Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Müqəddəs Kitab dünyasına səyahət

 DƏRS 40

Davud və Calut

Davud və Calut

Yehova Allah İşmuil peyğəmbərə deyir: «Yəssənin evinə get. İsrailin növbəti padşahı onun oğullarından biri olacaq». Buna görə də İşmuil Yəssənin evinə gedir. O, Yəssənin böyük oğlunu görəndə fikirləşir: «İsrailin padşahı elə bu gəncdir». Ancaq Yehova Allah İşmuilə bildirir ki, onu padşah seçməyib. Yehova ona söyləyir: «Mən insanın xarici görünüşünə yox, ürəyinə baxıram».

Yəssə digər altı oğlunu da İşmuilin yanına gətirir. Ancaq İşmuil deyir: «Yehova onların heç birini seçməyib. Başqa oğlun var?» Yəssə cavab verir: «Bir də kiçik oğlum var. Adı Davuddur. O, çöldə qoyun otarır». Davud gələndə Yehova İşmuilə deyir: «Bu odur!» İşmuil Davudun başına yağ çəkib, onu İsrailin növbəti padşahı təyin edir.

Bir müddət sonra israillilər filiştlilərlə döyüşürlər. Filiştlilərin arasında Calut adlı nəhəng döyüşçü olur. Calut hər gün israilliləri lağa qoyur. O qışqırır: «Mənimlə döyüşmək üçün qarşıma adam çıxarın. O, məni məğlub etsə, biz sizin qulunuz olacağıq, yox əgər mən onu məğlub etsəm, siz bizim qulumuz olacaqsınız».

Davud orduda xidmət edən qardaşlarına yemək gətirmək üçün İsrail qoşununun düşərgəsinə gəlir. O, Calutun sözlərini eşidib deyir: «Mən onunla döyüşəcəyəm!» Talut padşah isə ona deyir: «Sən hələ çox  balacasan». Davud cavab verir: «Yehova mənə kömək edəcək».

Talut zirehlərini Davuda geyindirməyə çalışır, ancaq Davud deyir: «Mən bu zirehlərlə döyüşə bilmərəm». Davud sapandını götürüb, çaya enir. O, beş hamar daş seçib, kisəsinə qoyur. Sonra Davud Calutun üstünə qaçır. Calut qışqırır: «Gəl, balaca. Mən səni göyün quşlarına və vəhşi heyvanlara yem edəcəyəm». Davud bu sözlərdən qorxmur. O da qışqıraraq cavab verir: «Sən mənim üstümə qılıncla, nizə ilə gəlirsən, ancaq mən sənin üstünə Yehovanın adı ilə gəlirəm. Sən bizə qarşı yox, Allaha qarşı döyüşürsən. Buradakı hər kəs görəcək ki, Yehova qılıncdan, nizədən çox güclüdür. O, hamınızı bizə təslim edəcək».

Davud sapandına daş qoyub, var gücü ilə fırladaraq atır. Yehovanın köməkliyi ilə daş Calutun alnının ortasına dəyir. Beləcə, o yerə sərilib ölür. Filiştlilər qaçıb canlarını qurtarırlar. Sən də, Davud kimi, Yehovaya güvənirsən?

«Bu, insan üçün mümkün deyil, Allah üçünsə mümkün olmayan şey yoxdur» (Mark 10:27)