Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Müqəddəs Kitab dünyasına səyahət

 DƏRS 85

İsa Məsih şənbə günü xəstə bir adamı sağaldır

İsa Məsih şənbə günü xəstə bir adamı sağaldır

Fərisilər İsa Məsihə nifrət edirlər, buna görə də onu tutmaq üçün bəhanə axtarırlar. Onlar deyirlər ki, İsa şənbə günü heç bir xəstəni sağaltmamalıdır. Bir dəfə şənbə günü İsa Məsih küçədə dilənən kor bir adam görür. O, şagirdlərinə deyir: «Görün Allahın gücü sayəsində bu insan necə sağalacaq». İsa Məsih yerə tüpürür, tüpürcəklə palçıq düzəldir və palçığı kor adamın gözlərinə sürtür. Sonra ona deyir: «Get, Şilam hovuzunda gözlərini yu». Həmin adam gedib gözlərini yuyur və gözləri görür.

Onu görən camaat heyrətə gəlir. Onlar deyirlər: «Bu həmin kor dilənçidir, yoxsa ona oxşayır?» Həmin adam dillənir: «Mən anadangəlmə kor idim!» Camaat ondan soruşur: «Bəs necə oldu ki, gözlərin açıldı?» O, baş verənləri onlara danışır, camaat da onu fərisilərin yanına aparır.

O, fərisilərə deyir: «İsa gözümə palçıq sürtdü və dedi ki, gedim gözlərimi yuyum. Mən də onun dediyi kimi etdim və gözlərim gördü». Fərisilər isə deyir: «Əgər İsa şənbə günü adam sağaldırsa, deməli, ondakı güc Allahdan deyil». Ancaq digər adamlar etiraz edirlər: «Onun gücü Allahdan olmasa idi, o, xəstələri sağalda bilməzdi».

 Fərisilər dilənçinin atası ilə anasını çağırıb onlardan soruşurlar: «Necə oldu ki, oğlunuzun gözləri açıldı?» Onlar cavab verməyə qorxurlar, çünki fərisilər demişdilər ki, kim İsaya iman gətirsə, sinaqoqdan qovulacaq. Buna görə də valideynləri deyir: «Biz bilmirik, özündən soruşun». Fərisilər dilənçini sual atəşinə tuturlar. Axırda o dillənir: «Mən hər şeyi sizə danışmışam, niyə yenə soruşursunuz?» Fərisilər çox əsəbiləşirlər və onu oradan qovurlar.

İsa Məsih həmin dilənçini tapır və ondan soruşur: «Məsihə iman edirsən?» Dilənçi cavab verir: «Onun kim olduğunu bilsəm, iman edərəm». İsa deyir: «Məsih mənəm». İsa Məsih onu sağaltmaqla yanaşı, həm də kömək edir ki, ona iman gətirsin.

«Siz yanılırsınız, çünki nə Müqəddəs Yazılardan, nə də Allahın qüdrətindən xəbəriniz yoxdur» (Mətta 22:29)