Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Xoşbəxtlik gətirən həqiqi iman

 Bölmə 3

Həyatı yaxşılaşdıran faydalı məsləhətlər

Həyatı yaxşılaşdıran faydalı məsləhətlər

TUTAQ Kİ, yaşadığınız əraziyə təzə həkim təyin olunub. Ola bilsin, əvvəlcə siz onun yanına getməyə ehtiyat edəcəksiniz. Ancaq onun dost-tanışlarınızdan kiməsə köməyi dəydiyini və onların sağlamlığının xeyli dərəcədə yaxşılaşdığını biləndə siz də onun yanına getmək qərarına gəlməyəcəksinizmi?

Müqəddəs Yazıları müəyyən mənada bu həkimlə müqayisə etmək olar. Bəzi insanlar bu yazılara müraciət etməyə tərəddüd edirdilər. Lakin orada olan müdrik məsləhətləri tətbiq edəndə həyatları xeyli dərəcədə dəyişdi. Gəlin bəzi nümunələri nəzərdən keçirək.

Ailə problemlərinin həlli

«Yenicə ailə həyatı quranda ərim Həbib * mənə qarşı çox etinasız idi, — deyə Səriyyə xatırlayır. — Mən hirsimdən qışqırıb-bağırır, onu təhqir edir, əlimə keçəni üstünə atır, hətta vururdum. Bəzən o dərəcədə özümdən çıxırdım ki, huşumu itirirdim.

Həbib Müqəddəs Kitabı öyrənməyə başlayanda mən onu ələ salırdım. Lakin öyrənmə zamanı o biri otaqdan gizlicə qulaq asırdım. Bir gün onlar Müqəddəs Kitabdan bir ayə oxuyarkən eşitdim: “Qoy arvadlar Ağaya tabe olur kimi, ərlərinə tabe olsunlar, ...ər[lər]inə dərin hörmət bəsləsin[lər]” (Efeslilərə 5:22, 33). Bu sözlər ürəyimə təsir etdi. Allaha yalvarırdım ki, ərimi söyüb təhqir etdiyimə görə məni bağışlasın. Yaxşı arvad olmağım üçün dua edib kömək diləyirdim. Tezliklə biz Müqəddəs Kitabı birlikdə öyrənməyə başladıq».

Həbib və Səriyyə

Müqəddəs Kitabda həmçinin deyilir: «Ər arvadını öz bədənini sevdiyi kimi sevməlidir» (Efeslilərə 5:28). Səriyyə davam edir: «Bu şeyləri öyrənməyimiz hər ikimizə təsir etdi. O, işdən gələndə mən ona çay gətirməyə və onunla mülayim danışmağa başladım. Həbib də, öz növbəsində, mənə qarşı daha nəvazişli idi və həmişə ev işlərində mənə kömək etməyə çalışırdı. Hər ikimiz də çalışırıq ki, bir-birimizə qarşı xeyirxah, şəfqətli olaq və bir-birimizi ürəkdən bağışlayaq (Efeslilərə 4:32). Bunun sayəsində, bir-birimizə məhəbbətimiz və hörmətimiz artıb. İndi biz 40 ildən çoxdur ki, xoşbəxt ailə həyatı sürürük. Allahın Kəlamının müdrik məsləhətləri nikahımızı xilas etdi!»

 Qəzəbi cilovlamaq

Tayib deyir: «Mən özümdən tez çıxır, dalaşır və başqalarını silahla hədələyirdim. Həmçinin arvadım Zöhrəni döyürdüm, hətta elə vururdum ki, yerə sərilirdi. Çoxları məndən qorxurdu.

Zöhrə və Tayib hər axşam birlikdə Allaha dua edirlər

Bir gün mən İsanın sözlərini oxudum: “Sizə yeni bir əmr verirəm: bir-birinizi sevin. Mən sizi sevdiyim kimi, siz də bir-birinizi sevin” (Yəhya 13:34). Bu mənə güclü təsir bağışladı və mən o andan dəyişmək qərarına gəldim. Daxilimdə qəzəb yarandığını hiss edəndə sakitləşmək üçün Allaha dua edib Ondan kömək istəyirdim. Dərhal qəzəbim soyuyurdu. Həyat yoldaşımla mən Efeslilərə 4:26, 27 ayələrindəki məsləhəti tətbiq edirik: «Qəzəblənsəniz də günah işləməyin; qoy hirsiniz gün batmamış soyusun, İblisə fürsət verməyin». Biz hər axşam birlikdə Müqəddəs Kitabı oxuyur və bizə kömək etməsi üçün Allaha dua edirik. Bu, gün ərzində baş vermiş gərginliyi aradan qaldırır və bizi bir-birimizə yaxınlaşdırır.

İndi məni hamı sülhpərvər insan kimi tanıyır. Həyat yoldaşımla uşaqlarım məni sevir və hörmət edirlər. Hal-hazırda çoxlu dostlarım var və mən özümü Allaha yaxın hiss edirəm. Mən sözün əsil mənasında xoşbəxtəm».

Narkotik düşkünlüyünün öhdəsindən gəlmək

Qalib

Qalib deyir: «Mən avara gənclərə qoşulmuşdum. Çoxlu siqaret çəkirdim və gecələri sərxoş halda küçələrdə sərilib qalmaq məndə adət halını almışdı. Həmçinin qeyri-qanuni narkotikdən — marihuana və ekstazidən həm istifadə edir, həm də satırdım. Onları gülləkeçirməyən jiletimin altında gizlədirdim. Bu qədər sərt görünməyimə və davranmağıma baxmayaraq, qorxu içində yaşayırdım.

