Kontentə keç

İkinci dərəcəli menyu

Yehovanın Şahidləri

Azərbaycan

26 MAY 2014-CÜ İL
AZƏRBAYCAN

Azərbaycandakı Yehovanın Şahidləri ədalət üçün Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət ediblər

Azərbaycandakı Yehovanın Şahidləri ədalət üçün Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət ediblər

Hadisə Bakıda, bazar günü səhər, ibadət zamanı, görüşün keçirildiyi zalda baş vermişdi. Aralarında kişi, qadın və uşaq olan təxminən 200 nəfər Müqəddəs Kitaba əsaslanan nitqə qulaq asırdı.

Bu zaman polislər əllərində kamera olan televiziya işçiləri və digər məmurlarla birgə qapıdan içəri soxulmuşdu. Polislər Yehovanın Şahidlərinin dinc ibadət görüşünə mane olmuş, bir neçə nəfəri vurmuş, prokurorun sanksiyası olmadan binaya baxış keçirmiş, oradakı insanları təhqir etmiş, eləcə də pulları, kompüterləri və yığıncağa məxsus olan Müqəddəs Kitaba əsaslanan nəşrləri müsadirə etmişdilər. Onlar Yehovanın Şahidlərindən bir çoxunu polis bölməsinə aparmış və saatlarla orada saxlamışdılar. Altı əcnəbi vətəndaş bir neçə gün nəzarət kamerasında saxlanılmış, sonra isə deportasiya olunmuşdu. Polisin bu reydini işıqlandıran televiziya verilişlərində Yehovanın Şahidlərinin ünvanına çoxlu böhtanlar səslənmişdi.

2006-cı il dekabrın 24-ü baş verən bu hadisə Yehovanın Şahidlərinin Azərbaycana qarşı Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) ilk şikayət ərizəsi vermələrinə səbəb oldu. O vaxtdan etibarən Şahidlər din azadlığının pozulması ilə əlaqədar AİHM-ə daha 18 ərizə veriblər.

ƏRİZƏNİN SƏBƏBİ

CƏMİ

Polis reydi

5

Yenidən qeydiyyata alınma

1

Dini etiqadın ifadə edilməsi

2

Senzura

5

Deportasiya

3

Dini etiqadlara görə hərbi xidmətdən imtina

3

Cəmi

19

2014-cü il yanvarın 31-ə qədər Şahidlərin Azərbaycana qarşı AİHM-ə verdiyi ərizələr

Aşağıda Yehovanın Şahidlərinin Azərbaycanda üzləşdikləri çətinliklərdən bəziləri və ədalətin bərpa olunması üçün onları AİHM-ə müraciət etməyə vadar edən səbəblər gətirilir.

  • Yenidən qeydiyyata alınmaq üçün müraciətlərin rədd edilməsi

    Yehovanın Şahidlərinin Dini İcması ilk dəfə 1999-cu il dekabrın 22-si Bakıda qeydiyyata alınmışdı, 2002-ci il fevralın 7-də isə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) tərəfindən yenidən qeydiyyata alındı. 2009-cu ildə Azərbaycan hökuməti dini etiqad azadlığı haqqında qanununa dəyişikliklər etdikdən sonra bütün dini qurumlardan yenidən qeydiyyatdan keçməyi tələb etdi. Yehovanın Şahidlərinin Dini İcması yenidən qeydiyyatdan keçmək üçün ərizə ilə müraciət etdi, amma DQİDK ərizədə texniki səhvin olduğunu əsas gətirərək müraciəti rədd etdi. Dövlət 2002-ci ilin qeydiyyatını hüquqi qüvvədən məhrum etməsə də, dini etiqad azadlığı haqqında yeni qanun qəbul etdikdən sonra Yehovanın Şahidlərinin Dini İcmasını yenidən qeydiyyata almır.

  • Polis zorakılığı və təqiblər

    Yehovanın Şahidləri hər həftə öz ibadət görüşlərini şəxsi evlərdə keçirirlər. Bir neçə dəfə polis qanuni icazə olmadan şəxsi evlərə zorla soxularaq ibadət görüşlərinin keçirilməsinə mane olmuşdu. Polislər görüşlərdə iştirak edənlərə qarşı kobud rəftar etmiş, saatlarla onları polis bölməsində saxlamış və ibadətdə istifadə etdikləri şəxsi dini ədəbiyyatlarını müsadirə etmişdilər. Bəzi Şahidlərə böyük cərimələr kəsilmişdi. 2011-ci ildə Gəncədə altı Şahid dövlətin rəsmi icazəsi olmadan dini görüşdə iştirak etməkdə təqsirkar bilinmiş və ümumilikdə onlara təxminən 12 000 ABŞ dolları məbləğində cərimə kəsilmişdi. Son polis reydləri 2014-cü il yanvarın 11-i və martın 2-si baş verib.

