Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Müqəddəs Kitab təlimləri

 Fəsil 16

Haqq yolda yeriyin

Haqq yolda yeriyin

1, 2. Hər kəs özünə hansı sualı verməlidir və nəyə görə?

MÜQƏDDƏS KİTABDAN öyrəndiniz ki, Allaha qulluq etdiyini iddia edən bir çox insanların inanc və əməlləri, əslində, Allaha məqbul deyil (2 Korinflilərə 6:17). Məhz buna görə Yehova Allah bizə «Böyük Babil»dən, saxta dindən çıxmağı buyurur (Vəhy 18:2, 4). Bəs siz hansı qərarı verəcəksiniz? Hər bir insan seçim qarşısındadır və hər kəs özündən soruşmalıdır: «Mən Allaha necə ibadət etmək istəyirəm: Allahın istədiyi kimi, yoxsa həmişə ibadət etdiyim kimi?»

2 Əgər siz saxta dini artıq tərk etmisinizsə, çox gözəl. Lakin, ola bilsin, ürəyinizin dərinliyində saxta dinlə əlaqəsi olan hansısa adət-ənənəyə hələ də bağlılıq var. Gəlin saxta dinlə əlaqəsi olan adət-ənənələrin bir neçəsini nəzərdən keçirək və görək nəyə görə onlara Allahın gözü ilə baxmalıyıq.

DİNİ TƏSVİRLƏR VƏ ÖLÜLƏRƏ SİTAYİŞ

3. a) Nəyə görə bəzi insanlara Allaha dini əşyalarsız ibadət etmək çətindir? b) Müqəddəs Kitabda ibadətdə təsvirlərin istifadə olunması barədə nə deyilir?

3 Bəzi insanların evlərində dini əşyalar və ibadət guşələri var, onlar uzun illərdir, bu şeylər vasitəsilə Allaha ibadət edirlər. Onların fikrincə, bunlar olmadan Allaha ibadət etmək mümkün deyil. Amma bir şeyi yadda saxlamaq lazımdır ki, yalnız Yehova Allah deyə bilər, bəndəsi Ona necə ibadət etməlidir. Müqəddəs Kitabda açıq-aydın yazılıb ki, Allah surət və təsvirlər  vasitəsilə edilən ibadəti qəbul etmir. (Çıxış 20:4, 5 ayələrini oxuyun; Zəbur 115:4—8; Əşiya 42:8; 1 Yəhya 5:21.)

4. a) Nəyə görə ölüləri razı salmağa çalışmaq mənasızdır? b) Nəyə görə Yehova Allah Öz xalqına ölülərlə əlaqə yaratmağı qadağan etmişdi?

4 Bəzi insanlar ölülərin ruhunu şad etmək üçün xeyli güc və vəsait sərf edirlər. Bəziləri qəbirləri ziyarət edib ölülərdən kömək istəyirlər. Bir sıra mədəniyyətlərdə isə, ölülərin ruhuna sitayiş olunur. Lakin əvvəlki fəsillərdən öyrəndiyimiz kimi, ölülərin bizə nə yaxşılığı, nə də pisliyi dəyə bilməz, həmçinin insan öləndən sonra heç yerdə yaşamır. Hətta ölülərlə əlaqə yaratmaq çox təhlükəlidir, çünki onlardan gələn «xəbərlər», əslində, cinlərdən qaynaqlanır. Məhz elə buna görə Yehova Allah qədimdə Öz xalqına ölülərlə əlaqə yaratmağı, falçılıqla, cadugərliklə, cindarlıqla və bu kimi şeylərlə məşğul olmağı qadağan etmişdi (Qanunun təkrarı 18:10—12; 2530-cu əlavələrə baxın).

5. İbadətdə dini əşyalardan istifadə etməkdən və ölülərlə bağlı adət-ənənələrdən əl çəkməyə nə kömək edə bilər?

