Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

1 İYUL 2014-CÜ İL
RUSİYA

Avropa İnsan Hüquqları Məhkəməsi Rusiyadakı Yehovanın Şahidlərinin ibadət məqsədilə toplaşmaq hüququnu müdafiə edir

Avropa İnsan Hüquqları Məhkəməsi Rusiyadakı Yehovanın Şahidlərinin ibadət məqsədilə toplaşmaq hüququnu müdafiə edir

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) 2014-cü il 26 iyun tarixində Yehovanın Şahidlərinə və onların Rusiya hökumət nümayəndələrinin qanunsuz müdaxiləsi olmadan ibadət etmək hüququna bəraət vermişdi. Məhkəmənin yekdil qərarında bildirilmişdi ki, 2006-cı il aprelin 12-si axşam radələrində polis dəstəsi qanunsuz şəkildə ibadət görüşünün keçirildiyi yerə soxularaq mərasimin keçirilməsinə mane olmuş və bununla Rusiya hökuməti Avropa İnsan Hüquqları Konvensiyasının (Konvensiyanın) 5-ci maddəsini (azadlıq və şəxsi toxunulmazlıq hüququ) və 9-cu maddəsini (fikir, vicdan və din azadlığı) pozmuşdur.

Həmin axşam bütün dünyada Yehovanın Şahidləri, hər il olduğu kimi, İsa Məsihin ölümünün Xatirə gecəsini qeyd etmək üçün toplaşmışdılar. Moskvadakı icmalardan ikisi bu mərasim üçün bir məktəbin akt zalını icarəyə götürmüşdü və tədbirə 400-dən çox adam gəlməli idi. Görüş vaxtı 10 maşın polis dəstəsi, 2 mikroavtobus silahlanmış Xüsusi Təyinatlı Polis Dəstəsi (OMON) və polis geyimində olan onlarla insan ora tökülüşdü. Onlar binanı cəld mühasirəyə aldılar və məhkəmənin orderi olmadan dini görüşü dayandırdılar. Hamıya binanı tərk etməyi əmr etdilər, zalda axtarış apardılar, dini ədəbiyyatları müsadirə etdilər və zor gücü ilə 14 nəfər kişini polis bölməsinə aparıb orada saxladılar. Saxlanılan şəxslər vəkilləri ilə əlaqə saxladıqdan sonra vəkil polis idarəsinə gəldi. Polislər onun üst-başını yoxladılar, onu yerə yıxıb boğazına bıçaq dirədilər və hədələdilər ki, əgər şikayət etsə, bu, onun ailəsi üçün pis nəticələnəcək. Təxminən dörd saatdan sonra saxlanılan şəxslər evə buraxıldılar.

Əsas şikayətçi Nikolay Krupko

Nikolay Krupko və saxlanılan digər üç nəfər Yehovanın Şahidi dini görüşün qanunsuz olaraq dayandırılması və qanunsuz həbsləri ilə bağlı məhkəməyə şikayət etdilər. Lyublino Rayon Məhkəməsi və Moskva Şəhər Məhkəməsi şikayəti rədd etdikdən sonra onlar 2007-ci ilin iyun ayında AİHM-ə müraciət etdilər.

AİHM «Krupko və başqaları Rusiyaya qarşı» adlı işlə bağlı 2014-cü il 26 iyun tarixli qərarında bildirdi: «Məhkəmə ardıcıl olaraq belə qənaətə gəlib ki, hətta hakimiyyət nümayəndələri ictimai görüşün keçirilməyi ilə bağlı dəqiq məlumatlandırılmadığı və iştirakçılar ictimai asayişi pozmadığı hallarda polis əməkdaşlarının dinc toplantıları dağıtması “demokratik cəmiyyətdə tələb olunan tədbir” kimi qiymətləndirilə bilməz... Bu qərarı küçədə səs-küylə yox, toplantı zalında sakit şəkildə keçirilən və ictimai asayişi pozduğu sübut olunmayan bu dini mərasimə aid etməyə güclü əsas var. Hökumət nümayəndələri qabaqcadan məlumatlandırılmadıqları üçün toplantını qeyri-qanuni hesab etsələr də, silahlı polis dəstəsinin müdaxiləsi və ardınca şikayətçilərin üç saat həbsdə saxlanılması ictimai asayişin qorunması üçün görülən tədbirlərə uyğun gəlmir».

Bu, Yehovanın Şahidlərinin hüquqlarını pozduğu üçün Rusiya dövlətinə qarşı çıxarılan dördüncü qərar idi. «Kuznetsov və başqaları Rusiyaya qarşı» adlı işlə bağlı 2007-ci il tarixli qərarında AİHM bildirmişdi ki, Çelyabinsk şəhərinin yerli hökumət nümayəndələri kar və zəif eşidən Yehovanın Şahidlərinin ibadət görüşünə qanunsuz olaraq müdaxilə etmiş və bununla Rusiya dövləti Konvensiyanı pozmuşdur. Moskva Şəhər Prokurorluğu Yehovanın Şahidlərinin Moskvadakı hüquqi şəxsinin fəaliyyətini dayandırdığına və qadağan etdiyinə görə AİHM 2010-cu ildə «Yehovanın Şahidlərinin Moskva İcması Rusiyaya qarşı» adlı məhkəmə işində Rusiya dövlətinin əleyhinə qərar çıxarmışdı. Sankt-Peterburq Şəhər Prokurorluğu məxfi tibbi məlumatları tələb etdiyinə görə AİHM 2013-cü ildə «Avilkina və başqaları Rusiyaya qarşı» adlı məhkəmə işində Rusiya dövlətini şəxsi həyata hörmət hüququnu pozmaqda ittiham etmişdi.

 

AİHM-in bu qərarları bir daha göstərir ki, Rusiya hökumət nümayəndələri Yehovanın Şahidlərinin Rusiyadakı fəaliyyətinə mane olmaqla Rusiya Federasiyasının Konstitusiyası və Konvensiya tərəfindən təmin edilən azadlığı pozmuşdur.