Kontentə keç

Mündəricatı göstər

Yehovanın Şahidləri

Dili seçin Azərbaycan

 DƏRS 33

Rut və Naimə

Rut və Naimə

İsraildə qıtlıq başlayır. Buna görə də Naimə adlı israilli qadın əri və iki oğlu ilə birgə Muaba köçür. Bir müddət sonra Naimənin əri ölür. Onun oğulları Rut və Orpa adlı muablı qızlarla evlənirlər. Təəssüf ki, bir müddət sonra Naimənin oğulları da ölür.

Naimə eşidir ki, İsraildə xalq daha aclıq çəkmir. Buna görə də geri qayıtmaq qərarına gəlir. Rut və Orpa onunla birgə gedirlər, ancaq yarı yolda Naimə onlara deyir: «Siz oğullarım üçün yaxşı həyat yoldaşı, mənim üçün isə yaxşı gəlin oldunuz. İstəyirəm siz yenidən ərə gedəsiniz. Muaba qayıdın». Onlar isə deyirlər: «Səni çox istəyirik! Səndən ayrılmaq istəmirik». Naimə onları dilə tutub geri göndərmək istəyir. Axırda Orpa geri qayıdır, ancaq Rut qalır. Naimə ona deyir: «Orpa öz xalqının və allahlarının yanına qayıdır. Sən də onunla get». Ancaq Rut deyir: «Səni tərk etməyəcəm. Xalqın xalqım olacaq, Allahın Allahım». Səncə, Naimə Rutun bu sözlərini eşidəndə hansı hissləri keçirir?

Rut və Naimə İsrailə çatanda arpa biçini təzə başlayır. Bir gün Rut başaq yığmaq üçün Rahabın oğlu olan Buəzin zəmisinə gedir. Buəz eşidir ki, Rut Naiməyə sadiq qalan həmin muabi qadındır. O, işçilərinə deyir ki, Rutun yığması üçün dərzlərin arasından əlavə sünbül çəkib qoysunlar.

 Həmin axşam Naimə Rutdan soruşur: «Bu gün kimin zəmisində işləmisən?» Rut cavab verir: «Buəz adlı bir kişinin zəmisində işləmişəm». Naimə ona deyir: «Buəz ərimin qohumudur. Digər qadınlarla birgə onun tarlasında işlə. Orada heç kim səni incitməz».

Biçin vaxtı qurtarana qədər Rut Buəzin zəmisində işləyir. Buəz fikir verir ki, Rut zəhmətkeş və çox yaxşı qadındır. O dövrdə qadının əri ölərdisə və oğlu olmazdısa, o, ərinin qohumu ilə evlənməli idi. Buna görə də Buəz Rutla evlənir. Onların Abid adlı oğulları olur. Abid sonralar padşah olan Davudun babası olur. Naimənin rəfiqələri ona gözaydınlığı verirlər. Deyirlər: «Əvvəlcə Yehova sənə xeyir-dua olaraq Rutu verdi, sonra da nəvə payı verdi. Yehovaya alqış olsun».

«Dost var, qardaşdan yaxındır» (Məsəllər 18:24)