Yuşiyyə səkkiz yaşında Yəhuda padşahı olur. Həmin ərəfələrdə xalq sehrbazlıqla məşğul olub, bütlərə sitayiş edirdi. 16 yaşı olanda Yuşiyyə Yehovaya düzgün şəkildə ibadət etməyi öyrənir. 20 yaşına çatanda ölkədəki bütün bütləri, qurbangahları dağıdır, 26 yaşında isə məbədi təmir etdirir.

Baş kahin Xilqiyyə məbəddə Yehovanın Qanunu yazılmış tumar tapır. Çox yəqin ki, tumarı Musa peyğəmbər yazıb. Padşahın katibi Şafan tumarı Yuşiyyəyə aparır və Qanunu ucadan oxuyur. Yuşiyyə bunları eşidəndə başa düşür ki, xalq uzun illərdir Yehovaya itaət etmir. O, Xilqiyyəyə deyir: «Yehova bizə çox qəzəblənib. Gedin və Onunla danışın. Yehova nə etməli olduğumuzu bizə deyəcək». Yehova Hülda peyğəmbər vasitəsilə deyir: «Yəhuda xalqı məni tərk edib. Onları cəzalandıracağam. Ancaq Yuşiyyənin dövründə yox, çünki o, Mənim önümdə özünü aşağı tutdu».

Yuşiyyə bu xəbəri eşidəndə məbədə gedir, xalqı da məbədə çağırır. Sonra o, Yehovanın qanunlarını xalqın qarşısında ucadan oxuyur. Yuşiyyə və xalq söz verir ki, bütün ürəkləri ilə Yehovaya tabe olacaqlar.

Yəhuda xalqı uzun illərdir ki, Pasxa bayramını qeyd etmirdi. Ancaq Yuşiyyə Pasxa bayramı ilə bağlı qanunu oxuyanda xalqa  deyir: «Biz Yehova üçün Pasxa bayramını keçirəcəyik». Sonra Yuşiyyə çoxlu qurbanlar gətirir və məbəddə xor təşkil edir. Bununla da xalq Pasxa bayramını, sonra isə yeddi gün davam edən Mayasız çörək bayramını qeyd edir. Bu Pasxa bayramı İşmuilin dövründə qeyd edilən Pasxaya bənzəmir. Yuşiyyə, doğrudan da, Yehovanın qanunlarını sevir. Sən də Yehova haqda öyrənməkdən sevinc duyursan?

«Sözün addımlarıma çıraq, yollarıma işıqdır» (Zəbur 119:105)