Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

1 OKTYABR 2014–CÜ İL
RUSİYA

Yehovanın Şahidləri Samaradakı hüquqi şəxslərinin fəaliyyətinin qadağan edilməsi ilə bağlı Rusiya Federasiyasının Ali Məhkəməsinə şikayət edib

Yehovanın Şahidləri Samaradakı hüquqi şəxslərinin fəaliyyətinin qadağan edilməsi ilə bağlı Rusiya Federasiyasının Ali Məhkəməsinə şikayət edib

2014-cü il oktyabrın 8-də Rusiya Federasiyasının Ali Məhkəməsi Samaradakı Yehovanın Şahidlərinin Yerli Dini Qurumlarının (YDQ) fəaliyyətinin qadağan edilməsi ilə bağlı şikayətini dinləyəcək. Bir müddət əvvəl aşağı məhkəmə instansiyası qərarında Samaradakı YDQ-ni ekstremist adlandırmışdı. Əgər Ali Məhkəmə bu qərarı ləğv etməsə, Samarada yaşayan 1500-dən çox Yehovanın Şahidi ciddi çətinliklərlə üzləşəcək.

Samara Vilayət Prokurorluğu aqressiv fəndə əl atır

2014-cü ilin aprelində YDQ-yə qarşı hüquqi proseslər başladı. Belə ki, Samara Vilayət Prokurorluğu qurumun «ektremist fəaliyyətinin» dayandırılması ilə bağlı Samara Vilayət Məhkəməsinə müraciət etdi. Hələ vilayət məhkəməsi işə baxmamış prokurorluq YDQ-nin fəaliyyətini dayandırmış və onun əmlakını müvəqqəti olaraq müsadirə etmişdi. Bundan sonra 2014-cü il mayın 29-da hakim Şabayeva prokurorun lehinə qərar çıxarmış və YDQ-nin fəaliyyətinin qadağan edilməsinə və əmlakının müsadirə edilməsinə əmr vermişdi. Bu qərarın ardınca Rusiya Federasiyasının Ədliyyə Nazirliyi Samaradakı YDQ-ni ekstremist fəaliyyətinə görə qadağan edilmiş dini qurumların siyahısına daxil etdi.

Bundan qabaq da Samara Vilayət Prokurorluğu Samaradakı YDQ-nin fəaliyyətini dayandırmaq üçün ittihamlar irəli sürmüşdü. Prokurorluq 2009-cu ildə məhkəməyə iddia ilə müraciət etmiş, amma sonra şikayətini geri götürmüşdü. Hal-hazırkı məsələdə isə Samara hüquq-mühafizə orqanları amallarına çatmaq üçün başqa üsula əl atıblar.

Rusiya məhkəmələri YDQ-nin fəaliyyətini şübhəli səbəblərlə dayandırmağa çalışır

Həm 2013-cü ilin, həm 2014-cü ilin yanvarında yerli polislər Yehovanın Şahidlərinin ibadət üçün icarəyə götürdükləri binada axtarış aparmış və Ekstremist Materialların Federal Siyahısına daxil olan dini ədəbiyyatlar «aşkar etmişdi». Samara Şəhər Prokurorluğu 2013-cü ildəki axtarışla bağlı YDQ-yə xəbərdarlıq göndərdi və polislər 2014-cü ilin yanvarında yenə dini ədəbiyyatlar aşkar edəndən sonra prokurorluq administrativ işə başladı. 2014-cü il martın 7-də Samara Sovet Rayon Məhkəməsi YDQ-yə 50 000 rubl (1383 ABŞ dolları) cərimə kəsdi. Yehovanın Şahidləri əmindirlər ki, hər iki axtarış zamanı polislər özləri ədəbiyyatları gətirib xəlvət qoymuşdular. Üstəlik, Yehovanın Şahidləri Rusiya məhkəməsinin ədəbiyyatları ekstremist adlandırmaq qərarı ilə razılaşmayaraq Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət ərizəsi ilə müraciət etmişlər.

Samara Vilayət Prokurorluğu Sovet Rayon Məhkəməsinin mövqeyini biləndən sonra 2014-cü ilin aprelində ekstremizm iddiası ilə Samara Vilayət Məhkəməsinə müraciət etdi. Məqsəd YDQ-nin fəaliyyətini dayandırmaq idi. Hakim Şabayeva qərar çıxarmazdan qabaq Yehovanın Şahidlərinin vəkilləri ona bildirdilər ki, YDQ-nin fəaliyyətini dayandırmaq üçün heç bir əsas yoxdur və Yehovanın Şahidlərinin, yaxud YDQ-nin fəaliyyətində və təlimlərində ekstremist heç nə yoxdur. Onlar həmçinin bildirdilər ki, «qadağan olunmuş» ədəbiyyatlar axtarışlar zamanı polislər tərəfindən xəlvət gətirilib. Buna baxmayaraq, hakim Şabayeva Samaradakı YDQ-nin fəaliyyətinə xitam verdi.

Rusiya hakimiyyət nümayəndələri ibadət etmək azadlığını qadağan etməyə davam edəcəklərmi?

Samaradakı vəziyyət Rusiyanın hüquq-mühafizə orqanlarının Taqanroqdakı Yehovanın Şahidlərinə qarşı rəftarına oxşar ardıcıllıqla davam edir. Taqanroqda hakimiyyət nümayəndələri əvvəlcə Ekstremist Fəaliyyətə Qarşı Federal Qanunu yanlış olaraq Yehovanın Şahidlərinin ibadətinə aid etmişdilər. Hakimiyyət nümayəndələri 2009-cu ildə Taqanroqdakı YDQ-nin fəaliyyətini dayandırmağa müvəffəq olmuşdu və sonralar Yehovanın Şahidlərinə qarşı cinayət işi açmışdı. Nəticədə Yehovanın Şahidlərindən yeddisi ibadət görüşlərində iştirak etdiyi üçün ittiham olunaraq həbs edilmişdi. Samaradakı Yehovanın Şahidləri eyni aqibətlə üzləşəcəklərindən narahatdırlar.

Rusiya hakimiyyət nümayəndələri nə vaxta qədər Yehovanın Şahidlərinin ibadətinə mane olmağa davam edəcəklər? 2014-cü ilin iyun ayından etibarən Rusiyanın dörd bir yanında ekstremist hesab edilən dini ədəbiyyatları payladıqları üçün Yehovanın Şahidlərinə qarşı saxta ittihamlar irəli sürülür. Samaradakı Yehovanın Şahidləri ümid edirlər ki, Rusiya Federasiyasının Ali Məhkəməsi ədaləti bərqərar edəcək.