5 Gördüyümüz kimi, ibadətdə dini əşyalardan istifadə etmək, ölülərlə bağlı adət-ənənələrə riayət etmək düzgün deyil. Bəs bunlardan necə əl çəkmək olar? Bunun üçün Müqəddəs Kitabı oxumaq və Yehova Allahın bu şeylərə necə yanaşdığı barədə yaxşı-yaxşı düşünmək lazımdır. Müqəddəs Kitabda yazılıb ki, Allah bu şeylərdən ikrah edir (Qanunun təkrarı 27:15). Hər gün Yehova Allaha dua edin ki, hər şeyə Onun gözü ilə baxmağa və Onun istədiyi kimi ibadət etməyə sizə kömək etsin (Əşiya 55:9). Əmin olun, Allah sizə saxta ibadətə aid hər şeydən azad olmaq üçün qətiyyət verəcək.

 YENİ İL VƏ NOVRUZ BAYRAMI

6. Yeni il bayramının kökü hara gedir?

6 Yeni il bayramı Müqəddəs Kitaba əsaslanmayıb. Bu bayramın kökü qədim Romaya gedib çıxır. Bir ensiklopediyada deyilir ki, Roma imperatoru Yuli Sezar eramızdan əvvəl 46-cı ildə yanvarın birini yeni təqvim ilinin birinci günü təyin etmişdi. Yanvarın birində Romada Yanus adlı yalan tanrının şərəfinə bayram qeyd edilirdi. Yanvar ayının adı da bu tanrının adından götürülüb. Romalılar inanırdılar ki, yanvarın birini şənliklə və bol süfrə arxasında qarşılayanların il boyu güzaranları xoş keçəcək («The World Book Encyclopedia»).

7. a) Novruz bayramının tarixi haqqında nə deyə bilərsiniz? b) Nəyə görə məsihilər Yeni il və Novruz bayramını qeyd etmirlər?

7 Bəs baharın gəlişi münasibətilə qeyd edilən Novruz bayramı haqqında nə demək olar? Alimlərin fikrincə, bu bayramın tarixi qədim Mesopotamiyadan başlayır. Bu bayram insanın təbiət qüvvələrinə sitayişini xarakterizə edirdi. Novruz sonralar Zərdüştlükdə özünə yer tapmışdır. Atəşpərəstlərin əsas bayramlarından biri olan Novruz yaz gecə-gündüz bərabərliyindən əvvəlki gecəyə təsadüf edir, qışın sonu, yazın başlanğıcı və əcdadların ruhunun yad edilməsi ilə bağlı qeyd edilirdi («Zərdüştlər İranda», E. A. Doroşenko). Məsihilər nə Yeni il, nə də Novruz bayramını qeyd etmirlər, çünki onlar hər şeydə Allahı razı salmaq istəyirlər.

AD GÜNLƏRİ

8, 9. Nəyə görə erkən məsihilər ad günü qeyd etmirdilər?

8 Ad günü keçirmək, demək olar ki, bütün xalqlarda adətdir. Bəs məsihilər ad günü keçirirlər? Müqəddəs Kitabda yalnız iki ad günü mərasimi barədə yazılıb və qeyd edək ki, bu mərasimləri Yehova Allaha ibadət etməyən  insanlar keçiriblər (Yaradılış 40:20; Mark 6:21). Qədimdə ad günü məclisləri saxta ilahların şərəfinə keçirilirdi. Məhz bu səbəbdən «erkən məsihilər ad gününün qeyd edilməsini bütpərəstlik adəti hesab edirdilər» («The World Book Encyclopedia»).

9 Çoxallahlılığa pərəstiş edən qədim romalılar və yunanlar inanırdılar ki, hər bir insanın qoruyucu ruhu var. Bu ruh insan doğulanda onun yanında olur və ömrü boyu onu qoruyur. Bir kitabda deyilir ki, guya «insan hansı allahın ad günündə doğulurdusa, onu qoruyan bu ruhla həmin allah arasında sirli əlaqə olurdu» («The Lore of Birthdays»).

10. Nəyə görə Allahın xidmətçiləri ad günü qeyd etməməlidirlər?

10 Necə düşünürsünüz, Yehova Allah kökü yalan dinə dayanan bayramları qəbul edir? (Əşiya 65:11, 12). Əlbəttə ki, yox. Buna görə də Allahın xidmətçiləri saxta dinlə əlaqəli olan bayramları qeyd etmir və ad günü keçirmirlər.

