Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Müqəddəs Kitab dünyasına səyahət

 DƏRS 22

Qırmızı dənizdə baş verən möcüzə

Qırmızı dənizdə baş verən möcüzə

Çox keçməmiş firon israillilərin Misirdən çıxdığını eşidir. O, fikrini dəyişir. Firon əsgərlərinə əmr edir: «Bütün döyüş arabaları hazır olsun. Onların arxasınca düşürük! Gərək onları buraxmazdıq». Firon və adamları israilliləri təqib edir.

Yehova gündüz bulud, gecə isə od dirəyindən istifadə edərək Öz xalqını aparır. O, xalqı Qırmızı dənizə gətirir və deyir ki, dənizin yaxınlığında düşərgə salsınlar.

Birdən israillilər firon və ordusunun dallarınca düşdüyünü görürlər. Onlar çıxılmaz vəziyyətə düşürlər. Bir tərəflərində Qırmızı dəniz, o biri tərəflərində isə Misir ordusu. Onlar Musa peyğəmbərə qışqırırlar: «Biz burada öləcəyik! Gərək bizi Misirdən çıxarmazdın». Amma Musa onlara deyir: «Qorxmayın. Görün Yehova sizi necə xilas edəcək». Musa, doğrudan, Yehovaya güvənirdi?

Yehova israillilərə deyir ki, düşərgəni yığsınlar. Həmin axşam Yehova misirlilərlə israillilər arasına bulud sütunu qoyur. Misirlilər tərəf qaranlıq, israillilər tərəf isə işıqlı olur.

 Yehova Allah Musaya deyir ki, əlini dənizə uzatsın. Sonra Yehova bütün gecəni güclü külək əsdirir. Dəniz iki yerə bölünür və ortasından yol açılır. İsraillilər su divarları arasından quru yol ilə gedir.

Fironun qoşunu həmin quru yolla milyonlarla israillinin arxasınca düşür. Sonra Yehova Allah misirlilərin arasına çaxnaşma salır. Arabaların təkərləri yerindən çıxır. Əsgərlər qışqırırlar: «Gəlin buradan gedək! Yehova onlar üçün döyüşür».

Yehova Musaya deyir: «Əlini dənizin üzərinə uzat». Musa əlini uzadanda divar kimi duran sular Misir qoşunun üstünə qayıdır. Firon və bütün qoşunu ölür. Onlardan heç biri sağ qalmır.

Dənizin o biri tərəfində olan böyük izdiham Allaha nəğmə oxuyur: «Yehovanın şəninə nəğmə deyirəm, zəfər çalıb yüksəklərə ucaldı. Atı da, atlını da dəryada batırdı». Xalq nəğmə oxuyur, qadınlar da rəqs edir, qaval çalırlar. Tamamilə azad olduqları üçün hamı çox sevinir.

«Buna görə də biz cəsarətlə deyirik: “Yehova dayağımdır, əsla qorxmaram. İnsan mənə nə edə bilər?!”» (İbranilərə 13:6)