  • Ədəbiyyatların senzurası

    Azərbaycan Avropa Şurasının yeganə üzvüdür * ki, öz konstitusiyasına zidd olaraq dini ədəbiyyatlar üçün mütləq senzura sistemi təsis edib *. Avropa Şurasına daxil olan ölkələrdən idxal olunan Müqəddəs Kitaba əsaslanan ədəbiyyatların sayı senzuradan sonra ya məhdudlaşdırılır, ya da ədəbiyyat ümumiyyətlə qadağan olunur. Yehovanın Şahidlərinin hər ay dərc etdikləri «Gözətçi qülləsi» jurnalının müəyyən sayları da qadağan edilmiş ədəbiyyatlar siyahısına düşüb *. Azərbaycan məhkəmələri Şahidlərin DQİDK-ın senzurasının qeyri-qanuni olduğu iddialarını rədd edib.

Azərbaycan dövlətinin dini qurumlarla rəftarına dair beynəlxalq rəy

İnsan hüquqları üzrə bir sıra beynəlxalq təşkilatlar Azərbaycan dövlətinin din haqda qanununu və dini qurumlarla rəftarını araşdırıb açıq şəkildə öz rəylərini bildirmişlər.

  • ABŞ Beynəlxalq Dini Etiqad Azadlığı Komissiyası 2013-cü ilin illik hesabatında qeyd edir: «Azərbaycan hökuməti tolerant olduğunu iddia etsə də, ölkədə dini azadlıqla bağlı vəziyyət pisləşib, xüsusilə də 2009-cu ildə din haqqında məhdudlaşdırıcı qanunun qəbul edilməsindən sonra».

  • İrqçiliyə və Dözümsüzlüyə qarşı Avropa Komissiyası (ECRI) hesabatında dini qurumlara təsir edən məhdudlaşdırıcı vəziyyətlə bağlı öz dərin narahatçılığını bildirmişdi. Azərbaycanın din haqqında qanunu ilə əlaqədar hesabatda deyilir: «ECRI Azərbaycan hökumətinə... mövcud qanunvericiliyi Avropa İnsan Hüquqları Konvensiyasına uyğunlaşdırmağı qətiyyətlə tövsiyə edir».

  • Avropa Şurasının Venesiya Komissiyası Dini etiqad azadlığı haqqında Azərbaycan Respublikasının qanununda dəyişikliklər etmək barədə təfsilatlı tövsiyələrini dərc etmişdi. Orada deyilir: «Göründüyü kimi, Qanunda beynəlxalq standartlara zidd olan bir sıra yetərincə məhdudlaşdırıcı müddəalar mövcuddur. Qanunun əhatə dairəsi və din və vicdan azadlığının benefisiarları kimi əsas məsələləri tənzim edən müddəalarından başqa, qeydiyyat, dini icmaların muxtariyyəti və ləğvi, vicdanlı etiraz [etiqadlara görə hərbi xidmətdən imtina etmə], dini təbliğat məsələləri, dini materialların dərci və yayılması beynəlxalq standartlara cavab vermək üçün yenidən işlənməlidir».

Dəyərli azadlıqlar

Bütün dünyadakı Yehovanın Şahidləri fikir və söz, vicdan, din, sərbəst toplaşmaq, birləşmək azadlıqları kimi fundamental hüquqları yüksək qiymətləndirirlər. Şahidlər onlara bu hüquqları verən ölkələrə minnətdardırlar. Azərbaycandakı Yehovanın Şahidləri və onlarla birgə ibadət edənlərdən ibarət 2500 nəfərlik kiçik qrup ümid edir ki, dövlət ölkədəki digər dini qurumlara verdiyi dini azadlıqları onlara da verəcək.

^ abz. 28 Azərbaycan 2001-ci il yanvarın 25-də Avropa Şurasına üzv qəbul edilib.

^ abz. 28 Azərbaycan Respublikasının Konstitusiyasının 48-ci maddəsi dini etiqad azadlığını müdafiə edir, 50-ci maddə isə kütləvi informasiya vasitələrinin senzurasını qadağan edir.

^ abz. 28 Hər ay Yehovanın Şahidləri Müqəddəs Kitab təlimlərini izah edən «Gözətçi qülləsi» jurnalının kütləvi nəşrini dərc edir. Yığıncaqlarında isə hər həftə Müqəddəs Kitab üzrə maarifləndirmə proqramı çərçivəsində «Gözətçi qülləsi»nin təlim nəşrindən istifadə olunur. Dünyada ən geniş yayılmış jurnal olan və 200-dən çox dildə çıxan «Gözətçi qülləsi»nin ümumi tirajı 45 000 000-dan çoxdur.