Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Müqəddəs Kitab dünyasına səyahət

 DƏRS 16

Əyyub peyğəmbərin həyatı

Əyyub peyğəmbərin həyatı

Uz diyarında Yehovanın mömin bir bəndəsi yaşayır. Onun adı Əyyubdur. Əyyub çox varlıdır. Onun böyük ailəsi var. O, xeyirxah insandır. Kasıblara, dul qadınlara və yetim uşaqlara əl tutur. Bəs mömin həyat sürən Əyyubun heç bir problemi yoxdur?

Şeytan Əyyubu müşahidə edir, amma Əyyubun bundan xəbəri olmur. Bir gün Yehova Şeytana deyir: «Qulum Əyyuba fikir verdin? Yer üzündə onun kimi insan yoxdur. O, mənim sözümə qulaq asır». Şeytan Yehovaya cavab verir: «Əyyub sənə qulaq asar da. Onu qoruyursan, ona xeyir-bərəkət verirsən. Ona torpaq, heyvan vermisən. Hər şeyini əlindən al. Onda o, Sənə ibadət etməyəcək». Yehova deyir: «Əyyubu sına. Ancaq onu öldürmə». Yehova nəyə görə istəyir ki, Şeytan Əyyubu sınasın? O, Əyyubun səhv etməyəcəyini sübut etmək istəyir.

Şeytan Əyyubu sınamaq üçün başına çoxlu bəlalar gətirir. Əvvəlcə o, səbalıları göndərir ki, Əyyubun mal-qarasını və eşşəklərini oğurlasınlar. Sonra alov Əyyubun sürüsünü məhv edir. Kəldanilər isə onun dəvələrini oğurlayır, heyvanlara baxan nökərlərini öldürürlər. Sonra növbəti fəlakət baş verir. Bütün uşaqları bir yerdə olanda tufan evi onların başına uçurur. Əyyubun ürəyi paralanır, amma o, yenə də Yehovaya sadiq qalır.

Şeytan istəyir ki, Əyyub daha çox əzab çəksin. Buna görə də o, Əyyubun bədəninə yaralar salır. Əyyubun  canı çox ağrıyır. O, başına gələnlərin səbəbini bilməsə də, Yehovadan üz döndərmir. Allah bütün bunları görür və Əyyubdan çox razı qalır.

Daha sonra Şeytan Əyyubu sınamaq üçün yanına üç nəfər göndərir. Onlar Əyyuba deyir: «Günahın olmasa, başına bu işlər gəlməzdi. Bu, Allahın cəzasıdır». Əyyub dillənir: «Mən günah iş görməmişəm». Amma Əyyub sonradan bu problemlərin arxasında Yehova durduğunu və ona qarşı haqsızlıq etdiyini düşünür.

Əlihu adlı bir gənc sakitcə onların söhbətinə qulaq asır. Sonra isə belə deyir: «Hamınız səhv danışırsınız. Yehova Allahın ucalığı, əzəməti ağlasığmazdır. O, heç vaxt pislik etməz. Yehova hər şeyi görür və köməyə ehtiyacı olan insanları darda qoymur».

Bir müddətdən sonra Yehova Allah Əyyubla danışır. Yehova Əyyuba deyir: «Mən yeri, göyü yaradanda sən harada idin? Sən ədalətimə şəkk edirsən? Baş verənlərin səbəbini bilmədən danışırsan». Əyyub səhvini başa düşür. O deyir: «Mən səhv elədim. Sənin haqqında eşitmişdim, ancaq indi Səni daha yaxşı tanıyıram. Sən hər şeyə qadirsən. Dediyim sözlərə görə məni bağışla».

Sınaqlar qurtaranda Yehova Əyyubu sağaldır, itirdiyi şeylərin iki qatını ona verir. Əyyub uzun və firavan ömür sürür. O, çətin sınaqlar qarşısında belə, Yehovaya sadiq qaldığı üçün Yehova onun başından bərəkət yağdırır. Bəs sən başına nə gəlirsə gəlsin, Əyyub kimi, Yehova Allaha sadiq qalacaqsan?

«Siz Əyyubun dözümü haqqında eşitmisiniz və Yehovadan gələn nəticəni görmüsünüz» (Yaqub 5:11)