Kontentə keç

Mündəricatı göstər

Yehovanın Şahidləri

Dili seçin Azərbaycan

 DƏRS 95

Onları heç nə susdura bilmir

Onları heç nə susdura bilmir

Gəzə bilməyən bir adam məbədin qapısının qarşısında oturub dilənir. Bir dəfə günorta vaxtı o, Butrusun və Yəhyanın məbədə girdiyini görür. Onlara deyir: «Nə olar, mənə nəsə verin». Butrus deyir: «Mən sənə puldan daha yaxşı bir şey verəcəyəm. İsanın adı naminə ayağa qalx və gəz!» Sonra Butrus ona ayağa qalxmağa kömək edir və o yeriməyə başlayır! Camaat bu möcüzəni görəndə heyrətlənir. Daha çox insan imana gəlir.

Ancaq kahinlər və saddukilər buna qəzəblənirlər. Onlar həvariləri tutub məhkəməyə gətirirlər və soruşurlar: «O adamı sağaltmaq üçün gücü sizə kim verib?» Butrus cavab verir: «Biz bu gücü sizin öldürdüyünüz İsa Məsihdən almışıq». Din rəhbərləri qışqırırlar: «Bir daha İsa haqda danışmayın!» Ancaq həvarilər deyirlər: «Biz onun haqda danışmalıyıq. Biz susan deyilik».

Butrusla Yəhya həbsdən azad olan kimi digər şagirdlərin yanına gedib başlarına gələnləri onlara danışırlar. Onlar bir yerdə dua edib Yehovadan xahiş edirlər: «Nə olar, işini görə bilmək üçün bizə cəsarət ver». Yehova onlara müqəddəs ruhunu verir və onlar təbliğ etməyə, xəstələri sağaltmağa davam edirlər. Getdikcə həvarilərin danışdıqlarına iman gətirənlərin sayı artır. Saddukilər paxıllıqlarından həvariləri tutub zindana salırlar. Ancaq gecə vaxtı Yehova mələyini göndərir. Mələk zindanın qapılarını açıb həvarilərə deyir: «Məbədə geri qayıdın, orada təlim verin».

Növbəti gün səhər din başçılarının məhkəməsi olan Sinedrionda xəbər verilir: «Zindan hələ də bağlıdır, ancaq tutduğunuz insanlar qaçıblar! Onlar məbəddə insanlara təlim verirlər!» Həvariləri yenidən tutub Sinedriona gətirirlər. Baş kahin deyir: «Sizə əmr  etmişdik ki, İsa haqda danışmayasınız!» Ancaq Butrus cavab verir: «Biz insanlara yox, hökmdarımız Allaha itaət etməliyik».

Din rəhbərləri o qədər qəzəblənirlər ki, həvariləri öldürmək istəyirlər. Ancaq Qəmlail adlı bir fərisi ayağa qalxıb deyir: «Yaxşı-yaxşı düşünün! Bəlkə, Allah bu insanlarladır. Doğrudanmı, Allahla dalaşmaq istəyirsiniz?» Onlar onun məsləhətinə qulaq asırlar. Həvariləri dəyənəklə döyəndən sonra onlara təbliğ etməməyi bir daha əmr edirlər. Daha sonra isə onları azad buraxırlar. Ancaq bu, həvariləri dayandırmır. Onlar məbəddə və ev-ev xoş xəbəri cəsarətlə təbliğ etməyə davam edirlər.

«Biz insanlara yox, hökmdarımız Allaha itaət etməliyik» (Həvarilərin işləri 5:29)