Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

23 YANVAR 2015-Cİ İL
RUSİYA

Rusiya Ali Məhkəməsinin qərarı ölkədəki Yehovanın Şahidləri üçün təhlükəli presedent yaradır

Rusiya Ali Məhkəməsinin qərarı ölkədəki Yehovanın Şahidləri üçün təhlükəli presedent yaradır

2014-cü il 12 noyabrda Rusiya Federasiyası Ali Məhkəməsi aşağı instansiya məhkəməsinin Samara şəhərindəki Yehovanın Şahidləri ilə əlaqədar verdiyi qərarı dəstəkləmişdir. Qərar icmanın yerli dini təşkilatının (YDT) «ekstremist» kimi tanınması ilə bağlı idi. YDT-a qarşı iş 2014-cü ildə Samara prokurorluğu tərəfindən qaldırılmışdı. Buna səbəb hüquq mühafizə orqanlarının Şahidlərin yığıncaqlar üçün kirələdiyi yerdə axtarış apararkən ölkədə qadağan olunmuş bir neçə kitab «tapmaları» idi. (Həmin kitablar ölkə məhkəmələri tərəfindən ekstremist məzmunlu material kimi elan edilərək Ədliyyə Nazirliyinin ekstremist materialların federal siyahısında yerləşdirilmişdi.  *) Əslində isə Yehovanın Şahidləri qadağa qərarlarına riayət edərək artıq bütün qadağan olunmuş ədəbiyyatları ibadət üçün kirələdikləri yerlərdən çıxarıb aparmışdılar.

Həm aşağı instansiya, həm də Ali Məhkəmənin qarşısında çıxış edərkən Şahidlər bildirmişdilər ki, qadağan olunmuş ədəbiyyatlar polis işçiləri tərəfindən ittiham səbəbi olsun deyə axtarış zamanı binaya atılmışdı. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin ədəbiyyatları qadağan edən əvvəlki məhkəmə qərarlarının qanuni olub-olmadığını hazırda araşdırdığı da qeyd edilmişdi. Şahidlər həm də dəlil gətirmişdilər ki, Samara prokurorluğunun icma tərəfindən qadağan olunmuş kitabların saxlanılması barədə iddiası doğru olsaydı belə, təyin olunan cəza bu cür nisbətən xırda pozuntu üçün qeyri-mütənasibdir. Qadağan olunmuş ədəbiyyatı saxlamaq inzibati xəta sayılır və təşkilatın ləğvi kimi ağır cəza ilə yox, cərimə və yaxud YDT-ın fəaliyyətinin müvəqqəti dayandırılması ilə cəzalandırılır. Lakin Ali Məhkəmə bu dəlilləri rədd etdi.

Hüquqi şəxsin ləğvi. Növbəti addım cinayət təqibi olacaq?

2009-cu ildə Taqanroqdakı YDT-ın Rostov Vilayət Məhkəməsi tərəfindən ekstremizm ittihamı ilə ləğv edilməsi eyni ssenari üzrə baş vermişdi. Hüquq mühafizə orqanları bu məhkəmənin qərarını Yehovanın Şahidlərinin regiondakı fəaliyyətinə faktiki qadağa kimi qiymətləndirmişdi. Belə ki, 2013-cü ildə Taqanroqda dini ibadətlərinə görə 16 möminə qarşı cinayət ittihamı irəli sürülmüşdü. (Qeyd edək ki, Yehovanın Şahidləri Samara şəhəri də daxil, dünya boyu eyni növ ibadətləri həyata keçirirlər.) Nəticədə yeddi nəfərə ağır pul cəzası verilmişdi. Üstəlik onlardan icma ağsaqqalı olan dörd nəfərə uzun müddətli həbs cəzası kəsilmişdi. Lakin məsuliyyətə cəlb olunma ilə bağlı məhdudiyyət müddəti çıxdığı üçün hakim müttəhimləri cərimə ödəməkdən azad edərək həbs cəzasının şərti tətbiq ediləcəyinə qərar vermişdi. Şahidlər həmin qərara qarşı apelyasiya şikayəti vermişdilər. 2014-cü il 12 dekabrda Rostov Vilayət Məhkəməsi yeni hakimin sədrlik edəcəyi yeni məhkəmə baxışı təyin etdi.

Hal-hazırda Samara şəhəri və vilayətində yaşayan 1500 Yehovanın Şahidi dinə əməl etdiklərinə görə cinayət təqibi təhlükəsi qarşısındadırlar. Rusiya hökuməti ölkənin digər yerlərində də Yehovanın Şahidlərinin YDT-larını eyni cür yoxlanışlardan keçirirlər. Hökumətin bu cür repressiv hərəkətlərinin Rusiyadakı 180 000 Yehovanın Şahidinin başına nələr gətirəcəyini ancaq zaman göstərəcək. Hər halda Ali Məhkəmənin qərarı həm Yehovanın Şahidlərinin, həm də başqa dini azlıqların azadlığı üçün təhlükəli bir presedent yaradır.

^ abz. 2 Hazırda Yehovanın Şahidlərinin buraxdığı 73 nəşr ekstremist materialların federal siyahısına daxil edilmişdir. YDT-ın ibadət üçün kirələdiyi yerdə axtarış zamanı tapılan ədəbiyyatların sırasında dünya boyu 23 970 207 nüsxə ilə 158 dildə yayılmış «Yeganə həqiqi Allaha ibadət edin» adlı və 100 944 355 nüsxə ilə 166 dildə yayılmış «Əbədi həyata aparan bilik» adlı kitablar da var idi. Yehovanın Şahidləri nəşrlərini ekstremist material kimi tanıyan Rusiya məhkəmələrinin qərarlarına qarşı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə şikayətlə müraciət ediblər.