Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Müqəddəs Kitab dünyasına səyahət

 DƏRS 91

İsa Məsih dirilir

İsa Məsih dirilir

İsa Məsih öləndən sonra Yusif adlı varlı bir adam onun cəsədini dirəkdən düşürtmək üçün Pilatdan icazə alır. Yusif onun bədənini ətirli otlarla birlikdə zərif parçaya büküb təzə sərdabəyə qoyur. O, sərdabənin girişinə böyük bir daş yuvarlayır. Böyük kahinlər Pilata deyirlər: «Biz qorxuruq ki, İsanın şagirdlərindən bəziləri gəlib onun cəsədini apararlar. Sonra da deyərlər ki, o dirilib». Buna görə də Pilat onlara deyir: «Sərdabəni möhürləyin və oranı qoruyun».

Üç gündən sonra səhər tezdən bir neçə qadın sərdabəyə gəlib görür ki, kimsə daşı kənara yuvarlayıb. Sərdabənin içində bir mələk onlara deyir: «Qorxmayın, İsa dirilib. Gedib şagirdlərinə çatdırın ki, onu Cəlilədə qarşılasınlar».

Məcdəlli Məryəm cəld Butrusla Yəhyanın yanına qaçır. O, onlara deyir: «Kimsə İsanın cəsədini götürüb». Butrus və Yəhya cəld sərdabəyə qaçır. Görəndə ki, sərdabə boşdur evlərinə geri qayıdırlar.

Məryəm yenidən sərdabəyə gedəndə görür ki, içəridə iki mələk var. O, mələklərə deyir: «Bilmirəm Ağamı hara aparıblar». Sonra bir kişi görür. Məryəm elə bilir ki, o bağbandır və ona deyir: «Ağa, nə olar, onu hara apardığını mənə de». Ancaq kişi onu: «Məryəm!» — deyə çağıranda o başa düşür ki, həmin adam İsadır. Məryəm ağlayaraq: «Müəllim», — deyib, onu qucaqlayır. İsa ona deyir: «Get qardaşlarıma de ki, məni görmüsən». Məryəm dərhal şagirdlərin yanına qaçıb onlara İsanı gördüyünü deyir.

Bir neçə saat sonra şagirdlərdən ikisi Yerusəlimdən İmmasa gedir. Yolda bir nəfər onlara qoşulur. O, onlardan nə haqda danışdıqlarını soruşur. Onlar cavab verirlər: «Eşitməmisən? Üç gün əvvəl böyük kahinlər İsanı öldürtdülər. İndi də bəzi qadınlar deyirlər ki, o sağdır!» Həmin adam soruşur: «Peyğəmbərlərə  inanmırsınız? Onlar demişdilər ki, Məsih öləcək, sonra isə diriləcək». O, onlara Müqəddəs Yazıları izah etməyə davam edir. İmmasa çatanda şagirdlər həmin adama onlarla getməyi təklif edirlər. Yemək vaxtı o, çörəyi götürüb dua edir. Həmin an şagirdlər başa düşürlər ki, o İsadır. Daha sonra İsa gözdən itir.

Həmin iki şagird cəld Yerusəlimə, həvarilərin yığışdığı evə gedir və başlarına gələnləri onlara danışırlar. Onlar evdə olarkən İsa Məsih onlara görünür. Əvvəl-əvvəl həvarilər onun İsa olduğuna inanmırlar. Sonra İsa Məsih deyir: «Əllərimə baxın; mənə toxunun. Axı yazılmışdır ki, Məsih diriləcək».

«Yol, həqiqət və həyat mənəm. Mənim vasitəçiliyim olmadan heç kəs Atanın yanına gələ bilməz» (Yəhya 14:6)