Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Xoşbəxtlik gətirən həqiqi iman

 Bölmə 5

Allahın gözəl xüsusiyyətləri

Allahın gözəl xüsusiyyətləri

MÜQƏDDƏS KİTABDA Allahın bir çox gözəl xüsusiyyətlərindən bəhs edilir və bu xüsusiyyətlər Onu tanımağa kömək edir. Məsələn, Müqəddəs Yazılarda Allahın dörd əsas xüsusiyyəti — qüvvəsi, ədaləti, müdrikliyi və məhəbbəti haqqında bəhs edilir. Gəlin onları bir-bir nəzərdən keçirək.

Allahın hədsiz qüvvəsi

Allah qüdrətlidir

Yehova İbrahim peyğəmbərə dedi: «Külli-İxtiyar Allah Mənəm» (Yaradılış 17:1). Bəli, Onun gücü misilsiz, hədsiz və tükənməzdir. Allah Öz gücü vasitəsilə bütün Kainatı yaradıb.

Allah heç vaxt Öz gücündən sui-istifadə etmir, əksinə, ondan məqsədyönlü şəkildə istifadə edir və onun nəzarət altından çıxmasına yol vermir. O, Öz gücünü ədalət, müdriklik və məhəbbətlə mükəmməl surətdə tarazlaşdırır.

Yehova Öz gücündən sadiq xidmətçilərinin rifahı üçün əliaçıqlıqla istifadə edir. «Rəbbin gözləri yer üzünü seyr edir ki, ürəyi bütünlüklə Onunla olanları qüvvətləndirsin» (2 Salnamələr 16:9). Siz bu qüdrətli, eləcə də qayğıkeş Allaha yaxınlaşmaq istəməzdinizmi?

Allahın ədaləti

«Rəbb ədaləti sevir» (Məzmur 37:28). O, mükəmməl normalarına uyğun olaraq həmişə düzgün və ədalətli olanı edir.

Allah hamıya eyni gözlə baxır

Allah ədalətsizliyə nifrət edir. «O, tərəfkeşlik etməyən, rüşvət almayan... Allahdır» (Qanunun təkrarı 10:17). O, başqalarını incidənlərə qarşı çıxır və kimsəsizlərə, o cümlədən «dul qadına və yetimə» dayaq durur (Çıxış 22:22). Allah bütün insanlara eyni gözlə baxır. «Allahımız ayrı-seçkilik etməyən Allahdır, hər xalqın içində Ondan qorxan və saleh həyat sürən adamı xoşlayır» (Həvarilərin işləri 10:34, 35).

Yehovanın ədaləti mükəmməldir. O, həddən artıq üzüyumşaq və ya sərt deyil. O, tövbə etməyən günahkarları cəzalandırır, tövbə edənlərə isə mərhəmət göstərir. «Rəbb lütfkar və rəhmlidir, hədsiz səbirli və bol məhəbbətlidir. Həmişə töhmətləndirməz, qəzəbi sonsuza qədər sürməz. Bizimlə günahlarımıza görə davranmaz, təqsirlərimizin əvəzini çıxmaz» (Məzmur 103:8—10). Allah sadiq xidmətçilərinin xeyirxah əməllərini heç vaxt unutmur və onları mükafatlandırır. Sizcə, belə ədalətli Allaha etibar etməli deyilikmi?

Allahın müdrikliyi

Müqəddəs Yazılardan Allahın müdrikliyi görünür

Müqəddəs Kitabda Yehovanın müdriklik Mənbəyi olduğu göstərilərək deyilir: «Ey Allahın zənginlik və hikmət və elminin dərinliyi!» (Romalılara 11:33).  Onun müdrikliyi müqayisəyəgəlməz və sonsuzdur.

Allahın müdrikliyi Onun yaratdıqlarından görünür. Məzmurçu nida edərək deyirdi: «Ya Rəbb, əməllərin çoxdur! Hər birini müdrikliklə etmisən, yaratdıqların yer üzünü doldurub» (Məzmur 104:24).

