaraq «Övladlarımızı öyrədək» broşürünü sakinlərə təklif edirdi. Bu broşür valideynlərə kömək məqsədilə tərtib olunub. Orada Müqəddəs Kitabdan əhvalatlar, ibrətamiz dərslər yer alır *.

Polis müstəntiqi Şahidləri «lazımi icazə» olmadan Müqəddəs Kitaba əsaslanan nəşri paylamaqda təqsirləndirmiş və cinayət məsuliyyətinə cəlb etmişdir. Daha dəqiq desək, qadınlar mütəşəkkil cinayətkar dəstənin üzvləri kimi cinayət törətməkdə ittiham olunmuşlar. Bu cinayətə görə böyük məbləğdə — 7000 manatdan 9000 manata kimi (6690—8600 ABŞ dolları) * cərimə, yaxud da iki ildən beş ilə kimi həbs cəzası kəsilir.

Təhqiqat zamanı polis müstəntiqi və Milli Təhlükəsizlik Nazirliyi (MTN) qadınları dəfələrlə istintaq etmişdir. 2015-ci il fevralın 17-də növbəti dəfə MTN tərəfindən çağırılan qadınlar gözlənilmədən başqa bir vəziyyətlə üzləşmişlər — belə ki, Bakı şəhəri Səbayıl rayon məhkəməsi onların işi üzrə qapalı dinləmə keçirmişdi.

Müstəntiq cinayət ittihamları irəli sürdükdən sonra qadınların yenidən bu cinayəti törədəcəyi və «istintaqdan yayınıb gizlənəcəyi» ehtimalı ilə əlaqədar olaraq onların barəsində həbs qətimkan tədbirinin (məhkəmədən əvvəl saxlanma) seçilməsi barədə vəsatət təqdim etmişdi. Qadınların vəkili öz etirazını bildirmiş, vəziyyəti və qadınların hakim dairələri ilə əməkdaşlığını nəzərə alaraq, həbs qətimkan tədbirinin ədalətsiz olduğunu iddia etmişdir. Hakim qadınların əvvəllər məhkum olunmadığını bildirsə də, onların fəaliyyətinin «ictimaiyyət üçün təhlükəli» olduğunu söyləmiş və müstəntiqin onlar barəsində MTN həbsxanasında üçaylıq həbs qətimkan tədbiri seçilməsi vəsatətini təmin etmişdi.

Qadınların vəkili çıxarılan qərardan apellyasiya şikayəti vermişdi. 2015-ci il fevralın 26-da polis onları həbsxanadan əli qandallı halda qaraşüşəli avtomobildə Bakı Apellyasiya Məhkəməsinə gətirmişdi. Qapalı rejimdə keçirilən dinləmə zamanı nə ittihamçı, nə də MTN-nin müstəntiqi həbs qətimkan tədbirinin seçilməsinin zəruriliyini əsaslandırmamışdı. Buna baxmayaraq, məhkəmə şikayətləri rədd etmiş və Zaxarçenko ilə Cəbrayılovanı yenidən həbsxanaya qaytarmışdır.

2015-ci il martın 6-da MTN-dən olan iki dəstə məhkəmə orderi ilə Zaxarçenko və Cəbrayılovanın evində axtarış aparmış və onların dini ədəbiyyatlarını, şəxsi notbuklarını, həmçinin kompüter və mobil telefonu müsadirə etmişdir. 2015-ci il martın 10-da MTN, Dini Qrumlarla İş üzrə Dövlət Komitəsi və polis əməkdaşları məhkəmə orderi təqdim edərək ibadət evində, eləcə də yığıncaq ağsaqqallarından birinin evində axtarış aparmışdır. Həmçinin MTN Bakıda yaşayan bir neçə Şahidi bu işlə bağlı istintaq etmişdi.

Zaxarçenko və Cəbrayılova barəsində həbs qətimkan tədbirinin seçilməsinə cavab olaraq Yehovanın Şahidləri işə müdaxilə etməsini xahiş etmək üçün BMT-nin xüsusi məruzəçisi və Özbaşına Həbs altında saxlama qrupu üçün məktub hazırlayıblar. Yerli vəkil məhkəməyə təqdim etmək üçün həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi barədə vəsatət hazırlayır.

Dini fəaliyyətə görə yüksək cərimələr və həbs cəzası kəsilir

Gəncədə hakimiyyət dairələri Yehovanın Şahidlərinin dini görüşlərinə gələnlərə yüksək cərimə kəsmiş, bəzilərini isə həbs etmişdir. Cərimələrin məbləği 1500—2000 manat (1433—1911 ABŞ dolları) arasında dəyişir.

2014-cü ilin oktyabrında Gəncədə keçirilən məhkəmələr üç Şahidi və Yehovanın Şahidlərinin dini görüşlərinə gələn bir kişini ibadət görüşlərinə gəldikləri üçün kəsilən cəriməni ödəməməkdə təqsirli bilib onlara həbs cəzası kəsmişdi. Cəriməni qismən ödəmələrinə baxmayaraq, onları üç gündən iyirmi günədək həbsxanada saxlamışdılar.

Şahidlərlə birgə ibadət edən həmin kişi deyir: «1500 manat (1433 ABŞ dolları) mənim üçün çox puldur... Günahsız olduğuma görə əvvəlcə cəriməni ödəmək istəmirdim». Digər iki Şahid kişi də onlara verilən cəzanın ədalətsiz olduğunu düşünür və deyirlər ki, hökumət onlarla cinayətkar kimi davranıb.

Həbs olunan üçüncü Şahid qadın idi. O deyir: «Ailəmin maddi cəhətdən çox böyük sıxıntı yaşamasını, müstəqil şəkildə heç bir şey edə bilməyən əlil anama qulluq etməyimi və cəriməni könüllü sürətdə ödəməyə başladığımı nəzərə almadılar».

Həmin dörd nəfər həbs cəzasını çəkib qurtarıb. Lakin məhkəmə hələ də cəriməni tam ödəməyi tələb edir. Əgər onlar cəriməni vaxtında ödəməsələr, məhkəmə yenidən onların həbsinə qərar verə bilər.

Azərbaycan ədaləti bərqərar edəcəkmi?

Azərbaycandakı məmurlar müxtəlif yollarla Yehovanın Şahidlərinin dini fəaliyyətinə əngəl törətməyə çalışırlar. Hazırda Yehovanın Şahidlərinin üzləşdikləri dini dözümsüzlüklə bağlı Azərbaycana qarşı qaldırdığı 19 şikayət ərizəsi Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən baxılmaq üçün gözləyir. Eyni zamanda Yehovanın Şahidləri ümid edirlər ki, Azərbaycan hakimiyyət orqanları Zaxarçenko və Cəbrayılova barəsində ədalətsizcəsinə həbs qətimkan tədbirinin seçilməsinə düzəliş verəcək. Bu və digər dini dözümsüzlük hallarını aradan qaldırmaqla Azərbaycan öz vətəndaşlarına və konstitusiyasına hörmət etdiyini, həmçinin əsas insan hüquqlarını dəstəklədiyini göstərəcək.

^ abz. 4 Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Yehovanın Şahidləri tərəfindən dərc olunan bu broşürün idxalına 2014-cü il avqustun 11-də icazə verib.

^ abz. 5 2014-cü ilin avqust ayında aparılan hesablamaya əsasən, Azərbaycanda orta aylıq əmək haqqı 440 manat (420 ABŞ dolları) təşkil edir.