Sonra bir nəfər mənə Müqəddəs Kitabdan növbəti ayələri göstərdi: “Oğlum,  təlimimi unutma... Onlar ömrünü uzadar, həyatına illər, firavanlıq artırar” (Süleymanın məsəlləri 3:1, 2). Mən uzun ömür və dinc həyat arzulayırdım. Eləcə də oradan belə sözlər oxudum: “Əzizlərim, bizə verilmiş vədlərin müqabilində gəlin bədəni və ruhu murdarlayan hər şeydən özümüzü təmizləyək və Allah qorxusu ilə tam müqəddəsliyə yetişək” (2 Korinflilərə 7:1). Beləliklə, narkotik maddələrdən istifadə etməyi tərgitdim, pis dostlarımla əlaqəmi kəsdim və Allaha xidmət etməyə başladım.

Artıq 17 ildir ki, narkotikdən canımı qurtarmışam. İndi mənim xoşbəxt ailəm, gözəl dostlarım var, vicdanım isə təmizdir. Artıq sərxoş halda küçələrdə yox, gecə çarpayımda rahat yatıram».

Milliyyətçilik ruhuna üstün gəlmək

«Yeniyetmə yaşlarında cinayətkarlıqla məşğul olurdum və qurbanlarımın çoxu nifrətlə yanaşdığım başqa millətlərdən olan insanlar idi», — deyə Harun adlı bir nəfər etiraf edir.

«Lakin müəyyən vaxtdan sonra Allahı axtarmağa başladım. Nəticədə, Müqəddəs Yazıları araşdıran bir qrupa rast gəldim. Orada əvvəllər nifrətlə yanaşdığım etnik qruplardan olan insanlar məni səmimiyyətlə salamlayırdılar! Həmçinin diqqət yetirdim ki, orada müxtəlif irqdən olan insanlar bir-birinə qaynayıb-qarışırlar. Bu, məni heyrətləndirdi! Sonra Müqəddəs Kitabda yazılan bu sözlərin mənasını başa düşdüm: “Allahımız ayrı-seçkilik etməyən Allahdır, hər xalqın içində Ondan qorxan və saleh həyat sürən adamı xoşlayır” (Həvarilərin işləri 10:34, 35).

Bu gün ürəyimdə heç kimə qarşı nifrət hiss etmirəm. Ən yaxşı dostlarım arasında əvvəllər nifrət etdiyim millətdən olan insanlar da var. Müqəddəs Kitab vasitəsi ilə Allah mənə başqalarını sevməyi öyrətdi».

Harun indi müxtəlif irqlərdən olan insanlarla ünsiyyət etməkdən məmnunluq duyur

Zorakılıqdan əl çəkmək

Mənsur adlı bir nəfər deyir: «Mən yeniyetmə olanda iki dəfə oğurluğa görə, bir dəfə isə bir nəfəri qəddarcasına döydüyümə görə həbsə düşmüşəm. Sonralar mən qiyamçı dəstəyə qoşuldum və çoxlu insanın həyatına bais oldum. Münaqişə və toqquşmalar bitdikdən sonra insanları soymaq  və məlumat almaq üçün hədə-qorxu gələn dəstəyə başçılıq etməyə başladım. Cangüdənlərim hər yerdə məni müşayiət edirdilər. Mən çox zorakı və təhlükəli insan idim.

Mənsur artıq zorakılıq etmir, indi ona Allahın Kəlamını öyrədən adam kimi hörmət edirlər

Bir gün növbəti ayələri oxudum: “Məhəbbət səbirli və xeyirxahdır. Məhəbbət paxıl deyil, lovğalanmır, yekəxanalıq etmir, nalayiq davranmır, öz xeyrini güdmür, əsəbiləşmir, ona edilən pisliyin hesabını tutmur” (1 Korinflilərə 13:4, 5). Bu sözlər mənə güclü təsir bağışladı. Mən başqa yerə köçdüm, Müqəddəs Kitabı öyrənməyə və onun məsləhətlərini həyatımda tətbiq etməyə başladım.

Artıq zorakılıqdan əl çəkmişəm. İndi mənə Allahın Kəlamını öyrədən bir adam kimi, hörmət edirlər. Mən mənalı ömür sürür və həyatımdan məmnunam».

Allahın Kəlamı qüdrətlidir

Bu və digər saysız-hesabsız nümunələr göstərir ki, «Allahın sözü canlı və qüdrətlidir» (İbranilərə 4:12). Onun məsləhətləri sadə, praktiki və təşviqedicidir.

Bəs Müqəddəs Kitab sizə də kömək edə bilərmi? Əlbəttə, qarşılışadığınız problemdən asılı olmayaraq, onun sizə böyük köməyi dəyə bilər: «Müqəddəs Yazılardakı hər kəlmə Allah tərəfindən ilhamlanmışdır və təlim, tənbeh, islah və salehlik yolunda tərbiyə üçün faydalıdır. Bunun sayəsində Allah bəndəsi tam səriştəli, hər cür yaxşı işə tamamilə hazır ola bilər» (2 Timoteyə 3:16, 17).

Buna görə də, gəlin Müqəddəs Kitabın əsas təlimlərindən bəzilərini nəzərdən keçirək.

^ abz. 6 Bəzi adlar dəyişdirilib.