Həmçinin Allahın müdrikliyi Onun Kəlamında əks olunur. Padşah Davud yazırdı: «Rəbbin qanunu kamildir, canı təzələyir, Rəbbin öyüdü etibarlıdır, nadanı müdrik edir» (Məzmur 19:7). Bir təsəvvür edin: Allahın sonsuz müdrikliyi sizə fayda gətirə bilər! Siz bu imkandan istifadə edəcəksinizmi?

«Allah məhəbbətdir»

Məhəbbət Allahın əsas xüsusiyyətidir. Müqəddəs Kitabda deyir ki, «Allah məhəbbətdir» (1 Yəhya 4:8). O, hər şeyi məhəbbətdən irəli gələrək edir.

Allah bizə məhəbbətini müxtəlif yollarla göstərir. O, bizə yaxşı şeylər bəxş edir. Müqəddəs Kitabda deyilir: «Özü haqqında daima şəhadət verirdi:  sizə yaxşılıq edərək göydən yağış yağdırır, bərəkətli mövsümlər və bol-bol qida verir, ürəyinizi şadlıqla doydururdu» (Həvarilərin işləri 14:17). Bəli, «hər bir gözəl bəxşiş və hər bir kamil hədiyyə yuxarıdan, səmavi nurların Atasından nazil olur» (Yaqub 1:17). Çoxlu dəyərə malik olan Müqəddəs Yazılar vasitəsilə Allah Özü haqqında həqiqəti açıqlayır və məhəbbət dolu qanun və prinsiplərini öyrədir. «Sənin sözün həqiqətdir», — deyə İsa dua edirdi (Yəhya 17:17).

Allahın yaratdıqlarını müşahidə edəndə Onun müdrikliyi bizdə dərin ehtiram hissi oyadır

Allah bizə sınaqlar zamanı da kömək edir. «Sən qayğı yükünü Rəbbə ver, qoy sənə dayaq olsun. O heç vaxt salehə sarsıntı verməz» (Məzmur 55:22). O, bizim günahlarımızı bağışlayır. «Sən, ey Xudavənd, xeyirxahsan, bağışlayan Sənsən, Səni səsləyənlərin hamısı üçün məhəbbətin boldur» (Məzmur 86:5). O hətta hər bir insana əbədi yaşamaq imkanı təklif edir. «Allah insanların gözlərindən bütün yaşları siləcək. Artıq nə ölüm, nə dərd, nə fəryad, nə də ağrı olacaq, çünki əvvəlki şeylər keçib getdi» (Vəhy 21:4). Siz Allahın məhəbbətinə necə hay verəcəksiniz? Qarşılıqlı olaraq siz də Onu sevəcəksinizmi?

Allaha yaxınlaşın

Dua etmək və Allahın xüsusiyyətləri üzərində düşünmək Ona yaxınlaşmağa kömək edir

Allah istəyir ki, siz Onu yaxından tanıyasınız. Onun Kəlamı təşviq edir: «Allaha yaxınlaşın, O da sizə yaxınlaşacaq» (Yaqub 4:8). Allah sadiq İbrahim peyğəmbərə «dostum» deyə müraciət etmişdi (Yeşaya 41:8). Yehova sizin də Onunla dost olmağınızı istəyir.

Allah haqqında daha çox öyrəndikcə, özünüzü Ona daha yaxın və xoşbəxt hiss edəcəksiniz. O adam xoşbəxtdir ki, «ancaq Rəbbin qanunundan zövq alar, gecə-gündüz bu təlimatı dərin düşünər» (Məzmur 1:1, 2). Buna görə də, Müqəddəs Yazıları araşdırmağa davam edin. Allahın xüsusiyyətləri və işləri barədə düşünün. Allaha olan məhəbbətinizi Onun haqqında öyrəndiklərinizi tətbiq etməklə göstərin. «Allahı sevmək Onun əmrlərinə riayət etmək deməkdir, Onun əmrləri isə ağır deyil» (1 Yəhya 5:3). Məzmurçu kimi Allaha dua edin: «Ya Rəbb, yollarını mənə göstər, ardınca getməyi mənə öyrət. Məni haqq yolu ilə apar, həqiqətini mənə öyrət. Məni qurtaran Allah Sənsən, daim Səni gözləyirəm» (Məzmur 25:4, 5). Onda anlayacaqsınız ki, Allah «heç birimizdən uzaq deyil» (Həvarilərin işləri 17:27).