Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Xoşbəxtlik gətirən həqiqi iman

 Bölmə 9

Hökmdar Məsih İsadan nə öyrənmək olar?

Hökmdar Məsih İsadan nə öyrənmək olar?

ALLAH Məsihi bütün xalqlar üçün hökmdar təyin edəcəyini qabaqcadan demişdi. O, bizim necə rəhbərə ehtiyacımız olduğunu yaxşı bilir, eləcə də bizim üçün ən yaxşı Hökmdarı seçib. Məsih necə Hökmdardır? Güclü sərkərdə, təcrübəli siyasətçi, yoxsa ağıllı filosof? Müqəddəs Kitaba əsasən, Məsih — İsa peyğəmbər idi və o, digər peyğəmbərlərin hamısından fərqlənirdi (Matta 23:10).

Allah İsanın kamil və müqəddəs insan kimi doğulmasının qayğısına qaldı. Üstəlik, İsa Şeytanın onu yoldan çıxartmaq üçün göstərdiyi bütün cəhdlərə qarşı durmuşdu. O, sözlərində və əməllərində mükəmməl surətdə Allahın gücünü, eləcə də ədalətini, müdrikliyini və məhəbbətini təzahür etdirmişdi. Gəlin görək, biz İsanın nümunəsindən nə öyrənə bilərik.

İsa başqalarından köməyini əsirgəmirdi

O, Allahdan aldığı gücdən başqalarına kömək etmək üçün istifadə edirdi. İsa, həqiqətən də, insanların qayğısına qalır və onların ehtiyacını ödəmək üçün gücünü əsirgəmirdi. Bir dəfə onun təlimlərinə qulaq asmağa gələn böyük izdihamı görüb dedi: «Camaata yazığım gəlir... Yeməyə də heç nələri yoxdur» (Mark 8:2). Sonra möcüzəli şəkildə onları yedizdirdi.

İsa həmçinin gəzib-dolaşır, öyrədir və «hər cür xəstəni və naxoşu sağaldırdı» (Matta 4:23). «Camaat ona toxunmağa çalışırdı, çünki ondan güc çıxır və onları sağaldırdı». Bu ayələrdən çoxlarının nəyə görə onun ardınca getməsinin səbəbi aydın olur (Luka 6:19). Həqiqətən də, İsa «ona görə gəlməyib ki, ona qulluq etsinlər, əksinə, o, xidmət etmək və bir çoxları uğrunda canını fidyə kimi vermək üçün gəlib» (Matta 20:28). Bu qədər fədakarlıq ruhu göstərən başqa rəhbər tanıyırsınızmı?

Həzrəti İsa uşaqları sevirdi

O, Allahın ədalətini əks etdirirdi. İsa Allahın qanununa dəqiqliyi ilə əməl edir və bu qanunların mahiyyətini dərk edirdi. Müqəddəs Kitabda peyğəmbərlik olunduğu kimi, o, sanki, belə deyir: «Ey Allahım, Sənin istəyinə əməl etmək mənə zövq verir, qanunun qəlbimdədir» (Məzmur 40:8). Allah kimi, İsa da hamıya — varlılara və yoxsullara, uşaqlara və böyüklərə — hörmət və ehtiramla, eləcə də qərəzsiz yanaşırdı. Bir dəfə İsanın şagirdləri uşaqlarını İsanın yanına gətirən valideynləri məzəmmət etmişdilər. Ancaq İsa dedi: «Qoyun uşaqlar yanıma gəlsinlər, onlara mane olmayın, çünki Allahın padşahlığı belələrinə məxsusdur» (Mark 10:14).

O, Allaha xas müdriklik təzahür etdirirdi. İsa insanlara anlayışla yanaşırdı. «O, adamların ürəyinə bələd idi» (Yəhya 2:25). Düşmənləri İsanı tutmaq üçün adam göndərəndə hətta onlar da etiraf etmişdilər: «Biz hələ ömrümüzdə görməmişik ki, kimsə belə danışsın». İsada bu müdriklik haradan idi? O, özü bunu belə izah etmişdi: «Verdiyim təlim mənim deyil, məni göndərənindir» (Yəhya 7:16, 46).

İsa mərhəmətlə xəstələri sağaldırdı

 O, Allahın məhəbbətini əks etdirirdi. İsa həmçinin insanlara qarşı mərhəmətli idi. Bir dəfə «başdan-ayağadək cüzam içində olan bir adam» ona yalvardı: «Ağa, əgər istəsən, məni təmizləyə bilərsən». İsanın ona yazığı gəldi, «əlini uzadıb ona toxundu və dedi: “İstəyirəm. Təmizlən”. Həmin andaca o adamın cüzamı keçdi» (Luka 5:12, 13; Mark 1:41, 42). İsa əzab-əziyyət içində olan bu yazıq adama, doğrudan da, kömək etmək istəyirdi.

Bəs İsa sizin də qayğınıza qalırmı? O, özü belə demişdi: «Ey bütün zəhmətkeşlər və yükü ağır olanlar, yanıma gəlin, mən sizə təravət verəcəyəm. Boyunduruğumu üzərinizə götürün və mənə baxıb öyrənin, çünki mən həlim və qəlbən təvazökaram. Onda canınız təravətlənər» (Matta 11:28, 29).

İsa arzu edə biləcəyimiz ən yaxşı Rəhbərdir. Mahiyyət etibarilə, o, bizi təşviq edir: «Məndən öyrənin». Bəs siz bu səmimi dəvəti qəbul edəcəksinizmi? Əgər qəbul etsəniz, bu, sizə xoşbəxtlik gətirəcək.