2 Padşahlar 21:1—26
21 Mənəssə+ taxta çıxanda on iki yaşında idi və əlli beş il Yerusəlimdə hakimiyyət sürdü.+ Anasının adı Həfsiba idi.
2 Mənəssə Yehovanın bəyənmədiyi pis işlər gördü, Yehovanın İsrail xalqının önündən qovduğu xalqların iyrənc işlərini təkrar etdi.+
3 O, atası Hizqiyyənin dağıtdığı+ səcdəgahları bərpa etdi, İsrail padşahı Əhəb kimi, Baal üçün qurbangahlar tikdi, Aşera bütləri düzəltdi,+ səma ordusuna səcdə qılıb qulluq etdi.+
4 Yehovanın «adımı Yerusəlimdə yaşadacağam» dediyi yerdə,+ Yehovanın məbədində qurbangahlar tikdi.+
5 O, Yehovanın məbədinin iki həyətində+ bütün səma ordusuna qurbangahlar tikdi.+
6 Oğlunu odda yandırdı, sehrbazlıq etdi, fala baxdı,+ cindarlar, baxıcılar təyin etdi.+ Yehovanın bəyənmədiyi mənfur işlər görüb Onu təhqir etdi.
7 Mənəssə düzəltdiyi Aşera oyma bütünü+ məbədə qoydu. O məbədə ki, onun haqqında Yehova Davuda və oğlu Süleymana demişdi: «Bu məbəd və İsrail qəbilələrinin şəhərləri arasından seçdiyim Yerusəlim həmişəlik adımı daşıyacaq.+
8 Əgər israillilər onlara verdiyim buyruqlara, qulum Musanın verdiyi Qanuna dəqiqliklə əməl etsələr,+ bir də onları əcdadlarına verdiyim ölkədən didərgin salmayacağam».+
9 Ancaq onlar qulaq asmadılar. Mənəssə onları yoldan çıxardı, onları Yehovanın israillilərin önündən yox etdiyi xalqlardan+ da betər işlərə sürüklədi.
10 Yehova peyğəmbərləri vasitəsilə deyirdi:+
11 «Yəhuda padşahı Mənəssə bütün bu mənfur işləri gördüyü üçün, özündən qabaq yaşayan amorilərdən+ də beşbetər davrandığı üçün,+ iyrənc bütlərilə Yəhudanı günaha sürüklədiyi üçün
12 İsrailin Allahı Yehova belə deyir: “Yerusəlimlə Yəhudanın başına elə bəla gətirəcəyəm ki,+ eşidənlərin iki qulağı da cingildəyəcək.+
13 Səməriyyəni+ ölçdüyüm ölçü ipi+ ilə Yerusəlimi də ölçəcəyəm, Əhəb evi üçün işlətdiyim tarazı* onun üçün də işlədəcəyəm,+ kasanı necə silib üzüstə qoyurlarsa, Yerusəlimi də elə siləcəyəm.+
14 İrsimdən qalanları atacağam,+ onları düşmən əlinə verəcəyəm. Düşmənlər onları talan edib əsir aparacaq.+
15 Çünki bəyənmədiyim pis işlər gördülər, əcdadları Misirdən çıxandan bu günədək Məni təhqir etdilər”».+
16 Mənəssə Yehovanın bəyənmədiyi pis işlər görərək Yəhudanı günaha sürükləməkdən əlavə, çoxlu günahsız qan tökdü, Yerusəlimi qana qərq elədi.+
17 Mənəssənin qalan işləri, bütün etdikləri, günahları Yəhuda padşahlarının tarixi kitabında yazılmışdır.
18 Mənəssə ata-babalarına qovuşdu, onu sarayındakı bağda, Üzza bağında dəfn etdilər.+ Oğlu Amun onun yerinə taxta çıxdı.
19 Amun+ taxta çıxanda iyirmi iki yaşında idi və iki il Yerusəlimdə hakimiyyət sürdü.+ Onun anası yütbəli Xəruzun qızı Məsəlimət idi.
20 Amun atası Mənəssə kimi, Yehovanın bəyənmədiyi pis işlər gördü,+
21 atasının yolu ilə getdi, atasının ibadət etdiyi iyrənc bütlərə səcdə qılıb ibadət etdi.+
22 O, ata-babalarının Allahı Yehovadan üz döndərdi, Yehovanın yolu ilə getmədi.+
23 Amunun əyanları sui-qəsd qurub onu öz evində öldürdülər.
24 Amma xalq Amun padşaha sui-qəsd quranların hamısını öldürdü və oğlu Yuşiyyəni onun yerinə taxta çıxardı.+
25 Amun padşahın qalan işləri, bütün etdikləri Yəhuda padşahlarının tarixi kitabında yazılmışdır.
26 Onu Üzza bağındakı qəbrində dəfn etdilər.+ Oğlu Yuşiyyə+ onun yerinə taxta çıxdı.
Haşiyələr
^ Yaxud şaqulu.