Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Xoşbəxtlik gətirən həqiqi iman

 Bölmə 7

Allahın peyğəmbərlər vasitəsilə verdiyi vəd

Allahın peyğəmbərlər vasitəsilə verdiyi vəd

QƏDİM zamanlarda peyğəmbərlər Allaha iman təzahür etdirirdilər. Onun vədlərinə inanır və həyatlarını ona əsasən qururdular. Allah onlara hansı vədləri vermişdi?

Adəmlə Həvva günah işlətdikdən dərhal sonra Allah vəd etdi ki, «ilan»la təmsil olunan «İblis və Şeytan adlanan böyük əjdaha»nın başından vuraraq onu əbədiyyən məhv edəcək bir Şəxs göndərəcək (Yaradılış 3:14, 15; Vəhy 12:9, 12). Görəsən, o Şəxs kim olacaq?

Bu ilk peyğəmbərlikdən təxminən 2000 il sonra Yehova Allah İbrahim peyğəmbərə vəd etdi ki, göndərəcəyi Şəxs onun nəslindən olacaq. Allah İbrahimə dedi: «Dünyanın bütün millətləri sənin nəslinin vasitəsilə xeyir-dua alacaq, çünki sən Mənim sözümə qulaq asdın» (Yaradılış 22:18).

Bizim eradan əvvəl 1473-cü ildə Allah Musa peyğəmbərə bu «övlad» barədə növbəti sözləri dedi: «Allahınız Rəbb sizin üçün aranızdan — öz soydaşlarınız içərisindən mənim kimi bir peyğəmbər yetirəcək. Ona qulaq asın» (Qanunun təkrarı 18:15). Musa kimi, bu peyğəmbər də İbrahimin övladları arasından gəlməli idi.

Həmçinin bu peyğəmbər Padşah Davudun nəslindən çıxmalı və böyük padşah olmalı idi. Allah Davud padşaha vəd etmişdi: «Belindən gələn övladını çıxaracağam və... onun şahlıq taxtını əbədi möhkəm edəcəyəm» (2 Şamuel 7:12, 13). Eləcə də Allah açıqladı ki, Davudun nəslindən gələcək  bu Şəxs «Əmin-amanlıq Hökmdarı olacaq». Onun «hakimiyyətinin və əmin-amanlığının artmasının sonu olmayacaq, o, Davudun taxtı və səltənəti üzərində hökm sürəcək, o, hakimiyyətini ədalətlə və salehliklə indidən əbədi olaraq quracaq» (Yeşaya 9:6, 7). Bəli, Allaha sadiq olan bu Hökmdar bütün dünyada sülhü və ədaləti bərqərar edəcək. Bəs o nə vaxt gələcək?

Vəd olunmuş «övlad» İbrahimin nəslindən gəlməli, Musa kimi, peyğəmbər olmalı, Davudun nəslindən gəlməli, eramızın 29-cu ilində peyda olmalı, ilanın — Şeytanın başını əzməli idi

Sonralar Cəbrayıl mələk Allahın peyğəmbəri olan Danielə belə bir xəbər gətirdi: «Bunu bil və anla: Yerusəlimi bərpa edib tikmək üçün verilən fərmanın çıxmasından məsh olunmuş hökmdara qədər yeddi yeddiillik dövr keçəcək. Altmış iki yeddiillik dövr ərzində Yerusəlim yenidən küçələr və xəndəklərlə tikiləcək, amma bu çətin vaxtlarda olacaq» (Daniel 9:25). Hər biri 7 ildən ibarət olan bu 69 yeddiillik dövr 483 ilə bərabərdir. Bu dövr bizim eradan əvvəl 455-ci ildə başlayıb, eramızın 29-cu ilində bitmişdir.

Doğrudanmı, Məsih — Musaya bənzər peyğəmbər və gözlənilən «övlad» — eramızın 29-cu ilində peyda oldu? Gəlin bunu nəzərdən keçirək.