BAYRAMLARIN MƏNŞƏYİ NƏ DƏRƏCƏDƏ VACİBDİR?

11. Bəzi insanlar bayramları nəyə görə qeyd edirlər? İnsanın ən ümdə məqsədi nə olmalıdır?

11 Bəzi insanlar yeni ilin və digər bayramların mənşəyinin bütpərəstliyə söykəndiyini bilsələr də, bu bayramları yenə də qeyd edirlər. Buna belə səbəb gətirirlər ki, bayram ailə ilə birlikdə vaxt keçirmək üçün gözəl imkan yaradır. Siz də bu fikirdəsiniz? Təbii ki, ailə ilə vaxt keçirmək çox gözəldir. Ailəni Yehova Allah yaradıb və O istəyir ki, biz ailəmizin bütün üzvləri ilə yaxşı münasibət saxlayaq (Efeslilərə 3:14, 15). Amma bizim ümdə məqsədimiz Yehova Allahı razı salmaqdır, kökü saxta dinə dayanan bayramları qeyd edərək qohumlarımızı razı  salmaq yox. Elə bu səbəbdən Müqəddəs Kitabda yazılıb: «Rəbbə nəyin məqbul olduğuna daima əmin olun» (Efeslilərə 5:10).

12. Yehova Allah hansı bayramları bəyənmir?

12 Ola bilsin, kimsə fikirləşir ki, bayramın haradan yarandığı elə də əhəmiyyətli deyil, amma Yehova Allah belə fikirləşmir. O, yalan dindən yaranan, eləcə də insanı və milli atributları ucaldan bayramları bəyənmir. Məsələn, qədim misirlilər saxta allahlara həsr olunmuş çoxsaylı bayramlar qeyd edirdilər. İsraillilər Misir əsarətindən çıxandan sonra misirlilərin bütpərəst bayramlarından birini «Yehovaya həsr olunmuş bayram» adı ilə qeyd etmişdilər. Allah buna görə onları cəzalandırmışdı (Çıxış 32:2—10). Bəli, Əşiya peyğəmbər dediyi kimi, biz murdar şeylərə toxunmamalıyıq! (Əşiya 52:11 ayəsini oxuyun.)

NƏZAKƏTLİ OLUN

13. Bayramları keçirməmək qərarına gələndə sizdə hansı suallar yarana bilər?

13 Bu bayramları keçirməmək qərarına gələndə, ola bilsin, sizdə suallar yaranacaq: iş yoldaşlarım nəyə görə Yeni il bayramını qeyd etmədiyimi soruşanda nə cavab verim? Kimsə bayram münasibətilə hədiyyə verəndə nə edim? Həyat yoldaşım onunla bir yerdə bayramı qeyd etməyimi istəyəndə necə davranım? Ad günlərini və bayramları keçirməyəcəyimizə görə uşaqlarımın pis olmaması üçün nə edim?

14, 15. Kimsə sizi bayram münasibətilə təbrik edəndə və ya hədiyyə verəndə nə edə bilərsiniz?

14 Bu cür hallarda ən yaxşısı vəziyyətə uyğun davranmaqdır. Misal üçün, kimsə sizi bayram münasibətilə təbrik edəndə diqqət göstərdiyi üçün sadəcə «çox sağ ol» deyə bilərsiniz. Amma insan bayramı nəyə görə keçirmədiyinizi  soruşarsa, səbəbini izah etmək olar. Çalışın hər bir vəziyyətdə mehriban, nəzakətli və hörmətcil olasınız. Müqəddəs Kitabda deyilir: «Qoy sözləriniz həmişə duzlu, ürəkaçan olsun. Onda hər kəsə necə cavab verməyi biləcəksiniz» (Koloslulara 4:6). Həmçinin deyə bilərsiniz ki, sizə insanlarla vaxt keçirmək və hədiyyə vermək xoşdur, amma bunu məhz bayram münasibətilə etmək istəmirsiniz.

