Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Müqəddəs Kitab dünyasına səyahət

 DƏRS 54

Yehova Yunusa səbir edir

Yehova Yunusa səbir edir

Aşşurun Neynəva şəhərinin camaatı yaman pisdir. Buna görə də Yehova peyğəmbəri Yunusa tapşırır ki, Neynəvaya gedib oranın camaatını pis əməllərindən tövbə etməyə səsləsin. Ancaq Yunus Neynəvaya yox, Tarşişə gedən gəmiyə minib, əks istiqamətə qaçır.

Gəmi dənizin ortasında olanda şiddətli fırtına qalxır. Dənizçiləri vahimə bürüyür. Onlar öz allahlarına dua edib soruşurlar: «Niyə başımıza bu iş gəldi?» Axırda Yunus dillənir: «Günahkar mənəm. Mən Yehovanın tapşırığını yerinə yetirməkdən boyun qaçırdım. Məni dənizə atsanız, fırtına sakitləşəcək». Dənizçilər Yunusu suya atmaq istəmirlər. Ancaq Yunus onları dilə tutur. Onlar Yunusu dənizə atırlar. Elə o andaca fırtına sakitləşir.

Yunus düşünür ki, axırı çatıb. O, dənizin dibinə endikcə Yehovaya dua edir. Sonra Yehova nəhəng bir balıq göndərir. Balıq Yunusu udur, ancaq Yunus ölmür. Yunus balığın qarnında dua edir: «Söz verirəm, bundan sonra Sənin sözündən çıxmayacağam». Yehova Yunusu balığın qarnında üç gün qoruyur. Sonra balıq Yunusu sahilə qaytarır.

Yehovanın Yunusu xilas etməsi o deməkdir ki, daha onu Neynəvaya göndərməyəcək? Heç də elə deyil. Yehova təkrarən Yunusa deyir ki, Neynəvaya getsin. Bu dəfə o, Yehovanın  sözündən çıxmır. O, Neynəvaya gedib oranın camaatına deyir: «40 gündən sonra Neynəva məhv olacaq». Bilirsən, bu zaman nə baş verir? Camaat Yehovaya qulaq asıb pis əməllərindən əl çəkir. Neynəva padşahı xalqa deyir: «Allahı çağırıb tövbə edin. Bəlkə, Onun bizə yazığı gələr». Yehova onların tövbə etdiyini görüb Neynəvanı məhv etmək fikrindən daşınır.

Yunus şəhərin məhv olmadığını görüb əsəbiləşir. Fikir verirsən, Yehova Yunusa səbir edir və ona mərhəmət göstərir, ancaq Yunusun Neynəva camaatına yazığı gəlmir. O, şəhərdən kənarda balqabaq bitkisinin kölgəsində bikef oturur. Birdən bitki quruyur. Yunus çox əsəbiləşir. Buna görə də Yehova ona deyir: «Sən bu bitkiyə neynəvalılardan daha çox dəyər verirsən. Mən onlara rəhm edib sağ saxladım». Buradan nə bəlli olur? Neynəvalılar hansısa bitkidən daha dəyərlidir.

«Yehova... sizə səbir edir, çünki heç kəsin məhv olmasını istəmir, əksinə, istəyir ki, hamı tövbəyə gəlsin» (2 Butrus 3:9)