15 Bəs kimsə hədiyyə verəndə nə etmək lazımdır? Düzdür, Müqəddəs Kitabda bu barədə konkret göstəriş yoxdur, amma orada deyilir ki, vicdanımızı həmişə təmiz saxlamalıyıq (1 Timutiyə 1:18, 19). Məsələn, kimsə hədiyyəni bayram keçirmədiyinizdən xəbəri olmadığı üçün verə bilər. Başqası isə deyə bilər: «Bilirəm, bayram keçirmirsən, amma istəyərdim hədiyyəmi qəbul edəsən». Hər bir vəziyyətdə özünüz qərar verməlisiniz, hədiyyəni qəbul edəsiniz, ya yox. Əsas odur ki, vicdanınıza zidd davranmayasınız. Heç birimiz istəməzdik ki, Yehova Allahla münasibətimizə zərər vuran hərəkətə yol verək.

AİLƏ ÜZVLƏRİNİZƏ QARŞI MEHRİBAN OLUN

Yehova Allaha ibadət edənlər xoşbəxt insanlardır

16. Ailəniz bayram keçirmək istəyirsə, nə etməlisiniz?

16 Bəs ailəniz bayram keçirmək istəyirsə, nə etməlisiniz? Onlarla mübahisə etmək lazım deyil. Unutmayın ki, onların da qərar vermək ixtiyarı var. Onlara qarşı mehriban olun, onların sizin qərarınıza hörmətlə yanaşmasını istədiyiniz kimi, siz də onların qərarına hörmət edin. (Mətta 7:12 ayəsini oxuyun.) Bəs əgər ailəniz bayram vaxtı onlarla vaxt keçirməyinizi istəyirsə, onda necə? İlk növbədə, Yehovaya dua edin ki, düzgün qərar verəsiniz. Vəziyyəti götür-qoy edin, bu haqda məlumat axtarın. Unutmayın, əsas məqsəd Yehova Allahı razı salmaqdır.

17. Uşaqlarınız başqalarının bayram keçirdiyini görəndə pis olmasınlar deyə nə edə bilərsiniz?

 17 Uşaqlarınız başqalarının bayram keçirdiyini görəndə pis olmasınlar deyə nə edə bilərsiniz? Onları şənləndirmək üçün vaxtaşırı maraqlı nə isə təşkil edin, onlara hədiyyə alın. Amma yadda saxlayın ki, uşaqlar üçün ən gözəl hədiyyə sizin məhəbbətiniz və onlarla vaxt keçirməyinizdir.

HAQQ YOLDA YERİYİN

18. İbadət görüşlərində iştirak etmək nəyə görə vacibdir?

18 Yehova Allahın razılığını qazanmaq üçün həm saxta dindən, həm də ona aid olan adət-ənənə və bayramlardan uzaq durmalıyıq. Amma bu, kifayət deyil, biz həmçinin Allaha düzgün şəkildə ibadət etməliyik. Bunun üçün müntəzəm olaraq ibadət görüşlərində iştirak etməliyik. (İbranilərə 10:24, 25 ayələrini oxuyun.) Bu görüşlər ibadətin ayrılmaz hissəsidir (Zəbur 22:22; 122:1). İbadət görüşləri imkan yaradır ki, bir-birimizi Allahı razı salmağa həvəsləndirək, ruhlandıraq (Romalılara 1:12).

19. Müqəddəs Kitabdan öyrəndiyiniz həqiqətləri başqalarına danışmaq nəyə görə vacibdir?

19 Haqq yolda yerimək həmçinin Müqəddəs Kitabdan öyrəndiklərimizi insanlara danışmaq deməkdir. İnsanların çoxu bu gün dünyada baş verənləri görəndə dəhşətə gəlir (Hizqiyal 9:4). Ola bilsin, tanıdığınız insanların arasında da bu hissləri keçirənlər var. Onlara Allahın quracağı gözəl cənnət haqqında danışın. İbadət görüşlərinə gəldikcə və başqalarına Müqəddəs Kitabdakı həqiqətləri danışdıqca görəcəksiniz ki, ürəyinizdə saxta dinə və ona aid adət-ənənələrə heç bir bağlılıq qalmayıb. Allahı razı salan yolu tutsanız, əmin olun ki, xoşbəxt olacaqsınız, Yehova Allah sizə bol xeyir-bərəkət verəcək (Məlaki 3:10).